Azərbaycanda Türk Dünyası Həftəsi

post-img

“Birinci Türkoloji Qurultay: Yüz ilin elmi və mədəni irsi”

Bakıda keçirilən “Birinci Türkoloji Qurultay: Yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres iyunun 30-da işini panel müzakirələrlə davam etdirib.

Məclisin ikinci günündə iştirakçılar əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi tarixi İsmailiyyə binası ilə tanış olublar. Bildirilib ki, Venesiya memarlıq üslubunda inşa edilən bina 1908-ci ildə tikilməyə başlanıb, 1913-cü ildə istifadəyə verilib. Tarixən burada Müsəlman Xeyriyyə Cəmiyyətinin iclasları, ziyalıların və müxtəlif ictimai təşkilatların toplantıları keçirilib.

“Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq”

Daha sonra “Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq” mövzusunda panel iclası işinə başlayıb.

Açılışda çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi”nin açılış mərasimində 26 ölkədən 300-dən çox nümayəndə iştirak edib.

Panelə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli moderatorluq edib.

Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker çıxışında rəhbərlik etdiyi qurumun Birinci Türkoloji Qurultayın elmi irsinin qorunmasını özünə vəzifə hesab etdiyini bildirib. Onun sözlərinə görə, 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayın türk xalqları və dövlətləri arasında formalaşdırdığı birlik ruhu bu gün də yaşayır və həmin irsin gələcək nəsillərə ötürülməsi vacibdir. Muzaffer Şeker müasir dövrdə dillərin qarşılaşdığı çağırışlara da toxunaraq qeyd edib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı dillərə ciddi təsir göstərir və müəyyən mənada onları bir-birinə yaxınlaşdırır. O vurğulayıb ki, türkoloqlar bu proseslərin doğura biləcəyi risklərin qarşısını almaq üçün qabaqlayıcı addımlar atmalıdırlar.

Paneldə çıxış edən Albaniyanın Tirana Universitetinin Tarix və arxeologiya fakültəsinin müəllimi Gezim Hoxha ölkəsinin tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu məkan olduğunu deyib. O diqqətə çatdırıb ki, Albaniyanın zəngin mədəni irsi müxtəlif tarixi dövrlərin qarşılıqlı təsiri nəticəsində formalaşıb və bu irsin mühüm hissəsini Osmanlı dövrü təşkil edir.

Arxeoloq kimi apardığı tədqiqatlara istinad edən Gezim Hoxha bildirib ki, Albaniyada Osmanlı, yunan, Roma, Bizans, orta əsr Albaniya və Avropa mədəni irsinin izləri eyni coğrafiyada yanaşı mövcuddur. Onun sözlərinə görə, bu müxtəlif tarixi qatlar bir-birini inkar etmir, əksinə, ölkənin zəngin mədəni kimliyini tamamlayır.

Gezim Hoxha diqqətə çatdırıb ki, Albaniyada çoxsaylı Osmanlı dövrünə aid məscidlər, körpülər, bazarlar və ənənəvi şəhərsalma nümunələri qorunub saxlanılıb. Bundan başqa, həmin irs dil, memarlıq, sənətkarlıq, kulinariya ənənələri və xüsusilə Bəktaşi təriqətinin mənəvi irsi vasitəsilə bu gün də yaşamaqdadır. O vurğulayıb ki, Osmanlı dövrü Albaniya tarixinin ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. Onun fikrincə, müxtəlif mədəni təbəqələrin yanaşı öyrənilməsi tarixin daha obyektiv araşdırılmasına, mədəni müxtəlifliyə hörmətin güclənməsinə və xalqlar arasında dialoqun inkişafına xidmət edir.

Qazaxıstan Prezidentinin müşaviri, tanınmış qazax yazıçısı Malik Otarbayev isə çıxışında Birinci Türkoloji Qurultayın 100 illiyinin məhz onun keçirildiyi tarixi binada qeyd olunmasının xüsusi rəmzi məna daşıdığını bildirib. O qeyd edib ki, yüz il əvvəl Türk dünyasının görkəmli alim və ziyalılarının məhz bu məkanda toplaşaraq ortaq gələcəyi müzakirə etməsi bugünkü iştirakçılarda həm qürur, həm də məsuliyyət hissi yaradır.

