TANAP – Azərbaycandan Türkiyəyə “mavi axın”

post-img

İndiyədək bu kəmərlə qardaş ölkəyə 40 milyard kubmetr qaz ixrac olunub

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan təbii qazın Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə Türkiyə ərazisinə nəqlinə başlanmasından 8 il ötür. 2018-ci il iyunun 30-da Gürcüstan sərhədini aşan Azərbaycan qazı Türkiyə ərazisinə daxil olub. Bundan bir qədər əvvəl, həmin ayın 12-də isə Türkiyənin Əskişəhər şəhərində Azərbaycan və Türkiyənin dövlət başçılarının iştirakı ilə boru kəmərinin birinci hissəsinin açılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

TANAP vasitəsilə kommersiya məqsədli qazın Türkiyəyə nəqlinə başlanılması XXI əsrin ən böyük enerji marşrutlarından sayılan Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində atılan mühüm addım, böyük tarixi hadisə idi. Çünki 2007-ci ildən istismara verilmiş Cənubi Qafqaz boru kəməri məhz TANAP vasitəsilə yoluna davam edərək Azərbaycan qazını Türkiyənin ucqar qərb nöqtələrinə qədər nəqli üçün imkan yaradıb.

Təsadüfi deyil ki, ölkələrimiz arasında enerji sahəsindəki əməkdaşlığın ənənəvi xarakter daşıdığını dəfələrlə bəyan edən dövlətimizin başçısı İlham Əliyev XXI əsrin nəhəng qaz ixracı layihəsinin əhəmiyyəti barədə danışarkən deyib: “TANAP layihəsi dünyada böyük səs salmışdır və dünyada enerji siyasətinin yenidən formalaşması istiqamətində atılan mühüm addımdır. Beynəlxalq aləmdə TANAP layihəsinə olan diqqət onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə olduğu kimi, lazım olan vaxtda birgə təşəbbüs göstərərək, bütün məsuliyyəti öz üzərinə götürərək bu böyük layihəyə start verdi. Ümid edirəm ki, yaxın beş ildə biz TANAP layihəsinin icrasına nail olacağıq və beləliklə, Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olacaqdır və eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcək”.

TANAP layihəsi Cənubi Qafqaz boru kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə Cənub Qaz Dəhlizinin mərkəzi və əsas hissəsi olan bir layihədir. Bu, həm də uzunluğuna və boruların diametrinə görə Yaxın Şərqdə inşa edilmiş ən böyük magistral qaz kəməridir. TANAP layihəsi Gürcüstan–Türkiyə sərhədindən başlayaraq CQBK sisteminə qoşularaq Türkiyə ərazisindən keçməklə Türkiyə–Yunanıstan sərhədində başa çatır. Daha sonra isə təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşdirilir.

Xatırladaq ki, TANAP layihəsi 2011-ci ildə həyata vəsiqə alıb. Növbəti ildə qaz kəmərinin tikintisi üzrə daha ciddi addımlar atılıb. Ümumilikdə isə, Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyan, “köhnə qitə”nin enerji xəritəsinin zənginləşdirilməsində mühüm rol oynayan TANAP layihəsi üzrə tikinti işlərinə, təqribən, 5 il vaxt sərf olunub. Azərbaycanı Avropa üçün əhəmiyyətli qaz ixracatçısına çevirən bu layihə üzrə tikinti işlərinə 6,5 milyard ABŞ dollarından artıq vəsait xərclənib. Dörd mərhələdə həyata keçirilən layihənin ilk mərhələsi 2018-ci ildə başa çatdırılıb.

Ötən müddətdə boru kəməri vasitəsilə, ümumilikdə, 99 milyard kubmetr yaxın qaz nəql edilib ki, bunun da, təxminən, 40 milyard kubmetri Türkiyəyə, qalan hissəsi isə Trans-Adriatik boru kəməri vasitəsilə Avropaya ixrac olunub. Göründüyü kimi, TANAP-ın istismara verilməsi ilə Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının tarixində yeni səhifə açılıb.

Cənub Qaz Dəhlizinin ən uzun hissəsi olan TANAP kəməri Türkiyənin şərqindən qərbinə qədər 1793 kilometr məsafə qət edir. Bunun da 1339 kilometri Gürcüstan–Türkiyə sərhədindən Əskişəhərədək, 454 kilometri isə Türkiyə–Yunanıstan sərhədinədək olan hissəni əhatə edir. Türkiyənin 20 vilayətindən keçən boru kəmərinin diametri quruda 56 və 48, dənizdə isə 36 düymdür. Ən yüksək hündürlüyü dəniz səviyyəsindən 2 min 700 metr təşkil edən TANAP-dan Türkiyənin qazpaylama sisteminə iki qol ayrılıb. Kəmər boyunca 12 təmizləyici tərtibatın buraxılma kamerası, eyni sayda təmizləyici tərtibatın qəbulu kamerası, 49 bağlayıcı armatur stansiyası, eləcə də 4 qaz sərfini ölçmə stansiyası quraşdırılıb.

Trans-Anadolu Qaz Boru Kəməri ilə ilkin mərhələdə ildə 16,2 milyard kubmetr qaz nəql olunub. Bununla belə, sonrakı illərdə kəmərin genişləndirilməsinə zərurət yaranıb. Bu amil nəzərə alınaraq 2023-cü ildə kəmərin illik nəqletmə gücü 23 milyard kubmetrə çatdırılıb. Bununla belə, 2026-cı ildə bu göstəricinin 32 milyard kubmetrə çatdırılması planlaşdırılır.

Genişləndirmə işləri isə qaz tələbatından asılı olaraq mərhələli şəkildə həyata keçirilir. Eyni zamanda, kəmərin nəqletmə gücünün artırılması üçün əlavə kompressor stansiyaları qurqaşdırılır. Bu infrastruktur dəyişikliyi Avropanın enerji təhlükəsizliyini təmin etmək və Azərbaycan qazının həcmini artırmaq məqsədi daşıyır.

Ümumilikdə isə, TANAP layihəsi regionda qarşılıqlı əməkdaşlığın növbəti təzahürüdür. Bu, iki qardaş, dost ölkə olan Azərbaycan və Türkiyənin birgə səyi və gücü ilə reallaşdırılan nəhəng enerji layihəsidir. Azərbaycan qazını Türkiyə ərazisi ilə Avropa bazarına çıxaran Trans Anadolu Boru Kəməri hər iki ölkənin iqtisadi gücünün daha da artırılmasına, bu sahədə tərəfdaşlıq münasibətlərinin bir qədər də möhkəmləndirilməsinə səbəb olub.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat