İtkin düşmüş şəxslərin taleyi mövzusunda beynəlxalq konfrans

post-img

İyunun 30-da Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransa Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədov moderatorluq edib.

Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, general leytenant Şərafət Həsənov İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında təmasların İkinci Qarabağ müharibəsindən əvvəlki illərə təsadüf etdiyini, sonradan bu təmasların inkişaf etdirilərək əməkdaşlıq mərhələsinə çatdırıldığını bildirib. Qeyd edib ki, 2022-ci ilin aprelində Katrin Bombergerin rəhbərliyi ilə qurumun nümayəndə heyətinin Azərbaycana səfəri zamanı aparılmış müzakirələrin yekunu olaraq Dövlət Komissiyası və ICMP arasında itkin düşmüş şəxslərə aid məzar yerlərinin ekshumasiyası və meyit qalıqlarının eyniləşdirilməsi sahəsində əməkdaşlığa dair Protokol imzalanıb. Həmin vaxtdan bəri əməkdaşlıq intensiv xarakter alıb. “Azərbaycanın aidiyyəti dövlət qurumlarının razılığı ilə 2023-cü ilin iyun ayında ICMP-nin Qiymətləndirmə missiyası Azərbaycana səfər edib və müvafiq hesabat hazırlayıb. Bu hesabat 2025-ci ilin mart ayında Bakı şəhərində təşkil olunmuş konfrans çərçivəsində Dövlət Komissiyasına təqdim edilib. Həmin tədbirdə də nümayəndə heyətinə ICMP-nin baş direktoru Katrin Bomberger rəhbərlik edib. Aparılmış müzakirələr və keçirilmiş görüşlər zamanı ICMP-nin nümayəndə heyəti tərəfindən qurumun axtarış, qazıntı, ekshumasiya və eyniləşdirmə sahəsindəki imkanları və uğurları, maddi-texniki bazası, kadr potensialı və işlədiyi yeni elmi metodikalar barədə ətraflı məlumat verilib, qurum tərəfindən hazırlanmış elektron məlumat bazasının Azərbaycana təqdim edilməsi və aidiyyəti dövlət qurumlarının mütəxəssislərinə müxtəlif istiqamətlər üzrə, o cümlədən məlumat bazasının idarə edilməsi müvafiq rəy və protokolların beynəlxalq standartlara uyğun tərtibi sahəsində təlimlərin keçirilməsinə hazır olduqları bildirilib. Respublikamıza səfərin, keçirilmiş görüşlərin və aparılmış müzakirələrin nəticəsi olaraq ICMP-nin itkin düşmüş şəxslər probleminin həllində, yeni texnologiyaların və metodologiyaların tətbiqi sahəsində ölkəmizə dəstək verəcəyi və əməkdaşlığın davam etdirilməsi razılaşdırılaraq 2025-ci il üzrə “İş planı təklifi” hazırlanıb və icra edilib”, - deyə Ş.Həsənov diqqətə çatdırıb.

Sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinə dair təqdimat edilib.

Daha sonra çıxış edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev son illərdə həyata keçirilən tədbirlər, xüsusən də itkin-şəhidlərin şəxsiyyətinin eyniləşdirilərək dəfn mərasimlərinin təşkilinin bütün Azərbaycan vətəndaşlarında, o cümlədən itkin ailələrində böyük ümid hissi yaratdığını vurğulayıb.

Xarici işlər nazirinin müavini, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Elnur Məmmədov çıxışında silahlı münaqişələr zamanı insanların itkin düşməsini yalnız ayrı-ayrı ailələrin deyil, bütövlükdə cəmiyyətlərin yaddaşında dərin iz buraxan faciə olduğunu vurğulayıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc çıxışında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlarda hər bir zabitin və əsgərin taleyinin real vaxt rejimində izlənildiyini, nizami ordu birləşmələrinin dəqiq plan üzrə hərəkət etdiyini, kəşfiyyat məlumatlarının gizli kanallarla əməliyyat qərargahlarına ötürüldüyünü və müasir raket-artilleriya sistemlərindən, pilotsuz uçuş aparatlarından istifadə olunmasının məsafəli döyüşləri mümkün etdiyini xatırladıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Rüfət Əliyev çıxışında Ermənistanla Azərbaycan arasındakı münaqişədən uzun müddət keçdiyini və aşkarlanmış məzarlıqlardan götürülmüş sümük nümunələrinin xüsusilə ətraf mühit amilləri nəticəsində ciddi şəkildə deqradasiyaya məruz qaldığını qeyd edib. Bildirib ki, DNT-nin fraqmentasiyası və kimyəvi zədələnmələr genetik profillərin əldə olunmasına ciddi maneələr yaradır. Onun sözlərinə görə, mütəxəssislər tərəfindən gücləndirilmiş protokolların və digər metodların tətbiq edilməsi sayəsində məhkəmə-tibbi ekspertiza mərhələsində çətin genetik tapşırıqları yerinə yetirmək mümkün olub.

