Dünən Bakıda “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda maarifləndirici məclis keçirilib. Dövlət qurumlarının, maliyyə sektoru nümayəndələrinin, finteç şirkətlərinin və ödəniş ekosisteminin iştirakçıları bir araya gələrək ölkədə rəqəmsal maliyyə xidmətlərinin inkişaf perspektivlərini, həyata keçirilən islahatları və gələcək hədəfləri müzakirə ediblər.
Rəqəmsal maliyyə gündəliyi ətrafında elektron ticarət sektoru üçün rəqəmsal ödəniş həllərinə həsr olunmuş sessiyada mövcud vəziyyət və gözlənilən yeniliklər barədə təqdimat edilib. Təqdimatçı Zeynal Kərimzadə elektron ticarət sahəsində rəqəmsal ödəniş həllərinin inkişaf istiqamətləri və perspektivləri haqqında məlumat verib. Tədbir çərçivəsində “Rəqəmsal maliyyə ekosisteminin inkişaf trendləri: Açıq bankçılıq, Ani Ödəniş Sistemi (AÖS), AZQR və kriptoaktivlər” mövzusunda panel müzakirəsi də keçirilib. Panelə Azərbaycan Mərkəzi Bankının nümayəndəsi Namiq Əliyev moderatorluq edib.
Bununla yanaşı, müzakirələrdə Mərkəzi Bankın nümayəndəsi Ramil Mahmudov, “PashaPay” şirkətinin nümayəndəsi İqbal Rüstəmov, Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri Tamerlan Rüstəmov və Rasim Xammədov çıxış edərək rəqəmsal maliyyə ekosisteminin inkişaf tendensiyaları, innovativ ödəniş həlləri, açıq bankçılıq, rəqəmsal ödəniş infrastrukturu və kriptoaktivlərin perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.
Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin direktor müavini Ramil Mahmudov bildirib ki, Mərkəzi Bankın hədəfi yalnız daxili bazarın inkişafı ilə məhdudlaşmır. Məqsəd həm də Azərbaycanın maliyyə xidməti göstərən qurumlarının xarici bazarlara çıxışını və beynəlxalq fəaliyyətini dəstəkləməkdir. Bu məqsədlə prioritet istiqamətlərdən biri transsərhəd (cross-border) ödənişlərin inkişafı və digər ölkələrin ödəniş sistemləri ilə inteqrasiyadır: “Yaxın gələcəkdə ilk növbədə Azərbaycanın ən çox ticarət apardığı və turist axınının yüksək olduğu ölkələrlə qarşılıqlı ödəniş inteqrasiyalarının qurulması nəzərdə tutulur. Perspektivdə Azərbaycanın regional ödəniş habına çevrilməsi potensialı da qiymətləndirilir. Bununla yanaşı, bu proses uzunmüddətli yanaşma tələb edir və innovasiyaların dəstəklənməsi, eləcə də yeni məhsul və xidmətlərin tətbiqi üçün müasir və adekvat normativ-hüquqi bazanın formalaşdırılması mühüm əhəmiyyət daşıyır”.
Digər tərəfdən, Azərbaycan Mərkəzi Bankının Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Fidan Tofidi isə bildirib ki, qəbul olunacaq kriptovalyuta haqqında qanun layihəsinə əsasən, kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar mütləq şəkildə Mərkəzi Bankdan lisenziya almalıdırlar. Onun sözlərinə görə, lisenziya almaq üçün kifayət qədər sərt və ciddi tələblər müəyyən edilib: “Həmin tələblərə cavab verməyən təşkilatlar lisenziya ala bilməyəcəklər. Lisenziya əldə etdikdən sonra isə onların fəaliyyətinə davamlı nəzarət həyata keçiriləcək. Bu istiqamətdə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması əsas prioritetlərdən biridir. Buna görə də Mərkəzi Bankın əsas məqsədi yalnız innovasiyaların təşviqi deyil, həm də maliyyə sabitliyinin və təhlükəsizliyin qorunmasıdır. Məhz bu səbəbdən qeyd olunan məsələlər həm qanun layihəsində, həm də sonradan qəbul ediləcək normativ qaydalarda öz əksini tapacaq”.
Qeyd edək ki, məclisin əsas məqsədi rəqəmsal maliyyə sahəsində həyata keçirilən yeniliklər barədə ictimai maarifləndirməni artırmaq, maliyyə bazarının iştirakçıları arasında əməkdaşlığı gücləndirmək və ölkədə innovativ maliyyə ekosisteminin inkişafına töhfə verməkdir.
XQ

