Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ İsrailə Qəzza zolağı ilə bağlı tələblərini əks etdirən sənəd təqdim edib. Bu sənədə HƏMAS tərksilah edilməsə belə yenidənqurma işlərinin davam etdirilməsi də daxildir.
Məlumatı “Anadolu” verib.
İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, sənəd ABŞ Prezidenti Donald Trampın planını həyata keçirmək məqsədi ilə Vaşinqtonun təzyiqini əks etdirir.
Məlumata görə, ABŞ bu sənədlə bağlı İsraildən yazılı təsdiq gözləyir. Bu iddialarla bağlı ABŞ və ya İsrail tərəfindən heç bir rəsmi açıqlama verilməyib.
Nəşrin məlumatına görə, sənəddə İsrailin Qəzza zolağında su, elektrik enerjisi və digər xidmətlər də daxil olmaqla infrastruktur layihələrinin həyata keçirilməsinə icazə verməsini tələb edən müddəalar yer alır.
Bundan əlavə, HƏMAS-ın nəzarəti altında olan ərazilərin sakinlərinin 2026-cı ilin sonuna qədər Sülh Şurasının yurisdiksiyası altındakı ərazilərə köçürülməsi nəzərdə tutulur.
Sənəddə həmçinin texnokratik hökumət üçün mərkəzi qərargahın yaradılması, Beynəlxalq Sabitlik Qüvvələri üçün bazaların inşasına icazənin verilməsi, Avropa Xəstəxanasının bərpası, tikinti materialları və tibbi avadanlıqların idxalı və HƏMAS-ın nəzarətində olan ərazilərdən xəstəxanaya giriş üçün dəhlizin yaradılması tələb olunur.
İsrail həm də Fələstin Muxtariyyətinin Qəzza ilə bağlı vergi gəlirlərinin “Sülh Şurasına köçürülməsini təmin etməli və texnokratik hökuməti suveren hakimiyyət” kimi tanımalıdır.
P.ƏMİRCANOV
XQ