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberger çıxışında təşkilat tərəfindən Azərbaycana göstərilən dəstəkdən danışıb. Bildirib ki, bununla bağlı ilk məsələ əməkdaşlıq, ikincisi isə itkin düşmüş şəxslər məsələsinin həlli üçün müasir mexanizmlərin inkişaf etdirilməsidir.

“Əməkdaşlıq məsələsinə gəldikdə, ilk növbədə, dövlət daxilində əməkdaşlığın olması son dərəcə vacibdir. Azərbaycan nümunəsində görürük ki, bu məsələ ilə məşğul olmaq üçün itkin düşmüş şəxslər üzrə Dövlət Komissiyası yaradılıb və burada bu istiqamətdə fəaliyyət göstərən çoxsaylı dövlət qurumları, nazirliklər təmsil olunur. Fikrimizcə, belə bir institutun mövcudluğu son dərəcə əhəmiyyətlidir”, - deyə K.Bomberger əlavə edib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, professor Ədalət Həsənov çıxışında Birinci Qarabağ müharibəsi ilə əlaqədar indiyə qədər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ümumilikdə 934 şəxsə məxsus sümük qalıqları qəbul edildiyini, 327 şəxsin qalıqlarının eyniləşdirildiyini, 226 şəhidin meyitinin ailələrinə təhvil verildiyini deyib. Ədalət Həsənov, eyni zamanda, diqqətə çatdırıb ki, bu il iyulun 1-də 3, 3-də isə digər 3 şəhidin qalıqları ailələrinə təhvil veriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev çıxışında fiziki antropologiyanın çox vacib sahə olduğunu qeyd edib. O, Dövlət Komissiyanın xətti ilə çalışmağın gənclərimizin müəyyən biliklərə yiyələnmələrinə şərait yaratdığını deyib.

Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxışında uzun illər ərzində Azərbaycanın vətəndaş cəmiyyəti, insan hüquqları müdafiəçiləri, mina qurbanları, etnik təmizləmədən sağ çıxmış şəxslər və itkin düşmüş insanların ailələri beynəlxalq ictimaiyyətə sülhsevər və hüquqi əsaslara söykənən çağırışlarla müraciət etdiklərini qeyd edib.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova çıxışında mövcud sahədə itkin ailələrinin təsis etdiyi ictimai birliklərin rolundan danışıb. Qeyd edib ki, nüfuzlu beynəlxalq təsisatlar, o cümlədən BMT-nin müvafiq təsisatları da bu tipli qeyri-hökumət təşkilatları ilə daimi məsləhətləşmələr aparır, onların rəyinə önəm verir.

Sonda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri Qəzənfər Əhmədov beynəlxalq konfransda bağlanış nitqi ilə çıxış edərək deyib: “Dövlət Komissiyası müasir texnoloji həllərin tətbiqinə xüsusi diqqət yetirir və bu sahəyə davamlı investisiyalar ayırır. Texnologiyaların digər mühüm üstünlüyü onların xəritələşdirmə imkanlarıdır. Bir gün ərzində onlar 45 kvadratkilometrdən artıq ərazinin ətraflı xəritəsini hazırlaya bilirlər. Bu, praktik baxımdan Ağdam kimi geniş ərazinin 1 və ya 1 neçə ay ərzində sistemli şəkildə tədqiq olunması deməkdir. İnanırıq ki, bu müasir texnologiya gələcək humanitar axtarış əməliyyatlarının ayrılmaz tərkib hissəsinə çevriləcək. Bu texnologiya mütəxəssislərimizin təcrübə və peşəkarlığını tamamlayacaq, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində daha səmərəli nəticələr əldə etməyimizə kömək edəcək”.

XQ

Son xəbərlər