Kim deyirdi ki, 2026-cı il Dünya çempionatı darıxdırıcı keçir?
2026-cı il futbol üzrə Dünya çempionatının startından fərqli olaraq 1/16 final mərhələsi gözlənilməz sürprizlər və sensassiyalarla tarixə düşməkdədir. 29 və 30 iyunda keçirilən matçlarda Braziliya millisi fədakarlıqları ilə azarkeşləri heyran qoyan Yaponiya üzərində 2:1 hesablı çox çətin bir qələbə qazandı. Dünya çempionatlarının beşqat qalibləri yalnız oyuna əlavə edilmiş vaxtda Martinellinin qolu ilə 1/16 finala vəsiqəni təmin edə bildilər. İyunun 30-da gecə saat 01:00-da və səhər saat 06:00-da baş tutan Almaniya–Paraqvay və Mərakeş–Hollandiya matçları isə, sözün əsl mənasında, bu mundialın sensassiyasına çevrildi.
Doğrusu, işdən yorğun gəldiyim üçün Almaniya–Paraqvay matçını axıra qədər izləmək fikrində deyildim. Amma matç başlayandan bir neçə dəqiqə sonra Paraqvay millisinin əzmkar və qətiyyətli oyununun, alman maşınının isə “hansısa böhran” səbəbindən əvvəlki gücü ilə işləmədiyini müşahidə etdikdən sonra matçı axıra qədər izləməyə qərar verdim. Qatı futbol azarkeşi olaraq, sözün əsl mənasında, bu oyundan zövq aldım.
Futbol mütəxəssislərinin böyük əksəriyyəti kimi mən də o fikirdəyəm ki, Almaniya millisi qrupda elə də xoş təsir bağışlamadı, amma pley-off mərhələsinə birinci yerdən erkən daxil olmaları hər hansı tənqidi fikirlərin qarşısını alırdı. Yəni əsas problem həll olunubsa, Yulian Naqelsmannı qınamağın yeri yox idi. Ehtimal edilirdi ki, zamanla alman maşını özünün əzəli formasına yaxınlaşacaqdı.
Buna baxmayaraq, üçüncü turda Almaniya millisinin baş məşqçisi komanda oyun sistemini yaxşılaşdırmaq üçün rotasiyadan imtina etdi və çox təəccüblü görünsə də, Ekvador millisinə qarşı matçda meydana ilk oyundakı heyəti çıxardı. Amma almanlar uduzdular və hamı bunu motivasiyanın olmaması ilə əlaqələndirdi. Lakin Almaniyanın məşqçi heyəti həlledici bir siqnalı nəzərdən qaçırdı və bu da özünü Paraqvayla oyunda göstərdi.
Naqelsmannın Paraqvay üçün ən böyük sürprizi Musialanın start heyətində olmaması idi. O, Havertz, Virtz və Sane ilə birlikdə qrup oyunlarında start heyətində meydana çıxmışdı. Lakin 1/16 finalda alman mütəxəssis möhtəşəm Undava şans verərək Musialanı ehtiyat oyunçular skamyasında oturtdu.
Deniz əvvəlki oyunlarda ikinci hissədə meydana çıxdıqdan sonra Kürasao və Fil Dişi Sahili millilərinin qapısına qol vurmuşdu. 6-cı dəqiqədə Paraqvaya da qol vura bilərdi. Amma argentinalı mütəxəssis Qustavo Alfaro bu dəfə də meydana “avtobus” çıxarmışdı. Amma alman maşınına qarşı bu “avtobus” bir qədər yenidən “yığılmışdı”: Qomes cəzalı, Alderete isə zədəli idi. Maydana və Velaskes də ehtiyat oyunçular skamyasında yer almışdılar. 4 dəyişiklikdən 3-ü müdafiə xəttində idi.
Negelsmannın birinci hissədə erkən qol ümidi olan Undav ilk dəqiqələrdə belə bir fürsədi əldən verdi və Almaniya millisi bunun ilk hissənin ən yaxşı şansı olacağından heç şübhələnmədi də. Çünki bundan sonra Paraqvay rəqib komandanın yenidən cərimə meydançasına asanlıqla girməsinə əsla imkan vermədi. Qustavo Alfaronun müdafiə səddi 2026-cı il Dünya çümpionatının ən keçilməz müdafiə “maşınlarından” biri hesab olunurdu və o meydanda idi. Topla üz-üzə 11 paraqvaylı yer almışdı, onların topa sahib olma faizi 21 olsa da, kim düşünərdi ki, hətta bu statistika belə, onlara hesabı açmaq üçün kifayət edəcək?!
Əslində, Noyer ikinci dəqiqədə Alonsonun parlaq zərbəsindən sonra qol buraxa bilərdi. Lakin bundan sonra Almaniya topa sahibolmanı tam ələ keçirdi, bütün komanda rəqibə aid hissədə oynamağa başladı və paraqvaylıları meydanın mərkəzində saxladı. Ərazi baxımından da, oyun baxımından da tam üstünlük Naqelsmanın yetirmələrində idi. Amma 45 dəqiqə ərzində bu üstünlüyü bir qola çevirmək şansı belə qazana bilmədilər. Hətta qapıya bir zərbə də vurulmadı!
Paraqvaydan fərqli olaraq, intriqanı ideal şəkildə gərginləşdirən və bir saat əvvəl gözləri yumulan hər kəsin yuxusunu qaçıran Naqelsmannın komandasının topa tam nəzarəti heç bir nəticə vermirdi. Bunun əksinə olaraq, birinci hissənin 42-ci dəqiqəsində Qustavo Alfaronun yetirmələrinin vurduğu ideal kornerə təkrar-təkrar baxmağa dəyərdi: Noyer topu yumruqları ilə uzaqlaşdırandan sonra, Bobadillanın onu ustalıqla ram edib Almaniyanın əks-hücumunu necə pozduğunu, Qalarzanın qapı önünə unikal ötürməsini Ensisoyanın başı ilə Manuelin qoruduğu qapının toruna necə qovuşdurduğunu təkrar izləmək necə zövq verməyə bilərdi? Əsl zərgər dəqiqliyi idi! Əslində, bu qol, ələ düşən fürsətdən maksimum yararlanmağın ən parlaq nümunələrindən biri idi.
Əgər əvvəllər qol vurmaq belə Almaniyaya inanılmaz dərəcədə çətin bir iş kimi görünürdüsə, indi onlar iki qol vurmalı idilər və bu, həqiqətən də əsəbləri zorlamaya bilməzdi. Hətta liderlər və ən təcrübəli oyunçular belə təzyiq altında idilər. Üstəlik, əgər Noyer Kimmixin kobud ötürməsindən sonra topu ələ keçirən rəqibin zərbəsini dəf etməsəydi, Paraqvay 1/16 finala erkən yüksələ bilərdi.
Bu vaxta qədər Almaniya hələ də Paraqvay millisinin qapısına bir dənə də olsun zərbə endirə bilməmişdi. İlk belə zərbə yalnız 54-cü dəqiqədə vuruldu və əsəbləri bir qədər sakitləşdirdi. Ən təəccüblüsü isə bunun nə qədər asan olması idi: Virtz cinahdan ötürmə etdi, Havertz başla qapıya vurdu və top uzaq küncdən çərçivəni tapdı.
Təbii ki, Paraqvay millisinin əsas diqqəti Almaniya komandasının çox yavaş, steril və sadəcə darıxdırıcı hücumlarından müdafiəyə yönəlmişdi. Görünür, onlar özləri də Braziliya tipli geri dönüş yarada biləcəklərinə və əlavə vaxtdan yayınacaqlarına inanmırdılar və elə belə də oldu.
Belə futbolun daha 30 dəqiqə uzanmasının hər iki tərəf üçün işgəncəyə çevrildiyi aydın görünürdü. Almaniya hücumda heç nə edə bilmədi demək doğru olmazd. Çünki onlar qol vurdular, lakin VAR qapıçıya hücum səbəbindən bunu hesaba almadı. Paraqvay da müqavimət göstərdi, amma komanda artıq zehni olaraq penaltilər seriyasına hazırlaşdı - sanki Orlando Gilin necə performans göstərəcəyini bilirdilər!
