III MƏQALƏ
Tarixi gerçək və ədəbi cərəyanlar
Elmi təfəkkürün dövrləşdirilməsində tarixi reallıqlarla ideyanın konseptuallaşması arasındakı bağlantılar prinsipial rol oynamalıdır. Təklif olunan nümunədə həmin bağlantıların ana xəttini azərbaycançılığın təşkil etməsi ideyası mövcuddur. Yəni təfəkkürün dövrləşdirilməsində istiqamətverici, məzmunlaşdırıcı, məqsədyönlülüyü təminedici və konseptual hüdudları müəyyənedici rolu azərbaycançılıq oynamalıdır.
Əlbəttə, elmi əsaslandırma baxımından asan mövzu deyildir. Lakin bu elə bir nəzəri-konseptual modeldir ki, onun prizmasında tarixi mərhələlərdə elmi və bədii təfəkkürün təkamül dinamikasını sistemləşdirmək mümkündür. Həm də bu prosesdə bütün koqnitiv, metodoloji, dünyagörüşü “əməliyyatlar” azərbaycançılıq fonunda qiymətləndirilməlidir.
Bu cür yanaşmanın faydası nədən ibarətdir? Əsas fayda elmi, fəlsəfi, bədii, tarixi, kulturoloji təfəkkürün çox müxtəlif faktorlarının azərbaycançılığın işığında dərk edilməsinin təminidir. Burada başlıca metodoloji xüsusiyyət bütövlükdə təfəkkürü xarakterizə edən çoxsaylı parametrlər sahəsindən azərbaycançılığa aid olan faktorlara istinad etməkdən ibarətdir. Bu anlamda söhbət mütləq həqiqətdən deyil, mövcud alternativlər çeşidindən birinə üstünlük verməkdən ibarətdir. Təbii ki, burada müəyyən məhdudlaşdırma məqamı, konkret istiqamətə yönəltmə məntiqi və məqsədi vardır.
Lakin bu, ümumiyyətlə, insan təfəkkürü üçün xarakterikdir – elə bir idraki mövqe yoxdur ki, mütləq universallığı təmin etsin. Təfəkkür hər bir situasiyada fəlsəfi-elmi xarakteristikasına görə seçimə əsaslanır və bu mənada diskurs əmələ gətirir.
Belə alınır ki, azərbaycançılığa üstünlük vermək konkret koqnitiv, sosial, ideoloji və kulturoloji hədəfləri seçmək deməkdir. Bu hədəflər müstəqil dövlətin strateji inkişafına maksimum dərəcədə elmi töhfə vermək, cəmiyyətin tamlığı və bütövlüyü üçün yararlı olan ideyaları konseptuallaşdırmaq və bunun işığında bütövlükdə humanitar elmi təfəkkürü Azərbaycan üçün motivə etmək məqamları ilə sıx bağlıdır. Bu, stratejidə azərbaycanlı şüuru və humanitar təfəkkürünü dövlətçiliyə, milliliyə, davamlı inkişafın mədəni, mənəvi-əxlaqi aspektlərinə bağlamağa nail olmağa dəvətdir.
Bütün bunlara görə, təfəkkürün dövrləşdirilməsinə hər bir tarixi mərhələnin şərtlərindən meydana gələn ədəbi cərəyanların xüsusiyyətləri prizmasında nəzər salmaq ciddi əhəmiyyət kəsb edir. Aydındır ki, bu cür yanaşma çərçivəsində həmin xüsusiyyətlərin filoloji təhlili bədii təfəkkürü azərbaycançılıq kontekstində dərk etməyə faydalıdır. Eyni məntiqlə azərbaycançılıq kontekstində humanitar təfəkkürün bütün növlərinə fəlsəfi yanaşma əhəmiyyətlidir.
Çünki bu üsulla elmi təfəkkürün bütün formalarının qarşılıqlı əlaqəsində problemin fəlsəfi təhlilinə baş vurmağın mənası vardır. Bu istiqamətdə təhlili davam etdirmək daha ümumi, mücərrəd və terminoloji baxımdan qəliz məqamlara baş vurmağı tələb edir. Həmin aspektə burada toxunmayaq. Əvəzində, azərbaycançılıq prizmasında bədii təfəkkürün dövrləşdirilməsində əsas yeri tutan bir elmi təsnifat üzərində qısa dayanaq.
Milli bədii təfəkkürün 10 inkişaf mərhələsi
Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələlərinin bir neçə maraqlı və əhəmiyyətli təsnifi nümunəsi mövcuddur. Onların sırasında bu mövzuya aid öncəki məqalədə vurğuladığımız dörd konseptual prinsip əsasında müəyyən edilmiş 10 inkişaf mərhələsini ehtiva edən təsnif nümunəsi də vardır. Həmin təsnif aşağıdakı tarixi mərhələləri ehtiva edir:
“1. Qədim dövr Azərbaycan ədəbiyyatı. Etnosdan eposadək (ən qədim dövrlərdən VII əsrə qədər).
