Beyləqanda torpağın yeni dövranı

post-img

Əməkdaşımız ezamiyyətdən qayıdıb

Beyləqan rayonunda kənd təsərrüfatı həm istehsal həcmlərinin artması, həm də idarəetmə və texnoloji yeniliklərin tətbiqi baxımından mühüm inkişaf mərhələsinə qədəm qoyub. Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun respublika müşavirəsində səsləndirdiyi göstəricilər onu deməyə əsas verir ki, aqrar sektorda müşahidə olunan müsbət dinamika yalnız statistik artımla məhdudlaşmır, eyni zamanda, dərin struktur dəyişiklikləri ilə müşayiət olunur. Təhlillər Beyləqanda taxılçılıq, pambıqçılıq, heyvandarlıq və su idarəçiliyi istiqamətlərində paralel inkişaf modelinin formalaşdığını göstərir.

Strateji hədəflər

Bu inkişaf ölkədə kənd təsərrüfatının modernləşdirilməsinə yönəlmiş dövlət siyasəti ilə sıx bağlıdır. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində intensiv bağçılığın genişləndirilməsi, buğda və pambıq məhsuldarlığının artırılması, müasir suvarma sistemlərinin tətbiqi, aqropark və istixana təsərrüfatlarının inkişafı, intensiv heyvandarlıq komplekslərinin yaradılması əsas prioritetlər kimi müəyyən edilib. Eyni zamanda, institusional islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, subsidiya mexanizmlərinin yenilənməsi, texnika təminatına güzəştlərin artırılması və rəqəmsal idarəetmənin genişləndirilməsi də proqramın əsas istiqamətlərindəndir. Bu yanaşmalar Beyləqanda da ardıcıl şəkildə tətbiq olunur.

Taxılçılıq

Dövlət Proqramının əsas məqsədlərindən biri buğda və pambıq istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi və əkin sahələrinin daha səmərəli idarə olunmasıdır. Beyləqanda ümumi əkin sahəsi 48 min 847 hektar təşkil edir ki, bunun da 15 min 311 hektarı taxılçılığın payına düşür. Bu göstərici rayonun ölkənin ərzaq təhlükəsizliyi sistemində mühüm mövqeyə malik olduğunu göstərir. 2025-ci ildə 9 min 601 hektar sahədə buğda, 5 min 710 hektar sahədə isə arpa becərilib. Mövsümün yekununda 56 min 736 ton taxıl istehsal olunub. Hər hektardan orta hesabla 37 sentner məhsul əldə edilməsi respublika üzrə orta göstəricilərdən yüksək nəticə sayılsa da, Dövlət Proqramında qarşıya qoyulan 50 sentner/hektar məhsuldarlıq hədəfi rayon üçün hələ də əsas inkişaf prioritetlərindən biri olaraq qalır. Bu, mövcud potensialın tam reallaşdırılması üçün aqrotexniki tədbirlərin, müasir texnologiyaların və innovativ idarəetmə yanaşmalarının tətbiqini zəruri edir.

Məhsuldarlığın yüksəldilməsi isə yalnız maliyyə dəstəyi və subsidiya mexanizmləri ilə məhdudlaşmır. Yüksək reproduksiyalı toxumlardan istifadə edilib, torpaq analizləri aparılıb, səpin müddətləri düzgün müəyyənləşdirilib. Vaxtında suvarma, gübrələmə və fitosanitar tədbirlərin həyata keçirilməsi məhsuldarlığı artırıb.

Taxılçılıq üzrə perspektiv göstəricilər də rayonun bu sahədə yüksək inkişaf potensialına malik olduğunu göstərir. Belə ki, 2026-cı ildə 16 min 606 hektar sahədə taxıl əkilib. Bu göstərici istehsal potensialının qorunub saxlanılması ilə yanaşı, əkin dövriyyəsinin daha planlı və elmi əsaslarla idarə olunmasına keçidin davam etdiyini göstərir. Artıq rayonun taxılçıları arpa biçininə başlayıblar. 357 hektar sahədə biçin aparılıb, 1071 ton məhsul əldə edilib. Orta məhsuldarlıq hər hektara 30 sentner təşkil edir. Biçin prosesinə isə 16 kombayn cəlb olunub.

