Xarici bank qrupu ölkəmizdə ÜDM-in artımını proqnozlaşdırır

post-img

Niderlandın ING bank qrupu yaxın illərdə Azərbaycan ümumdaxili məhsulunun (ÜDM) artımına dair proqnozunu ictimailəşdirib. Sənədə əsasən, 2025 və 2026-cı illərdə ölkə iqtisadiyyatı 2,5 faiz artacaq. 2027-ci ildə isə artım tempinin 2 faizə qədər zəifləyəcəyi gözlənilir.

Bank qrupu, həmçinin cari ilin rübləri üzrə inkişaf tendensiyasına nəzər salıb. Qurumun qiymətləndirməsinə görə, 2025-ci ilin üçüncü rübündə Azərbaycanda ÜDMin artımı 2,5 faiz təşkil edəcək. Dördüncü rübdə isə bu göstərici 4 faizə qədər yüksələcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025- ci ilin yanvar-may aylarında ölkədə 50 milyard manatdan çox ÜDM istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,9 faiz artıb.

ÜDM istehsalının 36,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi inşaat, 4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 21,7 faizi digər sahələrdə qeydə alınıb. Məhsullar və idxal üzrə xalis vergilər isə ÜDM-in 10,4 faizini təşkil edib. Hesabat dövründə ölkədə adambaşına düşən ÜDM 4 min 896,1 manat olub.

İqtisadiyyat