Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Beynəlxalq şirkətlər süni intellekt yönümlü transformasiya və xərclərin azaldılması proqramlarının bir hissəsi olaraq dünya miqyasında məşğulluğu azaltmağa davam edirlər. Tütün sektoru da texnologiya, avtomobil, maliyyə və sürətlə inkişaf edən istehlak malları sektorlarında baş verən kütləvi ixtisarlar dalğasına qoşulub.
Qlobal şirkətlər süni intellekt əsaslı əməliyyat transformasiyası, təchizat zəncirinin yenidən qurulması və makroiqtisadi təzyiqlər səbəbindən işçi qüvvəsini ixtisar edirlər. Dünyanın aparıcı tütün şirkətlərindən biri olan “British American Tobacco” (BAT) süni intellekt yönümlü transformasiya, əməliyyatların optimallaşdırılması və xərclərin azaldılması proqramının bir hissəsi olaraq qlobal işçi qüvvəsini təxminən 20 faiz azaldacağını açıqlayıb. Şirkətdən bildirib ki, restrukturizasiya prosesinin bir hissəsi olaraq 5500 iş yeri tamamilə ləğv ediləcək, 3500 iş yeri isə strateji tərəfdaşlara veriləcək.
Bəyanatda ümumilikdə 9000 işçiyə təsir edəcək qərarın ilin sonuna qədər tamamlanması gözlənilir. Həmçinin bəyanatda qərarların əksəriyyətinin işçilərə çatdırıldığı və qalan məsləhətləşmə proseslərinin yerli qaydalara uyğun olaraq aparıldığı qeyd olunub.
İxtisarlar ABŞ-dakı əməliyyatlara təsir etmədiyi və qərarın ABŞ xaricindəki bütün qlobal işçi qüvvəsinə şamil ediləcəyi vurğulanıb. Dünya miqyasında təxminən 47.000 nəfəri işlə təmin edən tütün şirkəti, bu xərc qənaət proqramı vasitəsilə 2028-ci ilə qədər illik əlavə 600 milyon funt sterlinq qənaət etməyi hədəfləyir. Dünya miqyasında ənənəvi siqaretlərə tələbatın sürətlə azalması səbəbindən tütün sənayesi əhəmiyyətli bir bazar daralması yaşayır. Bu, BAT və rəqiblərini “tüstüsüz" alternativ məhsullara keçməyə və biznes modellərini kökündən dəyişdirməyə məcbur edir. Məsələ ilə bağlı açıqlamasında şirkətin baş direktoru Tadeu Marroko bildirib ki, “Bu dəyişikliklər bir çox həmkarımıza birbaşa təsir göstərir. Şirkətimizi gələcəyə hazırlayarkən, bu keçid dövründə işçilərimizə bütün lazımi dəstək və qayğı göstərməyə diqqət yetiririk”.
Bu xəbərdən sonra London Fond Birjasında ticarət edilən BAT səhmləri ilkin ticarətdə 1,3 faiz ucuzlaşıb.
M.MİRZƏ
XQ

