Kamal Abdulla – 75
Xalq yazıçısı, akademik Kamal Abdullanın anadan olmasının 75 illiyi münasibətilə Xəzər rayonunda yubiley mərasimi keçirildi. Şağan Mədəniyyət Mərkəzində təşkil edilən məclisdə görkəmli alimin və ictimai xadimin ömür yoluna qədirbilənliklə nəzər salındı. “Ömrün 75 illik zirvəsi” adlı görüş zəngin məzmunu, yüksək intellektual ab-havası və səmimi emosional çalarları ilə yadda qaldı.
Həmin gün güclü yağışa, əlverişsiz hava şəraitinə baxmayaraq, Şağan Mədəniyyət Mərkəzinin zalı Kamal Abdulla yaradıcılığını sevən oxucular, ziyalılar, elm və sənət adamları, tələbələr və ədəbiyyat həvəskarları ilə dolu idi. Salona hakim kəsilmiş maraq, diqqət və ehtiram bir daha göstərdi ki, yubilyarın elmi və bədii yaradıcılığı də oxucularını dərindən düşündürür, onu yaddaşın dərin qatlarına aparır. Bu isə o deməkdir ki, Kamal Abdulla bu gün Azərbaycan ədəbi-fəlsəfi düşüncəsində canlı mövqeyini inamla qoruyur.
Mərasim akademik Kamal Abdullanın həyat və yaradıcılıq yoluna həsr olunmuş videoçarxın nümayişi ilə başlandı. Yazıçının elmi fəaliyyəti, bədii yaradıcılığı, dilçilik, mifologiya, ədəbiyyat və ictimai fikir sahəsindəki xidmətlərini əks etdirən görüntülər zalda xüsusi bir ovqat yaratdı. Videoçarxdan sonra alqış sədaları altında tədbirin əsas hissəsinə keçid edildi və yubiley məclisi, sözün əsl mənasında, elmi-ədəbi düşüncə meydanına çevrildi.
“Xəzər” Muzey Mərkəzinin direktor müavini, Azərbaycan Jurnalistlər Birliyinin və Rusiya Bonistlər Birliyinin üzvü Rüfət Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən yubiley görüşü yüksək səviyyəsi ilə seçildi. Onun giriş çıxışında Kamal Abdulla yaradıcılığına şəxsi oxucu sevgisi, mənəvi bağlılıq və intellektual ehtiram açıq şəkildə duyulurdu.
Elmi-ədəbi məclisin aparıcısı “Xəzər” Muzey Mərkəzinin təsisçisi və rəhbəri Səyavuş Əlizadə Kamal Abdulla yaradıcılığını Azərbaycan ədəbi və elmi düşüncəsinin mühüm zirvələrindən biri kimi təqdim etdi. O qeyd etdi ki, Kamal Abdulla imzası bədii sözün estetik gücünü, fəlsəfi təfəkkürün dərinliyini, tarixi yaddaşın gizli qatlarını və milli mifologiyanın mənəvi kodlarını özündə birləşdirən bütöv bir məktəbdir.
Məclisdə iştirak edən tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimlərindən Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, BDU-nun dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cəlil Nağıyev, etnoqraf və folklorşünas, professor Təvəkkül Səlimov, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev, Əməkdar incəsənət xadimi, dosent Aqil Məlikov, Əməkdar mədəniyyət işçisi, fəlsəfə doktoru Azər Turan, şair Rüstəm Behrudi, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov, dramaturq Cavid Zeynallı, görkəmli rejissor Ramiz Həsənoğlu, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova mərasimə yüksək təntənə və elmi-mədəni məzmun gətirdilər.
Çıxışlarda Kamal Abdullanın çoxşaxəli yaradıcılıq dünyasına müxtəlif rakurslardan nəzər salındı. Akademik Vaqif Abbasov akademikin yaradıcılığının elmi dəyərini yüksək qiymətləndirərək onun intellektual miqyasını xüsusi vurğuladı. Professor Rafiq Əliyevin ürək sözləri məclisin ən maraqlı intellektual məqamlarından biri kimi yadda qaldı. O, Kamal Abdulla yaradıcılığında qeyri-səlis məntiqin izlərindən, bədii düşüncə ilə elmi idrakın kəsişmə nöqtələrindən danışdı, dünyaşöhrətli alim Lütfi Zadənin Kamal Abdulla yaradıcılığına münasibətini xatırlatdı. Bu yanaşma yazıçının əsərlərinin həm də müasir elmi-fəlsəfi təfəkkür kontekstində dəyərləndirilməsinin vacibliyini göstərdi.
Professor Təvəkkül Səlimov mərasimin Şağan qəsəbəsinin mədəni həyatında xüsusi hadisə olduğunu bildirdi. Onun sözlərinə görə, bu miqyasda, bu səviyyədə və bu tərkibdə elmi-ədəbi məclisin Şağanda keçirilməsi əlamətdar hadisədir. Doğrudan da, həmin gün Şağan Mədəniyyət Mərkəzi Azərbaycan elminin, ədəbiyyatının və sənətinin tanınmış simalarını bir araya gətirən canlı fikir məkanına çevrilmişdi.