2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər).
3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər).
4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər).
5. Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər).
6. Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü (XIX əsr).
7. Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda sovet hakimiyyətinədək).
8. Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü (1920-1960-cı illər).
9. Milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm (1960-1980-ci illər).
10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən)”. (İ.Həbibbəyli, Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri. Bakı, “Elm”, 2019, s.104).
Bu 10 mərhələnin hər birində azərbaycançılığın ifadəsi (qeyd olunan dörd konseptual prinsip fonunda) fəlsəfi baxımdan ayrıca araşdırılmalıdır. Çünki həmin təsnif üzrə hər bir mərhələdə azərbaycançılığın fəlsəfi məzmunu müəyyən edilsə, bir tərəfdən, bütövlükdə Azərbaycan humanitar təfəkküründə həmin aspektdə ümumiləşdirmələr aparmaq şansı yaranar, digər tərəfdən bu əsasda azərbaycançılığı konseptual prinsip kimi müasir mərhələdə azərbaycanşünaslığın inkişafında ölkənin strateji inkişaf kursu kontekstində nəzərə almaq imkanı genişlənər.
Vurğuladığımız bağlılıqda azərbaycançılığın I prinsipinin fəlsəfi anlamları üzərində dayanaq.
Milli birlik ideyaları
Bu prinsip ideya baxımından çox maraqlı məqamları özündə ehtiva edir. Bütövlükdə, ayrı-ayrılıqda “ərazi bütövlüyü”, “vahid Vətən”, “vətəndaş həmrəyliyi” və “milli birlik” ideyalar kimi müxtəlif kontekstlərdə təhlil edilmişdir. Onların ideya kimi ümumi semantik anlamları da məlumdur. Ancaq məsələ azərbaycanşünaslıq çərçivəsində azərbaycançılıq prinsipinin tərkib hissələri kimi qarşılıqlı münasibətlərdə olan anlayışlar qrupu kimi təqdim olunursa, situasiya xeyli dəyişir. Burada həm azərbaycançılığın prinsip kimi fəlsəfi anlamında “ərazi bütövlüyü”, “vahid Vətən”, “vətəndaş həmrəyliyi” və “milli birlik” ideyalarının semantik özəllikləri, həm də həmin kontekstdə funksional keyfiyyətləri ön plana çıxır.
Ərazi bütövlüyü
Nümunəyə baxaq. “Azərbaycançılığın I prinsipinin elementi kimi “ərazi bütövlüyü”nün fəlsəfi izahı necə ola bilər?” sualına cavab axtarmaq gərəkdir. Ərazi bütövlüyü coğrafi faktordur. Ancaq dövlətçilik, müstəqillik, ölkənin siyasi-coğrafi hüdudları kontekstlərində dərin ideya anlamı alır. Hazırda geosiyasi nəzəriyyəçilər, politoloqlar, filosoflar, tarixşünaslar ölkənin ərazi bütövlüyünün nəzəri obrazını tədqiq edirlər. Belə məlum olur ki, müasir mərhələdə hər bir ölkə üçün milli dövlətin kimliyində, onun real müstəqil olmasında əsas parametrlərdən biri kimi ərazinin bütövlüyünü götürürlər. Yəni ərazi bütövlüyü məsələsi müasir mərhələdə real müstəqil dövlətçiliyi müəyyən edən başlıca kriteriyalardan biri olaraq qəbul edilir. Onun fonunda suverenliyin hüquqi, siyasi və mənəvi hüdudları mənalandırılır.
Deməli, hər bir müstəqil dövlət üçün ərazi bütövlüyünün təmininə geosiyasi, siyasi, fəlsəfi və coğrafi anlamların ortaq semantik sahəsini yaratmağa yönəldən motivəedici prinsip olmalıdır. Məhz bu funksiyanı azərbaycançılığın prinsip (ideya və konsept) kimi yerinə yetirməsi tamamilə təbiidir. Azərbaycanda artıq bu məqamın praktiki ideya və ideoloji təcrübəsi də mövcuddur. Həmin təcrübə “milli ideya” anlayışının konkret məzmunu əsasında toplanmışdır. Biz nəyi nəzərdə tuturuq?
Ulu öndər Heydər Əliyev keçən əsrin 90-cı illərində Azərbaycanın müstəqil dövlət və azad cəmiyyət kimi milli ideyasını yığcam şəkildə belə müəyyən etmişdir: ərazi bütövlüyünün bərpası! Bu, tarixi baxımdan dövlətçilik ənənəsinin ruhuna tam uyğun, müstəqillik kontekstində meydana gəlmiş zərurət, cəmiyyətin özünütəsdiqi aspektində isə əsas motivəedici ideya tapıntısı idi.