Penaltilər seriyasında Gil, həqiqətən, heyrətamiz oyun nümayiş etdirərək ona bəslənən ümidləri doğrultdu. O, əvvəlcə Havertsin, sonra isə Voltemadın zərbəsini dəf edərək komandasını irəli çıxardı. Lakin futbol Tanrısı sanki Almaniyanın futbol tarixindəki xidmətinə ehtiram əlaməti olaraq, ona daha bir şans verdi. Əvvəlcə Snabriya topu çərçivədən kənara vurub, Paraqvayın 2 top üstünlüyünü 1-ə endirdi. Sonra Manuel Noyer əvvəlki ustalığını xatırlayıb, bilavasitə penaltilər seriyasında iştirak üçün meydana çıxmış Balbuenanın zərbəsini dəf etdi.
Manuelin bu seyvi Almaniyanın kambek etməsi üçün əla bir şans kimi görünsə də, alman müdafiəçi Ta 11 metrlik nöqtədən topu qapı dirəyinin üstündən vurdu. Fantastik penaltilər seriyası Kanalenin qolu, Paraqvayın qələbəsi və pley-offun ilk sensasiyası ilə başa çatdı: Almaniya evə qayıdır!
Bu, bütün alman azarkeşləri üçün tam bir şok olsa da, Fransa komandası üçün əla xəbər idi: dörddəbir finala çıxmaq üçün onlar indi yalnız İsveç və Paraqvayı keçməlidirlər. Düzünü desək, hətta belə bir Almaniya komandası ilə də, Didye Deşamın canavarları ciddi favorit olardılar.
Tarixdə ilk dəfə olaraq dördqat dünya çempionu Almaniya Dünya çempionatında penaltilər seriyasında uduzdu. Bundan əvvəl onlar 1982-ci il Dünya çempionatında penaltilər seriyasında cəmi 1 top qaçırmışdılar, 2026-cı il mundialında isə 3 penalti qaçırdılar. Beləliklə, Almaniyanın 1962-ci ildən bəri pley-offun ilk mərhələsində uduzduğu ilk dəfə idi. O zaman pley-off 1/4 final mərhələsindən başlayırdı.
Paraqvay isə 16 ildən sonra ilk dəfə 1/16 pley-off mərhələsinə yüksəldi. 2010-cu ildə komanda qrup mərhələsini keçərək 1/4 finala qədər yüksəlmişdi və bu, Paraqvay millisinin Dünya çempionatının pley-off mərhələsində yeganə yüksək nailiyyəti idi.
Əlbəttə, cəmi 1 ay əvvəl Paraqvay 2026-cı il Dünya çempionatının favoritlərinə yaxın da deyildi, amma indi Cənubi amerikalıların titul qazanmaq şanslarını qiymətləndirməyə başlayıblar. İndi Paraqvay 1/8 finalda qarşılaşacağı Fransa-İsveç matçının qalibi gözləyir. Bu qarşılaşma isə iyulun 1-i Bakı vaxtı ilə saat 01:00-da baş tutub.
Mundialı belə erkən tərk etməkdən məyus olan baş məşqçi Yulian Naqelsmann “ESPN”ə verdiyi açıqlamada deyib: “Pley-off mərhələsinin ilk turunda kənarlaşdırılırsansa bu, Almaniya futbolu üçün məqbul sayıla bilməz. Biz ardıcıl üçüncü dəfə Dünya çempionatından kənarlaşdırıldıq, ona görə də artıq yüksək səviyyəli komanda hesab edilmirik. Məyus oldum”.
Millinin kapitanı Coşua Kimmix də komandasının turnir boyu zəif çıxış etdiyini və nəticəyə layiq olduğunu bildirib. O, Almaniyanın turnirin favoritlərindən biri statusuna uyğun gəlmədiyini etiraf edib.
Amma iyunun 30-u gecə sensasiya Almaniyanın mundialı tərk etməsilə bitmədi və Dünya çempionatının daha bir sürprizi tarixə düşdü. Bu Hollandiya - Mərakeş matçından sonra baş verdi. 2026-cı il Dünya çempionatının pley-off mərhələsi başlamazdan əvvəl belə, Hollandiya - Mərakeş matçı ən maraqlı və gözlənilməz oyunlardan biri hesab olunurdu. Komandaların əsas vaxtda və əlavə vaxtda qalibi müəyyən edə bilməməsi elə də təəccüblü deyildi. Çünki Mərakeş millisinin hələ ötən mundialda necə oyun sərgilədiyinin şahidi olmuşduq. 2022-ci il Dünya çempionatında ilk dəfə olaraq Afrika-ərəb ölkələri tarixində 4-cü yerə yüksələn mərakeşlilər, həmin mundialda keçirdikləri 7 qarşılaşmada 3 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə tarix yazmışdılar. Turnirin ilk oynundan bu nəticəni təkrarlamaq və bəlkə də yeniləmək barədə düşündükləri də aydın hiss olunur.
Beləliklə, Hollandiya - Mərakeş matçının ilk yarısı çox təhlükəli anlarla yadda qaldı. Ronald Kumanın yetirmələri qapıya hətta bir dəfə də olsun zərbə endirə bilmədilər. Lakin oyunda hesabı açan məhz onlar oldu. 72-ci dəqiqədə Krisensio Sammervil bu Dünya çempionatının ən gözəl ötürmələrindən birini etdi və topu Kodi Qakpoya çatdırdı. “Liverpul”un hücumçusu heç bir səhvə yol vermədi və hesabı açdı–1:0.
Vaxt gedir, mərakeşliləri mundialı tərk etmələrindən cəmi 6 dəqiqə ayırırdı. Hakim əsas vaxta məhz bu qədər əlavə etdi. Lakin dördüncü hakim bu vaxtı göstərən lövhəni aşağı salmağa belə macal tapmamış İssa Diop topu qapıya göndərdi və Afrika komandasını xilas etdi. Beləliklə, əlavə vaxt başladı.
Yarım saat ərzində hər iki komandaya qapıya yalnız bir zərbə endirə bildilər. Bu da uğurlu alınmadı, ona görə də qalib, Almaniya–Paraqvay matçında olduğu kimi, penaltilər seriyasında müəyyənləşdi. Əslində elə bu penaltilər seriyası da, gözlənilməz bir seriya oldu: oyunçular yalnız iki cəhddən bir qol vura bildilər.
Həlledici zərbə, müəyyən mənada, yenə Sammervillin zərbəsi oldu. Yassine Bunu onu sanki sehirlədi, hətta tullanışla deyil, çevik addımlarla küncə doğru irəlilədi və sonra topu götürdü. İsmael Saibari buna çox soyuqqanlı tərzdə cavab verdi və Hollandiyanı, Amaniya millisinin ardınca evə göndərən qolu vurdu. Mərakeş isə yəqin ki, indi 1/8 finalda Kanada ilə qarşılaşmaya hazırlaşır.
Beləliklə, Hollandiya Dünya çempionatlarında artıq ardıcıl üç dəfə penaltilərdəki uğursuzluq üzündən mundialdan kənarda qalaraq unikal bir rekord qırdı: 2014 və 2022-ci illərdə onlar eyni şəkildə Argentinaya məğlub olmuşdular. İndi də Mərakeşə.
Hollandiya millsinin kapitanı van Deyk məyusluğunu gizlətməyərək jurnalistlərə deyib: “Futbolçu üçün ən pis an. İndi təhlil etmək çətindir. Matç gərgin keçdi. Təəssüf ki, biz məğlub olduq. Bir müddət hər şey yaxşı gedirdi. Əlbəttə ki, daha yaxşı oynaya bilərdik, amma indi mülahizə yürütmək faydasızdır. Penaltiləri çox məşq etdik, amma yenə də uduzduq. İndi uşaqlarla birlikdə olmaq üçün mümkün qədər tez soyunma otağına qayıtmaq istəyirəm. Mənim yeganə fikrim budur”.
P.S. İyunun 30-u və iyulun 1-də Dünya çempionatının 1/16 finalının daha 3 qarşılaşması keçirilib. Dünən Bakı vaxtı ilə saat 21:00-da Fil Dişi Sahili – Norveç qarşılaşması skandinaviyalıların 2-1 hesablı qələbəsi ilə başa çatıb. İyulun 1-i gecə saat 01:00-da Fransa - İsveç, 05:00-da isə Meksika – Ekvador milli komandalarının qarşılaşması başa tutub. Bu vaxtlara qədər qəzet artıq çapa getdiyindən nəticələr və oyunların icmalını növbəti sayımızda dərc edəcəyik.
İlqar RÜSTƏMOV
XQ