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Kamal Abdulla ilə yaradıcılıq əlaqələrindən danışaraq onun sözlərinə musiqi yazan ilk sənətkarlardan biri olduğunu qeyd etdi. Bu məqam Kamal Abdulla yaradıcılığının bədii söz sərhədlərini aşaraq musiqi duyumu ilə də səsləşdiyini göstərirdi. Əməkdar incəsənət xadimi Aqil Məlikov isə yazıçının əsərlərinin mənəvi dəyərindən, insanın daxili aləminə təsir gücündən söz açdı.
Şair Rüstəm Behrudi Kamal Abdulla ilə uzun illərə söykənən dostluğundan, onun insan və yaradıcı şəxsiyyət kimi incəliklərindən danışdı. O, filoloq alimin mətnlərindəki zərif fəlsəfi qatlara, sözün görünməyən mənasını duymaq bacarığına diqqət çəkdi. Professor Fuad Məmmədov isə yazıçının ədəbi və elmi yaradıcılığına yüksək qiymət verərək maraqlı bir etiraf etdi: Kamal Abdullanı uzun illərdir tanımasına baxmayaraq, məhz bu tədbirdə onun şəxsiyyətinin və yaradıcılığının yeni tərəflərini özü üçün kəşf etdiyini bildirdi.
Pofessor Fuad Məmmədov isə qeyd etdi ki, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası Rəyasət Heyətinin qərarı ilə Kamal Abdulla “Mədəniyyət səfiri” fəxri diplomu ilə təltif olunub.
Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova Kamal Abdullanın yubiley məclisinin rayon ictimaiyyəti üçün böyük əhəmiyyət daşıdığını qeyd etdi, tədbirə Xəzər ictimaiyyəti adından yüksək qiymət verdi. Onun çıxışı bu məclisin yalnız ədəbi dairələrin tədbiri kimi deyil, geniş ictimai-mədəni hadisə kimi qəbul olunduğunu təsdiqlədi.
Sonra Kamal Abdulla ilə panel müzakirə keçirildi. Moderator Rüfət Əliyevin sualları yazıçının yaradıcılığının mühüm istiqamətlərini əhatə edirdi: romanlarda tarixi yaddaş və şəxsiyyət obrazı, rəsmi tarixin görünməyən insan taleləri, xatirə və unutmaq fəlsəfəsi, daxili monoloqların tənhalığı, “Kitabi-Dədə Qorqud”a yeni baxış, mifoloji düşüncə, “Sehrbazlar dərəsi”nin mistik aləmi, reallıqla xəyal arasındakı tarazlıq, povest və hekayələrdə insan psixologiyası, ədəbi tənqidlə oxucu münasibəti, dilçi alimlə yazıçı azadlığının vəhdəti, ədəbi dilin anlaşıqlığı və estetik dərinliyi.
Bu panel məclisin ən canlı və düşüncə yüklü mərhələlərindən biri oldu. Kamal Abdulla cavablarında öz yaradıcılıq laboratoriyasının qapılarını açdı, yazıçı tənhalığından, yaddaşın bədii mətndəki rolundan, mifologiyanın müasir insan üçün daşıdığı mənadan, dilin intellektual və estetik imkanlarından danışdı. Onun çıxışında sakitliklə dərinlik, təvazökarlıqla düşüncə miqyası, yazıçı həssaslığı ilə alim dəqiqliyi bir arada hiss olunurdu.
Açıq mikrofon formatında davam edən görüşdə zalda əyləşən qonaqlar, oxucular, ziyalılar və tələbələr Kamal Abdullaya suallar ünvanladılar, ürək sözlərini bölüşdülər. Bu hissə tədbirə xüsusi səmimiyyət gətirdi. Burada rəsmi nitqlərin ardınca canlı oxucu nəfəsi duyuldu. Kamal Abdulla hər suala diqqətlə yanaşdı, cavablarında həm müdriklik, həm də insanlara qarşı həssas münasibət nümayiş etdirdi. Məclisin ən təsirli məqamlarından biri isə 123 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Fidan Əliyevanın çıxışı oldu. Onun səhnədə Kamal müəllimin yazdığı bir şeiri səsləndirməsi məclisə fərqli bir rəng qatdı.
Görüş başa çatdıqdan sonra akademik Kamal Abdulla və qonaqlar “Xəzər” Muzey Mərkəzini ziyarət etdilər. Qonaqlar muzeylə yaxından tanış oldular, burada qorunan eksponatlar, mədəni irs nümunələri və mərkəzin fəaliyyəti barədə məlumat aldılar. Beləliklə, bu ziyarət günün ümumi məzmununu tamamlayıb, söz, elm, yaddaş və mədəni irs eyni mənəvi xətt üzərində birləşdirdi. “Ömrün 75 illik zirvəsi” adlı elmi-ədəbi məclis Kamal Abdullanın yubileyinə həsr olunmuş uğurlu və yaddaqalan təntənə kimi tarixə düşdü.
Əbülfəz BABAZADƏ,
kulturoloq-yaponşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü


