Azərbaycan–Çin tərəfdaşlığı ümumi maraqlardan güc alır

post-img

Ölkələrimiz arasında idxal və ixrac sürətlə artır

Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində müxbirin “Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafında hansı mühüm nəticələr əldə olunub və bunu necə qiymətləndirirsiniz?” sualına cavabında iki ölkənin strateji tərəfdaşlığının qarşılıqlı hörmət, bərabərlik və etimad kimi əməkdaşlığın əsas prinsipləri üzərində qurulduğunu bildirib.

Azərbaycan lideri, eyni zamanda, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verildiyini və ikitərəfli əlaqələrin dərinləşməsinin ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirildiyini vurğulayıb.

Ölkə rəhbərimiz müsahibəsində ötən il paytaxt Bakıda keçirilən COP29 iqlim konfransı haqqında da ətraflı məlumat verib: “Bu tədbirdə 196 dövlətin, 150 beynəlxalq təşkilatın və BMT strukturlarının, həmçinin, təxminən, 2 min QHT-nin nümayəndələri iştirak etdilər. İnkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsinin ayrılması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması, həmçinin Paris Sazişinin 6-cı maddəsinin tam reallaşdırılması COP29 çərçivəsində qəbul edilən mühüm qərarlardır”.

Prezident İlham Əliyev müsahibədə Azərbaycanın COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf arasında əlaqəni əhatə edən 14 qlobal təşəbbüs irəli sürdüyünü, həmin təşəbbüslərin geniş beynəlxalq dəstək alaraq bəşəriyyətin gələcəyi və dünyanın iqlim gündəliyi üçün müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Müsahibədə ölkəmizin uğurları haqqında Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanılaraq geniş bəhs edilib. 2024-cü ildə respublikamızın xarici ticarətinin ümumi həcminin 7,9 faizinin Çinin payına düşdüyü, bu ölkənin Azərbaycanın dördüncü böyük ticarət tərəfdaşı olduğu və ilk dəfə əsas idxal mənbəyinə çevrildiyi də xatırladılıb: “Ötən il noyabrın 24-də Azərbaycanın ixrac malları daşıyan ilk dəmir yolu qatarı Bakıdan Çinə yola salınıb. Çinin şəhərlərində Azərbaycan ticarət evləri yaradılır, Azərbaycan xalçaları, nar şirələri və başqa yüksək keyfiyyətli məhsullar isə minlərlə çinli ailənin evinə daxil olur”.

Bütün bunlarla bərabər, Azərbaycan Çinin “Kəmər və yol” təşəbbüsünün iki ölkə arasında praktik əməkdaşlığın inkişafına müsbət təsir göstərdiyini də yüksək dəyərləndirir. Əlbəttə, burada söhbət ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin gələcək inkişafından, onların keyfiyyətcə yeni məzmunla zənginləşməsindən gedir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsi, həcminin 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artması və 3,744 milyard dollar təşkil etməsi, Çinin Azərbaycanın xarici ticarət dövriyyəmizdə payının 7,9 faiz olması, idxal üzrə lider mövqeyinə çıxması (bu göstərici 17,69 faizə çatması) da bunun bariz ifadəsidir.

İki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. Buna görə də Azərbaycan – Çin arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya iqtisadi əməkdaşlığı genişləndirmək, bu sahədə perspektivli istiqamətləri aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün önəmli layihələr gerçəkləşdirir.

Azərbaycan – Çin iqtisadi-ticari əməkdaşlığını şərtləndirən digər amillər sırasında ölkəmizə məxsus ticarət və şərab evlərinin artıq bu ölkənin Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində uğurla fəaliyyət göstərdiyi, bu müəssisələrin ikitərəfli ticari münasibətlərin inkişafına sanballı töhfə verdiyi diqqət çəkir.

Qeyd edək ki, hazırda respublikamızda qeydə alınan Çin kapitallı 375 şirkətdən 298-i səmərəli fəaliyyət göstərir. Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülən “Kəmər və yol” təşəbbüsünü yüksək dəyərləndirərək Azərbaycanın bu layihəni dəstəkləyən ilk ölkələrdən biri olduğunu, sözügedən istiqamətdə ciddi praktik layihələr həyata keçirdiyini diqqətə çatdırıb: “Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxış edərkən qeyd etdim ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır”.

Azərbaycan “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı davamlı şəkildə genişləndirir və bu istiqamətdə mühüm uğurlar əldə edir. Özünün əlverişli coğrafi mövqeyindən yararlanaraq Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafını sürətləndirir, infrastrukturu müasirləşdirir, onların ötürücülük qabiliyyətini artırır və əlavə investisiya yatırır.

Son 20 ildə ölkəmizdə 21 min kilometr avtomobil yolları salınması, yaxud təmir edilməsi, 335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilməsi, eləcə də 1500 kilometrdən artıq dəmir yolunun salınması və 1800 kilometrlik sahənin yenilənməsi də “Kəmər və yol” təşəbbüsü çərçivəsində reallaşdırılan layihələrin bariz ifadəsidir. Bu gün Bakı – Tbilisi – Qars dəmir yolu, Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta Dəhliz, həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.

Hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən səmərəli yoludur. Onun əhəmiyyəti sürətlə artır. Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.

Aqil ƏSƏDOV,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri

Hazırda Azərbaycan – Çin münasibətlərinin uğurla inkişafı hər iki dövlət başçısının ortaq siyasi iradəsi ilə bağlıdır. “Bir kəmər, bir yol” layihəsi əlaqələrin dərinləşməsində xüsusi əhəmiyyət kəsb edir. 2019-cu ildə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan yeganə dövlət başçısı Prezident İlham Əliyev olub. Çin lideri Si Cinpinin qlobal təşəbbüsü olan “Bir kəmər, bir yol” strategiyası üzrə Azərbaycana yüksək dəyər verməsi ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit imkanları ilə yanaşı, həm də dövlətimizin başçısına olan yüksək etimadı ilə bağlıdır.

Hələ 2019-cu ilin aprelində Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak edən dövlət başçısının bu səfəri çərçivəsində 10 mühüm sənəd imzalanıb. Sənaye, investisiya, ticarət sahələrini əhatə edən bu sənədlərin reallaşması Azərbaycanla Çin arasında ticari-iqtisadi əməkdaşlığın daha genişlənməsinə təkan verib. Nəticədə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 2018-ci ildəki 1,3 milyard dollardan 2,4 dəfə və ya 1,9 milyard dollar artaraq 2023-cü ildə 3,2 milyard dollara çatıb.

Sürətli dinamika nəticəsində Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Əgər 2018-ci ildə Çin Azərbaycanın 6-cı ticarət tərəfdaşı idisə, 2023-cü ilin nəticələrinə görə 4-cü iri ticarət tərəfdaşıdır. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.

“Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsi hesab olunan Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Orta dəhlizlə Çindən Avropaya 12 gün ərzində 10 min deyil, 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Avropa ölkələri ilə Çin arasında illik ticarət dövriyyəsi 700 milyard dolların üzərindədir. 2020-ci ildən etibarən Orta Dəhliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm olaraq konteynerlərin daşınması həyata keçirilir və 2020-2024-cü illərdə daşınma həcmi 2.5 dəfə artıb.

 



İqtisadiyyat