Zəmilərdən 1,6 milyon tondan çox taxıl yığılıb

post-img

Bu günədək ölkə üzrə payızlıq taxıl sahələrinin 48,7 faizində biçin başa çatıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış mərkəzi qərargahdan bildirilib.

Qərargahın operativ məlumatına əsasən, mövsüm ərzində 462 min 153 hektar sahədə biçin aparılıb, həmin sahələrdən 1 milyon 618 min 893 ton məhsul yığılıb. Hazırda taxıl üzrə hektarın orta məhsuldarlığı 35 sentner təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 sentner çoxdur.

İndiyədək mexanizatorlar 122 min 78 hektar buğda, 340 min 74 hektar arpa sahəsi biçiblər. Bu sahələrdən 485 min 844 ton buğda, 1 milyon 133 min 49 ton arpa yığılıb. Buğda sahələrinin 26,6 faizində, arpanın isə 69,4 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 39,8 sentner, arpa üzrə isə 33,3 sentner təşkil edir.

Artıq Ucar rayonunda biçin tam yekunlaşıb, Masallı, Yevlax, Neftçala, Kürdəmir, Göyçay, Biləsuvar, Bərdə, Ağdaş rayonları üzrə taxıl sahələrinin 90 faizi biçilib. Hazırda biçin prosesində 1585 kombayn iştirak edir. Bunlardan 594-ü “Aqroservis” ASC-nin, 991-i isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Operativ məlumata görə, hazırda ən fəal biçin prosesi Şəki (131 kombayn), Cəlilabad (125 kombayn), Ağsu (102 kombayn), Goranboy (60 kombayn), Sabirabad (58 kombayn), Biləsuvar (57 kombayn), Kürdəmir (56 kombayn), Hacıqabul (55 kombayn), Saatlı (49 kombayn) və Füzuli (46 kombayn) rayonlarında aparılır.

Ölkə üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

XQ

İqtisadiyyat