Pambıqçılıq

Beyləqanın aqrar ixtisaslaşmasında pambıqçılıq xüsusi yer tutur və rayon iqtisadiyyatının aparıcı istiqamətlərindən biridir. 2025-ci ildə 8 min 898,3 hektar sahədə pambıq əkilib və nəticədə 37 min 541 ton məhsul əldə olunub. Hər hektardan orta hesabla 42,2 sentner məhsul götürülməsi intensiv texnologiyaların tətbiqinin, aqrotexniki tədbirlərin düzgün təşkilinin və müqavilə əsaslı istehsal modelinin səmərəliliyini nümayiş etdirir. Ən diqqətçəkən nəticələrdən biri isə Beyləqanın pambıq məhsuldarlığına görə ölkə üzrə birinci yerə yüksəlməsidir. 2026-cı ildə isə, təxminən, 9 min hektar sahədə pambıq əkilməsi sektorda əldə olunan inkişaf tempinin qorunacağını göstərir.

Cari mövsümdə tarlalarda işlərin vaxtında, itkisiz və optimal müddətdə tamamlanması üçün bütün resurslar səfərbər olunub, yığım və becərmə proseslərində mexanizasiya səviyyəsi maksimum həddə çatdırılıb.

Aqrotexniki modernləşmənin ən mühüm göstəricilərindən biri də pambıq yığımının, demək olar ki, tam mexanikləşdirilmiş şəkildə həyata keçirilməsidir. Hazırda Beyləqan sahələrində pambığın 100 faizə yaxın hissəsi müasir pambıqyığan maşınlar vasitəsilə toplanır. Bu texnoloji üstünlük həm vaxt itkisini minimuma endirir, həm də məhsul keyfiyyətinin yüksək səviyyədə qorunmasına imkan verir. Yığım kampaniyası dövründə tarlalara 350-dən artıq müxtəlif təyinatlı texnika və aqreqat cəlb olunması nəzərdə tutulur.

Məhsulun sürətli toplanması üçün ABŞ istehsalı olan, yüksək məhsuldarlığa malik “John Deere” və “Case IH” markalı pambıqyığan kombayn səfərbər ediləcək. Eyni zamanda, cərgəaralarının yumşaldılması, sahələrarası kultivasiya və yığımdan əvvəl defolyasiya (yarpaqların tökdürülməsi) proseslərinin icrası üçün 100-dən çox universal traktor işə cəlb olunub. Toplanmış məhsulun sahələrdən pambıq qəbulu məntəqələrinə və emal müəssisələrinə operativ, təhlükəsiz daşınması məqsədilə isə yüzlərlə xüsusi traktor qoşqusu fermerlərin istifadəsinə verilib.

İnanırıq ki, güclü texniki baza və müasir aqrotexniki yanaşmalar Beyləqanın ölkə üzrə lider mövqeyinin qorunmasına töhfə verəcək. Dövlət dəstəyi ilə özəl aqroservislərin birgə səmərəli fəaliyyəti isə kənd təsərrüfatında mexanizasiya səviyyəsini gələcəkdə daha da artıracaq.

Heyvandarlıq

Dövlət Proqramının mühüm istiqamətlərindən biri də heyvandarlıqdır. Xüsusilə iribuynuzlu heyvandarlıq sektorunda süd və mal əti istehsalının artırılması, cins heyvanların sürüdə payının yüksəldilməsi, idxaldan asılılığın azaldılması və özünütəminetmə səviyyəsinin artırılması əsas hədəflər kimi müəyyən olunub. Bu hədəflərə çatmaq üçün südlük və ətlik klasterlərin yaradılması, klaster daxilində müxtəlif tutuma malik yeni təsərrüfatın formalaşdırılması və bu təsərrüfatların cins damazlıq heyvanlarla təmin edilməsinin dəstəklənməsi nəzərdə tutulur.

Beyləqanda da bu istiqamətdə görülən işlər nəticəsini verir. Çünki rayonun aqrar strukturunda heyvandarlıq sektoru taxılçılıq və pambıqçılıqla yanaşı, iqtisadi dayanıqlılığın formalaşmasında mühüm rol oynayır. Son illərin statistik göstəriciləri bu sahədə sabit və ardıcıl inkişaf meylinin formalaşdığını təsdiqləyir. 2025-ci ildə rayonda 8 min 65 ton ət, 40 min 71 ton süd və 603 ton yun istehsal olunub. Bu nəticələr istehsal həcmlərinin artması ilə yanaşı, təsərrüfatların struktur baxımından daha səmərəli təşkil olunduğunu göstərir. Xüsusilə damazlıq işlərinin genişləndirilməsi və heyvanların genetik potensialının yaxşılaşdırılması istehsal göstəricilərinin yüksəlməsində həlledici rol oynayıb.

Onu da qeyd edək ki, rayonda həyata keçirilən süni mayalanma proqramları sektorun inkişafında keyfiyyətcə yeni mərhələyə keçidi təmin edən əsas mexanizmlərdən biridir. Bu yolla heyvanların genetik potensialı yaxşılaşdırılır, uzunmüddətli dövrdə həm məhsuldarlığın artırılmasına, həm də heyvandarlıq təsərrüfatlarının iqtisadi səmərəliliyinin yüksəldilməsinə şəbəb olur. Məsələn, 4 min 607 baş iribuynuzlu heyvanın süni mayalanmaya cəlb olunması bu sahədə aparılan işlərin geniş miqyas aldığını göstərir. 2 min 772 baş yüksək məhsuldarlıq potensialına malik buzovun əldə edilməsi isə proqramın praktiki effektivliyini təsdiqləyən mühüm göstəricidir. Bu nəticə yalnız kəmiyyət artımı deyil, eyni zamanda, keyfiyyət dəyişiminin də baş verdiyini göstərir.

Beləliklə, süni mayalanma proqramlarının tətbiqi heyvandarlıqda məhsuldarlığın artırılması ilə yanaşı, kənd təsərrüfatının ümumi modernləşmə prosesinə də mühüm töhfə verir və sektoru daha rəqabətqabiliyyətli istehsal modelinə yaxınlaşdırır.

2026-cı ilin ilk beş ayına dair nəticələr də sektorda müsbət dinamikanın davam etdiyini təsdiqləyir. Bu dövrdə ət və süd istehsalında artım qeydə alınması heyvandarlığın rayon iqtisadiyyatında strateji mövqeyini qoruduğunu göstərir. Bununla yanaşı, xırdabuynuzlu heyvanların sayında azalma müşahidə olunur. Bu istehsal strukturunda baş verən dəyişikliklər, bazar tələbinin transformasiyası və daha yüksək məhsuldarlığa malik təsərrüfat modellərinə mərhələli keçid prosesi ilə izah olunur. Mövcud tendensiya ümumilikdə sektorun daha intensiv və səmərəli istehsal modelinə doğru yönəldiyini göstərir.

Quşçuluq

Beyləqanda quşçuluq sektoru da aqrar istehsalın dinamik inkişaf edən sahələrindən biridir. 2025-ci ildə 1596 ton quş əti və 26 milyon 825 min ədəd yumurta istehsal olunub. 2026-cı ilin ilk 5 ayında isə 788 ton quş əti və 12 milyon 741 min ədəd yumurta istehsalı bu sahədə sabit artım tempinin qorunduğunu göstərir. Xüsusilə iri təsərrüfat subyektlərinin fəaliyyətinin genişlənməsi sektorda sənayeləşmə meylinin gücləndiyini təsdiqləyir. “Beyləqan-Broyler” və “Kəbirli-Broyler” kimi müəssisələr regionda quşçuluğun istehsal potensialının formalaşmasında və bazar tələbinin qarşılanmasında mühüm rol oynayır.

Heyvandarlıq və quşçuluq sahələrinin inkişafı yalnız istehsal həcmlərinin artırılması ilə məhdudlaşmır, eyni zamanda, ölkənin ərzaq təhlükəsizliyi strategiyasının əsas komponentlərindən biri kimi çıxış edir. Qarşıya qoyulan əsas hədəflərdən biri ət, süd və quş əti məhsulları üzrə özünütəminat səviyyəsinin maksimum dərəcədə yüksəldilməsidir. Bu məqsədə nail olunması daxili bazarın yerli məhsullarla təminatını gücləndirir, idxaldan asılılığı azaldır və aqrar sektorun iqtisadi dayanıqlılığını möhkəmləndirir.

Beləliklə, aparılan təhlil göstərir ki, Beyləqanda kənd təsərrüfatı tədricən ənənəvi istehsal modelindən müasir, texnologiya və məlumat əsaslı idarəetmə sisteminə keçid edir. Taxılçılıq, pambıqçılıq, heyvandarlıq və quşçuluqda artım müşahidə olunur. Eyni zamanda müasir suvarma sistemlərinin tətbiqi, su idarəçiliyinin yaxşılaşdırılması, seleksiya işlərinin genişlənməsi, rəqəmsal texnologiyaların istifadəsi və texniki təminatın gücləndirilməsi sektorun inkişafını dəstəkləyən əsas amillərdir.