Malik Otarbayev vurğulayıb ki, Qazaxıstandan Birinci Türkoloji Qurultayda iştirak etmiş görkəmli alim və ziyalıların irsi bu gün də Türk dünyasının ortaq elmi və mədəni sərvəti kimi yaşayır.

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov çıxışında Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunmasını bütün Türk dünyası üçün əlamətdar hadisə kimi dəyərləndirib. O bildirib ki, hər bir xalq öz milli kimliyini, dilini və mədəni irsini qorumaqla yanaşı, ortaq türk dəyərlərinin yaşadılması istiqamətində də birgə fəaliyyət göstərməlidir.

Nazirin sözlərinə görə, beynəlxalq konqreslər, elmi forumlar, mədəni layihələr, kitablar və filmlər türk xalqlarını bir-birinə daha da yaxınlaşdırır. O əlavə edib ki, Özbəkistanda da ortaq tarixi və mədəni irsin təbliği, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirilir.

Birinci panel sessiyanın sonunda Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə təsis edilmiş xatirə döş nişanları təqdim olunub.

Panel müzakirələrdə Türk dünyasında elmi əməkdaşlığın genişləndirilməsi, ortaq elmi tədqiqatların təşviqi, dil, tarix və mədəni irsin qorunması, beynəlxalq akademik əlaqələrin inkişafı, eləcə də türkoloji elmin aktual istiqamətləri və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

“Türk tarixinə baxış və ideoloji yanaşmalar”

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində “Türk tarixinə baxış və ideoloji yanaşmalar” mövzusunda panel iclası keçirilib.

Panelə Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova moderatorluq edib.

Müzakirələrdə türk tarixinin müxtəlif dövrlərinə elmi yanaşmalar, tarixşünaslıqda ideoloji baxışların rolu, ortaq tarixi yaddaşın formalaşması və Türk dünyasının elmi əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paneldə Fateh Sultan Mehmet Vəqfi Universitetinin professoru Ahmet Taşağıl, Humboldt Universitetinin professoru Eva-Maria Aux, Osaka Universitetinin Humanitar Elmlər Tədqiqat İnstitutunun professoru Takasi Osava, Qafqaz Tarixi Mərkəzinin direktoru, dosent Rizvan Hüseynov, Türkiyə Qafqaz Universitetinin professoru Hacalı Necefoğlu və Özbəkistan Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun professoru Cabbor Eşonqulov çıxış ediblər.

İclasda türk naxışlarının ortaq mədəni yaddaşdakı rolu diqqətə çatdırılıb, həmçinin tarixdə "Türk" adını ilk dəfə rəsmi dövlət adı kimi istifadə edən Göytürk imperiyasının Azərbaycan türkləri də daxil olmaqla əksər müasir türk xalqlarının formalaşmasında əsaslı rol oynadığı qeyd olunub.

Bildirilib ki, türk naxışları yalnız estetik bəzək elementi deyil, xalqın minilliklər boyu formalaşmış dünyagörüşünü, mənəvi dəyərlərini və həyat fəlsəfəsini özündə yaşadan mühüm mədəni irsdir.

Diqqətə çatdırılıb ki, türkün ən böyük “kitablarından” biri məhz xalçalarda, kilimlərdə, memarlıq abidələrində və digər tətbiqi sənət nümunələrində qorunub saxlanılan naxışlardır. Naxış türk milləti üçün sadəcə estetik ifadə vasitəsi deyil. O, minilliklərin süzgəcindən keçərək günümüzə gəlib çatan ideoloji və simvolik kodlar sistemidir. Naxışlar türkün həndəsə dili ilə yazılmış yaddaşıdır.

Qeyd olunub ki, türk naxışlarının simvolik sistemi Göy Tanrı inancından başlayaraq İslam dövrünə qədər uzanan uzun mənəvi inkişaf yolunu əks etdirir. Xalçalarda yer alan həyat ağacı motivi kainatın sonsuzluğunu, nəsillərin davamlılığını və həyatın dövranını simvolizə edir.

Çıxışçılar türk xalqlarının ortaq tarixi irsinin araşdırılması, elmi tədqiqatların genişləndirilməsi, tarixi faktlara obyektiv yanaşmanın əhəmiyyəti və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Panel iclasının sonunda konqres iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

100 il əvvəlin salnaməsi

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib.

