Xarici İşlər Nazirliyi xəbər verir

post-img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberger ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə ICMP arasında əməkdaşlıq gündəliyi, münaqişədənsonrakı dövrdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən fəaliyyət, habelə bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.

Nazir Ceyhun Bayramov Ermənistanın hərbi təcavüzü nəticəsində təxminən 4 minə yaxın azərbaycanlının taleyinin bu günədək naməlum qaldığını diqqətə çatdıraraq, itkin düşmüş şəxslər məsələsinin Azərbaycan üçün prioritet humanitar istiqamətlərdən biri olduğunu vurğulayıb.

Görüşdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə ICMP arasında formalaşmış faydalı tərəfdaşlıq yüksək qiymətləndirilərək, bu əməkdaşlığın itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, identifikasiya imkanlarının gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycan tərəfinin 44 günlük Vətən müharibəsindən sonra humanitar öhdəliklərinə sadiq qalaraq, mürəkkəb təhlükəsizlik şəraitinə və mina təhlükəsinə baxmayaraq, genişmiqyaslı axtarış işləri həyata keçirdiyini, aşkarlanmış 2 mindən artıq erməni hərbçisinin cəsədini qarşı tərəfə təhvil verdiyini diqqətə çatdırıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər və ICMP-nin digər ölkələrdə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

***

İyunun 30-da xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub. Nazirlər beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayaraq, çoxtərəfli platformalarda əlaqələndirilmiş fəaliyyətin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyi çərçivəsində həyata keçirilən tədbirlər və qarşıdakı təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində Qazaxıstanın yüksək səviyyədə təmsil olunmasını məmnunluqla qeyd edib.

XQ



Son xəbərlər