Suvarma sistemləri

Aqrar inkişafın əsas istiqamətlərindən biri suvarma sistemlərinin modernləşdirilməsi və su resurslarından daha səmərəli istifadədir. İqlim dəyişiklikləri, yağıntıların azalması və suya tələbatın artması fonunda su ehtiyatlarının effektiv idarə olunması strateji əhəmiyyət kəsb edir. Bu səbəbdən dövlət proqramlarında müasir suvarma texnologiyalarının tətbiqi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Hazırda su təminatı üzrə ciddi problemlər müşahidə olunmasa da, suvarma infrastrukturunun yenilənməsi istiqamətində ardıcıl layihələr həyata keçirilir. Qarabağ suvarma kanalının yenidən qurulması nəticəsində 115 min hektaradək ərazinin su təminatının yaxşılaşdırılması, su balansının optimallaşdırılması və istehsalın dayanıqlılığı gücləndirilir. Eyni zamanda, “Yeni Xanqızı” və “Köhnə Xanqızı” kanallarında aparılan yenidənqurma işləri su itkisini azaltmaqla ondan istifadənin səmərəliliyini artırıb.

Suvarma infrastrukturunun modernləşdirilməsi çərçivəsində ümumilikdə 9 791 hektar sahənin su təminatının yaxşılaşdırılması məqsədilə Beyləqan rayonunu da əhatə edən Boztəpə kanalında (uzunluğu 45 km, sərfi 8 m³/san) yenidənqurma işləri artıq başa çatdırılıb. Bundan əlavə, Beyləqan rayonu ərazisində təxminən 10 min hektara yaxın torpaq sahəsinin su təminatının yaxşılaşdırılması üçün “Köhnə Xanqızı” kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanıb, müvafiq ekspertiza rəyləri alınıb və tikinti-quraşdırma işlərinə başlanılması nəzərdə tutulur. Bu layihələr regionda su itkilərinin azaldılması, suvarma sistemlərinin dayanıqlılığının gücləndirilməsi və ümumi aqrar səmərəliliyin artırılması baxımından strateji əhəmiyyət daşıyır.

Texniki təminat

Aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsində həlledici amillərdən biri kənd təsərrüfatı texnikası ilə təminat səviyyəsidir. Müasir aqrar istehsal artıq yalnız torpaq ehtiyatları və iqlim şəraiti ilə deyil, həm də yüksək məhsuldarlığa malik texniki baza və onun səmərəli idarə olunması ilə xarakterizə olunur.

Beyləqan rayonunda bu sahəyə xüsusi diqqət yetirilib, texnikanın vaxtında yığıma hazır vəziyyətə gətirilməsi və fermerlərin müasir texnikaya çıxış imkanlarının genişləndirilməsi təmin olunub. Bu məqsədlə dövlət tərəfindən lizinq mexanizmlərinin tətbiqi, güzəştli kreditlərin verilməsi, subsidiyalaşdırılmış texnika satışı və regional texnika xidmət mərkəzlərinin yaradılması kimi kompleks tədbirlər həyata keçirilib. Bu yanaşma xüsusilə kiçik və orta fermer təsərrüfatlarının texniki imkanlarını gücləndirərək onların iri istehsalçılarla rəqabət aparmasına şərait yaradır. Görülən tədbirlər nəticəsində rayonda köhnə və fiziki aşınmaya məruz qalmış texnikaların istifadəsi minimum səviyyəyə enib.

Bununla yanaşı, texnikanın yalnız əldə olunması deyil, onun səmərəli istismarı və servis xidmətlərinin düzgün təşkili də diqqət mərkəzində saxlanılıb. Rayonda texniki nasazlıqların operativ şəkildə aradan qaldırılması, ehtiyat hissələrinin əlçatanlığının təmin edilməsi və peşəkar operator hazırlığının təşkili istiqamətində sistemli işlər görülüb.

Nəticələr göstərir ki, rayonda təkcə istehsal həcmi artmır, həm də məhsuldarlıq yüksəlir, resurslardan daha səmərəli istifadə olunur və idarəetmə təkmilləşir. Qarşıdakı əsas məqsəd bu inkişafı qorumaq və istehsal artımını daha yüksək məhsuldarlıq və əlavə dəyər yaradan fəaliyyətlərlə gücləndirməkdir. Mövcud potensial, dövlət proqramları və yeni idarəetmə yanaşmaları Beyləqanın aqrar inkişaf imkanlarını daha da genişləndirir. Bu proses davamlı olarsa, Beyləqan təkcə kənd təsərrüfatı istehsalı ilə deyil, həm də müasir texnologiyaların və səmərəli resurs idarəçiliyinin tətbiq olunduğu nümunəvi aqrar rayona çevriləcək.

Pünhan ƏFƏNDİYEV
XQ
Beyləqan













İqtisadiyyat