İdarə rəisi: Axtarış-sorğu tədbirlərində tətbiq olunan metodların düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycana qarşı hərbi təcavüz nəticəsində itkin düşmüş şəxslərin axtarışında genetik identifikasiya tədbirləri 2022-ci ildən etibarən Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi (HTBİ) tərəfindən aparılır. İdarənin Genetik Araşdırmalar Mərkəzinin laboratoriyası dövlət maliyyələşməsi hesabına dünya standartlarına uyğun, müasir texnoloji avadanlıq və cihazlarla təchiz edilib.

Bunu HTBİ-nin rəisi, tibb xidməti general mayoru Rüfət Əliyev iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.

O qeyd edib ki, Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının müasir texnoloji imkanlara malik olmasına baxmayaraq, genetik-mütəxəssislərin hazırlığı və axtarış-sorğu tədbirlərində tətbiq edilən metodların düzgün seçilməsi və iş prosesində yeni metodların axtarılması kimi amillər genetik-identifikasiya tədbirlərinin səmərəliliyini artırmaq üçün mühüm əhəmiyyət kəsb edir.

"Nəzərə alınmalıdır ki, münaqişədən uzun müddət keçib və aşkar edilmiş məzarlıqlardan götürülmüş sümük nümunələri xüsusilə ətraf mühit faktorları nəticəsində ciddi şəkildə deqradasiyaya məruz qalıb. DNT-nin fraqmentasiyası və kimyəvi zədələnmələr genetik profillərin əldə olunmasına ciddi maneələr yaradır. Mütəxəssislər tərəfindən gücləndirilmiş protokolların və digər metodların tətbiq edilməsi sayəsində məhkəmə-tibbi ekspertiza mərhələsində çətin genetik tapşırıqları yerinə yetirmək mümkün olub. Hazırda Genetik Araşdırmalar Mərkəzində CLİMS kompleks iş və idarəetmə proqramından istifadə olunur. Proqram bioloji materialların qəbulundan yekun rəyin verilənədək olan iş prosesini beynəlxalq ISO 17025 standartlarına uyğun idarə edən, mürəkkəb DNT profillərini analiz edərək DNT Məlumat Bankı ilə inteqrasiya rejimində və yüksək kibertəhlükəsizlik arxitekturasında rəqəmsallaşdıran kompleks proqram təminatıdır. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və digər aidiyyəti dövlət qurumlarının da inteqrasiya olunduğu BSC (Biological Sample Collection) əməliyyat sistemi də laboratoriyanın proqram təminatına daxildir. 2024-сü ilin may ayında laboratoriya Beynəlxalq Məhkəmə Genetika Cəmiyyətinin təşkilatçılığı ilə Oslo Universitetinin Məhkəmə Ekspertizası Departamenti və İsveçin Milli Məhkəmə Ekspertizası Qurumu tərəfindən qiymətləndirmədən müvəffəqiyyətlə keçib və sertifikatla təmin olunub. Həmin ilin oktyabr ayında isə Beynəlxalq Standartlaşdırma Təşkilatının Milli Akkreditasiya Mərkəzi tərəfindən ISO/IEC 17025:2017 standartına uyğun olaraq akkreditasiya olunmuş və sertifikatlaşdırılıb. 2025-сi ildə isə laboratoriyada həmin qurum tərəfindən növbəti nəzarət auditi həyata keçirilib. Laboratoriyanın bioloji materialların idarəedilməsində beynəlxalq keyfiyyət standartlarına tam uyğunluğunu təmin etmək məqsədilə ISO 20387 standartının tətbiqi və akkreditasiyası üzrə bütün hazırlıq mərhələləri uğurla tamamlanıb", - deyə R. Əliyev vurğulayıb.

Sosial həyat