Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Milli Xalça Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisinin açılış mərasimi keçirilib.
Tədbirdə muzeyin direktoru Əminə Məlikova bildirib ki, sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Respublikası Milli Təhsil Nazirliyi, Yunus Əmrə İnstitutu, Olğunlaşma İnstitutları və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil olunub.
Onun sözlərinə görə, ekspozisiya dil, tarix, incəsənət və təhsili bir araya gətirərək minillik türk mədəni irsini müasir nəsillərə təqdim edir. Sərgidə Divanü lüğat-it-türk əsərinin müasir bədii interpretasiyası nümayiş olunur.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxışında vurğulayıb ki, sərgi türk dilinin tarixi inkişafını və zənginliyini əks etdirən mühüm mədəni hadisədir. O qeyd edib ki, Divanü lüğat-it-türk türk dillərinin ən qiymətli yazılı mənbələrindən biridir.
Gökhan Seyhan sərginin ortaq türk mədəni irsinin tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.
Şükrü Haluk Akalın isə bildirib ki, sərgidə nümayiş olunan əsərlər Divanü lüğat-it-türkdəki sözlərdən, anlayışlardan və atalar sözlərindən ilhamlanaraq hazırlanıb. Ekspozisiyada toxuculuq, tikmə, keramika, ağac və metal işləmə sənətlərinə aid nümunələr, eləcə də mürəkkəb qabları, kitab cildləri və miniatür sənəti vasitəsilə canlandırılmış uşaq oyunları, toy mərasimləri, döyüş və ziyafət səhnələri təqdim edilir.
Layihə üzrə mütəxəssis Dilay Nakış Azərbaycanda bu layihədə iştirak etməkdən məmnun olduqlarını bildirib.
Hikmət Babaoğlu isə çıxışında Divanü lüğat-it-türkün türk dünyasının ortaq dil və mədəniyyət xəzinəsi olduğunu qeyd edib.
Tədbir Azərbaycan Milli Konservatoriyasının aşıqlar dəstəsinin musiqi proqramı ilə davam edib. Açılışdan sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgi 13 iyul tarixinədək ziyarətçilər üçün açıq olacaq.




















