Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İyul ayında Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO zirvə görüşü alyans üzvləri arasında təcrübə mübadiləsi üçün son dərəcə təsirli bir platforma təmin edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu açıqlamanı NATO parlament komitələrinin sədrlərinin şərəfinə İstanbulda keçirilən şam yeməyində çıxışı zamanı verib.
Məlumatı “Anadolu” yayıb.
Türkiyə lideri vurğulayıb ki, beynəlxalq aləmdəki mövcud vəziyyət nəzərə alınmaqla, NATO-nun çəkindirici potensialının qorunması və müttəfiqlər arasında həmrəyliyin gücləndirilməsi daha da aktuallaşıb: “Türkiyə regional böhranların idarə olunmasında müstəsna bacarıqlarını və NATO daxilində geniş təcrübəsini müttəfiqləri ilə bölüşür”.
Onun sözlərinə görə, Haaqadakı NATO zirvə görüşündə qəbul edilmiş öhdəliklərə uyğun olaraq, Türkiyə müdafiə xərclərini artırır və NATO missiyaları və əməliyyatlarına ən çox töhfə verən beş ölkə arasındadır.
Ərdoğan NATO daxilində “Texasdan Ankaraya qədər uzanan” “güclü və effektiv təhlükəsizlik və müdafiə şəbəkəsi”nin yaradılmasına çağırıb.
P.ƏMİRCANOV
XQ