Bu məzmunda ərazi bütövlüyünün milli ideya kimi məzmunlaşdırılması və həyata keçməsi avtomatik olaraq cəmiyyətin azərbaycançılıq əsasında birliyinə gətirib çıxarmalı idi. Tarix bunun doğruluğunu sübut etdi! Azərbaycan dövləti, ölkəsi, xalqı, ordusu, vətəndaşları 44 günə dünyaya azərbaycançı və düzgün müəyyən edilmiş ideya motivasiyası sayəsində ərazi bütövlüyününü və suverenliyi təmin etməyə qadir olduqlarını göstərdilər.
Bununla müasir Avrasiya tarixində ilk dəfə olaraq bir müstəqil dövlətin identikliyində ərazi bütövlüyünün milli ideya vasitəsilə sosial-mənəvi, ideoloji və mədəni birliyə transformasiyası baş verdi. Fərdlər və kollektiv səviyyədə cəmiyyət ərazi tamlığını bütövlükdə cəmiyyətin tamlığının əsası kimi qəbul etdilər.
Bu prosesin fəlsəfi dərki Azərbaycan cəmiyyətinin siyasi-coğrafi anlamda ərazi bütövlüyünü azərbaycançılıq kontekstində sosial birliyə uğurla proyeksiya edə bilməsi ilə sıx bağlıdır. Çünki ərazinin siyasi-coğrafi bütövlüyünün fəlsəfi obrazının yaradılmasında aparıcı ideya, prinsip və konsept olaraq azərbaycançılıq çıxış etdi. Toplum ərazi bütövlüyünün siyasi və coğrafi obrazını Azərbaycanın birliyini təminetmə fonunda qəbul etmişdir.
Buradan azərbaycançılığın I prinsipinin elementi kimi “vahid Vətən” anlayışının fəlsəfi dərkinə keçə bilərik.
Vahid Vətən
Türk dövlətçilik ənənəsində özlüyündə coğrafi ərazi (torpaq) Vətən deyildir. Türklərin taleyi elə gətirmişdir ki, malik olduqları ideyaların feili həyata keçməsi ilə onun yaddaşa daxil olması sosial həyat tərzlərinin ana xəttini təşkil etmişdir. Yəni türk ideyasını o zaman əbədi özününkü (burada “əbədi” anlayışı təsadüfən işlədilmir, çünki türk qövmünün tarixən özünəxas Zaman anlamı olmuşdur və bu aspektdə tədqiqatlarlmız vardır–F.Q.) hesab etmişdir ki, onu praktiki həyat tərzində yaşamışdır. Yaşadığı torpağa (coğrafi əraziyə) də eyni məntiqlə münasibəti olmuşdur. Türk həmin ərazi uğrunda canını verə bildikdə, o torpaq qanı ilə yoğrulduqda ideala çevrilir. Həmin ideal böyük anlamda “Vətən”dir! Türklər bu dəyəri “torpaq uğrunda şəhid olan varsa, Vətəndir!” kimi ifadə etmişlər.
Söhbət Azərbaycanın Vətən kimi qəbul edilməsindən gedirsə, hər bir fərd azərbaycançı olmalıdır, yəni Azərbaycan uğrunda hətta şəhidliyə hazır olmalıdır. Bu o deməkdir ki, “vahid Vətən” anlamının ideya qaynağı və onun fəlsəfi obrazının yaradılmasının başlıca prinsipi azərbaycançılıqdır.
Əslində, fəlsəfi baxımdan “vahid Vətən” anlamı azərbaycançılığın etnik mənsubluq deyil, kimliyindən asılı olmayaraq vətəndaşın vətənsevərliyindən qaynaqlandığını ifadə edir. Bu mənada, kimlərinsə türklüklə azərbaycanlılığı qarşı-qarşıya qoymağa cəhd etməsi əsası olmayan boş işdir.
Azərbaycan bütövlükdə türk dövlətidir (bu, tarixi gerçəkliyin əbədi aksiomudur) və onun hər bir vətəndaşı üçün vahid Vətəndir! Türklük burada müəyyən etnik çoxluğun (dövlətqurucu qövmün) imtiyaza malik olmasını deyil, bütün cəmiyyət, ölkə və dövlət qarşısında birləşdirici rol oynamaq məsuliyyətini daşıdığını ifadə edir.
Türklük sosial, siyasi və ideoloji anlamda cəmiyyəti birləşməyə, Vətənin vahid olduğunu dərk etməyə motivə edən ideyadır. Bu mənada, türklük tələb edir ki, hər bir Azərbaycan vətəndaşı azərbaycançı olsun. Əsl türk azərbaycançı olandır. Ancaq azərbaycançı olmaq etnik baxımdan mütləq türk olmağı tələb etmir. Azərbaycançı üçün vahid Vətən anlamı öncəlik təşkil edir!
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

