Yazlıq əkinlər subsidiyalaşdırılır

post-img

Ölkəmizdə yazlıq əkinlər tərəfindən dövlət subsidiyalaşdırılır. Əkin sahələrinin hər hektarına görə Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əmsallara uyğun olaraq fermerlərə subsidiyalar ayrılır.

Bugünlərdə Kənd Təsərrüfatı Nazirliyi subsidiya almaq istəyən fermerlərə müraciət edərək onları mayın 31-nə qədər yazlıq əkinlərini bəyan etməyə çağırıb. “Öz təsərrüfatlarında pambıq, qarğıdalı, günəbaxan, kartof, yazlıq arpa və buğda, tərəvəz, bostan və s. bitkiləri becərən fermerlər dövlət dəstəyindən yararlanmaq üçün əkinlərini mütləq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etməlidirlər”, – deyə müraciətdə qeyd olunub.

Artıq subsidiya almaq üçün müraciət prosesi tam elektronlaşdırılıb. Elektron müraciətin formalaşması üçün fermerlər EKTİS şəxsi kabinetlərində mülkiyyət və istifadə hüququna dair sənədlərə əsasən qeydiyyatdan keçirdikləri təsərrüfatları (torpaq sahələri) üzrə apardıqları yazlıq əkinlərlə bağlı məlumatları daxil etməlidirlər.

Xatırladaq ki, qanunvericiliyə əsasən, 5 hektardan artıq sahədə aparılan əkinlər aqrokimyəvi analiz və 10 hektarlıq əkinlər, eləcə də yeni salınan meyvə bağları sığorta predmeti hesab olunur. Bu səbəbdən də yazlıq əkin aparan fermerlər torpaq nümunələrindən analiz verməli və əkinlərini 50 faiz dövlət dəstəyi ilə sığortalamalıdırlar.

 

İqtisadiyyat