Vaşinqton–Tehran: razılaşma həm var, həm də yoxdur

post-img

ABŞ və İran nümayəndələri Dohada Hörmüz boğazı ilə bağlı mübahisələri həll etmək üçün iyunun 30-dan etibarən hərbi əməliyyatları qarşılıqlı dayandırmaq və məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər. Bu barədə “Axios”un jurnalisti Barak Ravid özəl mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yüksək rütbəli ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton və Tehran bir-birinə zərbələr endirməmək barədə razılığa gəliblər. Çünki hər iki tərəf Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarını həll etməkdən ötrü çərşənbə axşamı Qətərin paytaxtında görüşməyi planlaşdırırlar.

“Axios”un mənbələrindən biri bildirib ki, tərəflər əvvəlcə çərşənbə axşamı İsveçrədə İran İslam Respublikasının nüvə proqramı üzrə gələcək fəaliyyətini müzakirə etmək üçün məsləhətləşmələr keçirməyi planlaşdırırdılar. Amma son günlər baş verən gərginliyə görə ABŞ və İran danışıqların yerini və əsas mövzusunu dəyişmək qərarına gəliblər. Ağ Evdəki mənbə onu da əlavə edib ki, məsləhətləşmələrdə ABŞ-ın texniki qrupunun rəhbəri Nik Stüart iştirak edəcək.

Əvvəl imtina, sonra razılaşma

Yeri gəlmişkən, bazar günü səhər saatlarında İran ölkəyə qarşı son hücumları və ABŞ-la “anlaşma memorandumunun yerinə yetirilməmiş şərtlərini” əsas gətirərək, həmin günə planlaşdırılan texniki danışıqlarda iştirakdan imtina etdiyini açıqlamışdı.

İran və Oman rəsmiləri Hörmüz boğazı üzrə birgə komitəsinin ilk iclasını Maskatda keçirərək, boğazın gələcək idarə olunması məsələsini müzakirə ediblər. Bu barədə bazar ertəsi İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib. O qeyd edib ki, səfər zamanı Omanın xarici işlər üzrə dövlət naziri Əbdüləziz Əl Hinai ilə görüşüb və boğazla bağlı cari məsələləri müzakirə edib. Qəribabadi bəyan edib ki, tərəflər Tehran və Vaşinqton arasında anlaşma memorandumunun 5-ci bəndinə uyğun olaraq boğazın gələcək idarə olunması ilə bağlı fikir mübadiləsi aparıblar.

Ərdoğan çağırış etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsi ilə bağlı tərəflərə çağırış edib. “Yaxın vaxtlarda Ukrayna münaqişəsinin həlli prosesində konkret nəticələrə nail olmaq olduqca vacibdir”. “Anadolu” agentliyi xəbər verir ki, bu sözlər Türkiyə liderinin çağırışında yer alıb.

“Xüsusilə vurğulamaq istərdim ki, qarşıdakı dövrdə biz Rusiya–Ukrayna müharibəsinin dialoq yolu ilə həllində nəticələr əldə etməliyik”, – deyə Türkiyə lideri bildirib. R.T.Ərdoğan, həmçinin bəyan edib ki, Türkiyə münaqişənin hər iki tərəfi ilə dialoqu davam etdirdiyi və onların etimadını qazandığı üçün Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasına fəal kömək etməkdə davam edəcək.

Bu arada Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının nümayəndələri ilə Ukrayna münaqişəsi, Cənubi Qafqaz, Yaxın Şərq və regional məsələlər üzrə əməkdaşlığı müzakirə edəcək. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbənin verdiyi məlumata görə, adıçəkilən mövzuları müzakirə etmək üçün bu gün Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas, genişlənmə üzrə Avropa komissarı Marta Kos və Avropa komissarı Maqnus Brunner Ankaraya gələcəklər.

XQ

Siyasət