Yeni nəşr Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, həmçinin tanınmış alimlər – professor Mahirə Hüseynova və filologiya elmləri doktoru Aysel Qəriblinin müəllifi olduqları bir monoqrafiyadır.

Mərasimdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, kitabda Birinci Türkoloji Qurultayın tarixi missiyası hərtərəfli araşdırılıb. Əsərdə qurultayda müzakirə olunan əlifba, dil, terminologiya, etnoqrafiya, orfoqrafiya, ana dilinin tədrisi, regionşünaslıq və ədəbiyyat məsələlərinə xüsusi diqqət yetirilib: “Bu fundamental əsər cari il mayın 22-də Almatıda Milli Kitabxanada keçirilmiş beynəlxalq təqdimat mərasimində elmi ictimaiyyətə təqdim olunub. Hesab edirəm ki, bu nəşr təkcə tarixi faktlar toplusu deyil, həm də ortaq tariximizin, milli kimliyimizin və ümumtürk həmrəyliyinin ideoloji əsaslarını əks etdirən mühüm elmi mənbədir”.

Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayevin sözlərinə görə, ötən yüz il ərzində çoxsaylı böyük fəlakətlər və faciələr baş versə də, türkologiya sahəsində tədqiqatlar heç vaxt zəifləməyib və dayanmayıb: “Kitabın qazax və rus dillərində nəşr olunmuş nüsxələri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə də təqdim edilib. O, bu əsərin əhəmiyyətini xüsusi vurğulayaraq bizə belə bir tapşırıq verdi: “Qurultayın 100 illiyinə həsr olunmuş, Bakıda keçirilən bu möhtəşəm və yüksəksəviyyəli “Türk Dünyası Həftəsi”nə getməli və həmçinin mənim mesajımı da orada çatdırmalısınız”.

Qeyd edək ki, kitabda 1926-cı ildə Bakıda keçirilmiş qurultayın tarixi missiyası, onun türk xalqlarının mədəni və elmi inkişafındakı müstəsna rolu, eləcə də etnoqrafiya, orfoqrafiya, terminologiya, əlifba, dil və ədəbiyyat məsələləri dərin elmi təhlil əsasında təqdim olunub.

Şuşada TDT-nin dini qurum rəhbərlərinin görüşü

İyunun 30-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin I görüşü çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş, Özbəkistanın Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyev, Qırğız Respublikası Prezidenti yanında Dini Məsələlər və Millətlərarası Münasibətlər üzrə Milli Agentliyin sədri Talantbek Taşibekov və Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Rüstəm Əli ilə görüşüb.

Görüşlərdə TDT çərçivəsində birgə fəaliyyətin perspektivləri, ortaq mənəvi dəyərlərin qorunması, dini sahədə koordinasiyanın gücləndirilməsi, dini radikalizm və ekstremizmlə mübarizə, eləcə də müvafiq dövlət qurumları arasında təcrübə mübadiləsinin əhəmiyyəti müzakirə olunub. Eyni zamanda, təşkilata üzv ölkələrdə dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və müasir dövrün çağırışlarına uyğun institusional əlaqə mexanizmlərinin formalaşdırılması ətrafında geniş fikir mübadiləsi aparılıb.

Danışıqlar zamanı qardaş və tərəfdaş ölkələrin aidiyyəti dövlət qurumları arasında formalaşmış səmərəli əməkdaşlıq modelinin, müntəzəm təmasların və birgə layihələrin Türk dünyasında mənəvi birliyin daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyi xüsusi vurğulanıb. Həmçinin Şuşada keçirilən Birinci görüşün davamlı dialoqun inkişafı və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu format üzv dövlətlər arasında qarşılıqlı etimadın daha da güclənməsinə xidmət edir.

Nümayəndə heyətlərinin rəhbərləri tədbirin yüksək səviyyədə təşkilinə yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Qonaqlar toplantının TDT çərçivəsində institusional əlaqələrin yeni mərhələyə yüksəlməsi üçün mühüm platforma olduğunu, Azərbaycanın irəli sürdüyü təşəbbüslərin çoxtərəfli əməkdaşlığı yeni məzmunla zənginləşdirdiyini və imzalanmış Kommünikenin bu prosesə güclü təkan verəcəyini vurğulayıblar.

XQ









Mədəniyyət