Paşinyan, xaricdəki erməni lobbisi və “Qarabağ hərəkatı”

post-img

Ermənistanın Baş naziri nəyin mesajını verir və…

“Buradan Birləşmiş Ştatlardakı erməni lobbisinə də müraciət edirəm. Onlar “Qarabağ hərəkatı”nı davam etdirməyi düşünürlər. Erməni xalqı isə “Qarabağ hərəkatı”nı davam etdirməyəcək. Biz bu istiqamətdə atılan bütün addımların qarşısını alacağıq”. Ermənistanın Baş naziri Nikol Paşinyanın bu fikri təkcə Amerika Erməni Milli Komitəsi (ANCA) başda olmaqla, ABŞ-ın erməni lobbi və diaspor təşkilatlarına deyil, eyni zamanda, ölkənin saxta hay təəssübü çəkən konqresmenlərinə tərs şapalaqdır. O konqresmenlərə ki, iyun ayı başlayandan anti-Azərbaycan motivli fəaliyyətlərini gücləndiriblər. O konqresmenlər ki, ANCA-nın onlara ayırdığı çirkli pullardan cuşa gələrək, sərsəm musiqilərini ənənəvi erməni avantürizminin notlarına kökləyiblər.

Həqiqətən, Baş nazir N.Paşinyan son dərəcə vacib məqama toxunur. O, yanaşmasını erməni cəmiyyətində populyar xəstəliyə nəzərən ortaya qoyur. Yanaşma isə budur: “...İnsanların arqumentləri tükənəndə kiməsə hücum etmək üçün Türkiyə və ya Azərbaycan deyirlər. Əvvəllər də bildirmişəm ki, təhqir etdiyinizi düşünərək mənə türk deməyin”.

ABŞ-dakı erməni lobbi və diaspor təşkilatlarının təmsilçiləri də Paşinyanı “türk” adlandırırlar. Bu cür deyimlərin, habelə, həmin təşkilatların hazırkı anti-Azərbaycan ritorikasının bir məqsədi var: Bakı-İrəvan sülh prosesini pozmaq. Məhz bu məqsədin müxtəlif təzahür formaları nəzərə çarpır ki, belə mənfi təmayüllər baxımından ən yaxşı təsviri elə Paşinyanın özü verir. Yəni onun ABŞ-dakı erməni lobbi və diaspor təşkilatlarının “Qarabağ hərəkatı”nı davam etdirmək istəklərindən söz açması təsadüf sayılmamalıdır.

Bəli, istər Birləşmiş Ştatların haypərəst konqresmenlərinin – Bred Şermanın, Tom Makklintokun, Judi Çunun və Laura Fridmanın son dövlərdəki “aktivliyinin”, istərsə də bu şəxslərin birgə təşəbbüsü ilə Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin müzakirəsinə çıxarılmış ermənipərəst qanunvericilik sənədlərinin qayəsində məhz bədnam “Qarabağ hərəkatı”nı “diriltmək” niyyəti dayanır. Paşinyan mətləbi, necə deyərlər, bəzəksiz-düzəksiz anladır, faktiki olaraq, ayının min oyununun bir armudun başında olduğunu açıqlayır.

Qeyd edək ki, “ayıların” oyunları özünü ən müxtəlif formada göstərməkdədir. Bu mənada, sözügedən konqres komitəsinin müzakirəsinə təqdim olunmuş “Diplomatik xidmət haqqında” qanuna “Azərbaycanı bütün erməni hərbi əsirlərini və siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağıran” müddəanın əlavəsi təşəbbüsündən tutmuş, Birləşmiş Ştatların 2027-ci maliyyə ili üçün “Milli Müdafiə Səlahiyyətləri Aktı”na və “Milli Təhlükəsizlik və Xarici Əməliyyatların Maliyyələşdirilməsi Aktı”na ermənipərəst mahiyyət daşıyan dəyişikliklərədək bir çox məqamları vurğulamaq mümkündür.

Deməli, Paşinyanın sözlərindən gəlinən qənaət budur ki, adlarını qeyd etdiyimiz qanun layihələri ilə erməni məhbusların azad edilmələri, ölkəmizə hərbi yardımın məhdudlaşdırılması, rəsmi Bakının davranışına dair Pentaqon üzərinə hesabatlar təqdim etmək öhdəliyinin qoyulması, Ermənistan üçün əlavə təhlükəsizlik yardımının göstərilməsi, İrəvanın hərbi məqsədlər naminə maliyyələşdirilməsi, Qarabağ ermənilərinin geri qayıdışı və onların mədəni irsinin qorunması tələblərinin irəli sürülməsi ilə bağlı hesabat və monitorinq mexanizmlərinin yaradılması kimi məsələlərin məğzində məhz avantüranın bərpası istəyi dayanır.

Bəli, Nikol açıq danışmaqla, bir növ, maskaları yırtır. O, ABŞ-dakı ermənipərəst “aktivliyi” ifşa edir və bununla kifayətlənməyərək, erməni xalqı ilə bu “aktivliyi” formalaşdıranların arasındakı uçurumu vurğulayır. Paşinyan dolayısı ilə birinci qütbün təmsilçilərinin erməni cəmiyyətinə heç bir aidiyyatının olmadığını önə çəkir. Hesab edirik ki, ABŞ-dakı erməni lobbi və diaspor təşkilatlarına münasibətdə məhz bu cür yanaşmanın meydana çıxması ilk sayıla bilər. Baxmayaraq ki, ümumən, Ermənistan daxilində və diaspor mühitində mövcud fikir ayrılıqları məsələsi təkcə indinin söhbəti deyil. Bilavasitə ilkə gəldikdə, Paşinyanın həmin təşkilatların çıxardıqları oyunbazlıqlara qarşı müqavimət göstəriləcəyini diqqətə çatdırmasıdır. O zaman sual yaranır: Görəsən, erməni iqtidarı lobbi və diaspor amilini neytrallaşdırmaq üçün hansı addımları ata bilər?

* * *

Ümumən, N.Paşinyan son illərdə dəfələrlə bildirib ki, Ermənistanın dövlət maraqları ilə bəzi diaspor qruplarının məqsədləri üst-üstə düşmür. Mövcud kontekstdən yanaşsaq, İrəvanın ABŞ-dakı erməni təşkilatlarının Qarabağ məsələsini yenidən beynəlxalq gündəmə gətirmək cəhdlərinə qarşı bir neçə istiqamətdə tədbir görməsi mümkündür. Bunlardan birincisi siyasi maarifləndirmədir. Hesab edirik ki, hay lobbi və diaspor təşkilatlarının “aktivliyi” artdıqca, Ermənistan hakimiyyəti dərhal müdaxilə mexanizmi tətbiq etməlidir. Yəni təkcə Paşinyanın özü deyil, bütövlükdə onun komandasının üzvləri və müvafiq dövlət rəsmiləri bəyanatlar verməlidirlər. Bəyanatlar verməlidirlər ki, məsələn, ABŞ-ın ictimai rəyinin diqqəti ermənipərəst təşəbbüslərdən yayınsın. Təkcə Birləşmiş Ştatlardakı deyil, o cümlədən dünyanın bir çox bölgələrindəki erməni lobbi və diaspor təşkilatlarının Qarabağ sərsəmliyinə qarşı diplomatik kanallar vasitəsilə də mübarizə apara bilər. Bu mübarizə ikinciləri əhəmiyyətli dərəcədə neytrallaşdıracaq.

Üçüncü mübarizə istiqaməti Ermənistan hakimiyyətinin xaricdəki, həmçinin ABŞ-dakı diaspor və lobbi təşkilatları ilə institusional dialoqudur. Hesab edirik ki, bu fəaliyyət, müəyyən qədər də olsa, ikincilərin fəaliyyətini praqmatik çərçivəyə yönəldə bilər. Dördüncüsü, Ermənistanda hüquqi və konstitusion islahatların davam etdirilməsi vacibdir. Əgər Ermənistan rəhbərliyi “Qarabağ hərəkatı”nı dövlət siyasətindən çıxarmaq niyyətindədirsə, əməli fəaliyyətə üstünlük verməli, konstitusiya, strateji sənədlər və rəsmi doktrinalarda düzəlişlərə getməlidir. Başqa sözlə desək, ölkə hakimiyyəti Azərbaycanın tələbinin yerinə yetirilməsinə qol çırmalamalıdır. Proses tam şəkildə başa çatdırılmalıdır ki, xaricdəki erməni lobbi və diaspor təşkilatlarının da mövqeyi zəifləsin, onların əsas mövzuları sıradan çıxsın. Beşinci məqam. Məlumdur ki, Ermənistan hazırda anti-Rusiya xətti həyata keçirməkdədir. Mövcud xəttin nə dərəcədə uğurlu olub-olmayacağını demək çətinlik yaratsa da, bu fəaliyyətin Rusiya tərəfindən maliyyələşdirilən siyasi qurumları maddi imkanlardan məhrum etməyə yönələn fazası da var. Hesab edirik ki, eyni yanaşma lobbi və diaspor təşkilatlarına münasibətdə də tətbiq olunmalıdır. Yəni Ermənistan hökuməti ölkə daxilindəki bəzi fondların onlardan maliyyələşdirməsi üzərində nəzarəti gücləndirməlidir. Aydındır ki, bu, Ermənistan daxilindəki siyasi proseslərə təsir imkanlarını da azaldacaq. Nəhayət, altıncı məqam kimi Ermənistanda ictimai rəyin formalaşdırılması məsələsini vurğulamaq mümkündür. Məlum olduğu kimi, N.Paşinyanın son aylardakı çıxışlarının əsas məqsədlərindən biri Ermənistan cəmiyyətinə yeni siyasi xətti qəbul etdirməkdir. Əgər hökumət cəmiyyətə Qarabağ mövzusunun davamının ölkəyə əlavə risklər yaratdığının tam izahını verə bilsə, diasporun çağırışları Ermənistan daxilində daha az dəstək qazanacaq.

* * *

Sonda onu da vurğulayaq ki, Ermənistan hakimiyyətinin ABŞ-dakı erməni lobbi və diaspor təşkilatlarının fəaliyyətini birbaşa dayandırmaq imkanları məhduddur, hətta, demək olar, yoxdur. Çünki ikincilər Birləşmiş Ştatlar qanunvericiliyinə əsasən müstəqil qurumlardır və işlərini Ermənistan hökumətindən asılı olmayaraq qurmaq səlahiyyətindədirlər. Məsələyə mövcud prizmadan yanaşsaq, Paşinyanın əvvəl təqdim etdiyimiz iqtibasdakı “qarşısını almaq” fikri daha çox Ermənistan dövlətinin ABŞ-dakı erməni lobbi və diaspor qurumlarının təşəbbüslərinə qoşulmadığının, həmin təşəbbüsləri legitimləşdirmədiyinin mesajıdır.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət