bp Azərbaycanla əməkdaşlığa yüksək önəm verir

post-img

Şirkət Xəzərdə yeni layihələr həyata keçirir

“Azərbaycanda biznes və investorlar üçün çox əlverişli mühit formalaşıb. Prezident İlham Əliyev, Azərbaycan hökuməti, səlahiyyətli qurumlar, Dövlət Neft Şirkətinin nümayəndələri və tərəfdaşlarımız elə şərait yaradırlar ki, biznesimiz və investorlar özlərini maksimum təhlükəsiz hiss edirlər”. Bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinqdə ətraflı məlumat verdi.

Ölkəmizdə biznesin inkişaf etməsinə və layihələrin həyata keçirməsinə imkan verən investisiya mühitinin yaradıldığını bildirən regional prezidentin sözlərinə görə, bu amil iqtisadiyyatın gələcək inkişafına və artımına töhfə verir. bp-nin Azərbaycandakı biznesinə rəhbərlik etməkdən məmnunluğunu vurğulayan C.Kristofoli dedi ki, təmsil etdiyi şirkətin ölkə qarşısında əsas vəzifəsi “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil olunan neftin həcmini maksimum dərəcədə artırmaq və eyni zamanda, daha çox neft çıxarıldıqca platformaların məhsuldarlığının təbii azalmasını idarə etməkdir: “AÇG dünyanın ən böyük və ən mühüm yataqlardan biridir. Bu yatağın bizim tərəfimizdən idarəolunma səviyyəsi sahə üzrə ən yaxşı göstəricilər sırasına daxildir”.

bp-nin qlobal strategiyasının neft və qaz hasilatının artırılmasına yönəldiyini bildirən regional prezident Azərbaycanın bu baxımdan şirkətin strateji planlarına tam uyğun gələn mühüm istiqamət kimi nəzərdən keçirildiyini diqqətə çatdırdı: “Biz neft-qaz sahəsində yüksəlmək istəyirik və Azərbaycan bu baxımdan həmin strategiyanın həyata keçirilməsini çox yaxşı dəstəkləyə bilər. Xəzər dənizi bir region kimi bp-nin strategiyasına tam uyğundur. Ona görə də biz çox istəyərdik ki, bundan sonra da ölkə rəhbərliyi və Azərbaycan Dövlət Neft Şirkəti ilə işləyək, yeni imkanları birlikdə müzakirə edib onlara qoşulaq”.

AÇG layihəsi çərçivəsində hasilat platformalarından qazılan quyuların sayının artırıldığını diqqətə çatdıran C.Kristofolinin sözlərinə görə, ARDNŞ və qazma üzrə podratçılarla tərəfdaşlıq sayəsində eyni avadanlıq və xərclərdən istifadə edilməklə qazma əməliyyatları 30 faizdən artıq çoxaldılıb ki, bu da əsl səmərəlilik sayıla bilər. O, həmçinin bildirdi ki, təzyiqi qoruyub saxlamaq lazımdır ki, neft səthə maneəsiz çıxsın. Bunun üçün isə rezervuarın davamlı fəallığının təmin olunması məqsədilə lazımi sahələrə su və qaz vurulur. Bununla yanaşı, şirkət hazırda müasir texnologiyalar, yüksək dəqiqlikli dənizdibi sensorlar vasitəsilə seysmik çəkilişlər aparır.

Diqqətə çatdırıldı ki, bp şirkəti bu ilin avqust ayında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı “Mərkəzi Azəri” platformasının fəaliyyətini profilaktik işlər aparmaq məqsədilə qismən dayandırmağı planlaşdırır. 11 gün platformanın yalnız qaz qurğularının fəaliyyəti dayandırılacaq ki, bu da neft hasilatını davam etdirməyə mane olmayacaq.

bp-nin regional prezidenti bu il AÇG sərbəst qazın işlənməsi layihəsi çərçivəsində ilk hasilata başlanılacağını diqqətə çatdırdı: “Məni xüsusilə sevindirən məqam odur ki, ilin birinci yarısında, təxminən, yay aylarına doğru, biz “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun daha dərin hissəsindən qazılan quyunu istismara verəcəyik. Bu, rezervuarın yeni hissəsini öyrənməyə imkan yaradacaq və həmin hissə böyük həcmdə qaz verə bilər ki, bu da hasilat göstəricilərimizi əhəmiyyətli dərəcədə artıracaq”. Onun sözlərinə görə, qeyd olunan göstərici AÇG-də iri qaz ehtiyatlarına çıxışı təmin edəcək.

Yeri gəlmişkən, AÇG yatağındakı sərbəst təbii qaz ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 2024-cü il sentyabrın 20-də mövcud hasilatın pay bölgüsü sazişinə yeni bir əlavə imzalanıb. Həmin sazişə sərbəst təbii qaz ehtiyatları ilə bağlı yeni əlavənin imzalanmasından sonra planlaşdırılmış ilkin hasilat quyusu “Qərbi Çıraq” platformasından təhlükəsiz şəkildə qazılıb. Qiymətləndirmə baxımından xüsusi əhəmiyyət daşıyan həmin quyudan əldə olunan məlumatlar AÇG-dəki sərbəst təbii qaz ehtiyatlarının işlənməsi üçün gələcək planların hazırlanmasına kömək edəcək. Ümumilikdə isə, buradan çıxarıla bilən sərbəst təbii qaz ehtiyatlarının 4 trilyon kub futadək olduğu proqnozlaşdırılır.

Brifinqdə bp və tərəfdaşlarının Azərbaycanda həyata keçirdikləri “Şahdəniz” qaz hasilatı və ixracı layihəsi ilə bağlı da ən son məlumatlar çatdırıldı. Qeyd olundu ki, hazırda “Şahdəniz” layihəsi üzrə işlərin etibarlılıq göstəriciləri 100 faiz səviyyəsində qalır ki, bu da dünyanın neft-qaz sənayesində nadir hallarda rast gəlinən nəticədir. Layihə üzrə fəaliyyətlərin uğurla davam etdirildiyini bildirən regional prezident qeyd etdi ki, ilk növbədə, qazma işlərinə xüsusi diqqət yetirilir. Onun sözlərinə görə, bu il layihə çərçivəsində, təxminən, 6 yeni quyunun qazılması planlaşdırılır. Bununla yanaşı, “Şahdəniz Kompressiya” adlı yeni obyektin tikintisinin uğurla davam etdirildiyini bildirən şirkət rəhbəri dedi ki, həmin obyekt rezervuara olan təzyiqi azaltmağa kömək edəcək və daha çox qazın hasil olunmasına şərait yaradacaq.

Şirkət rəsmisi onu da bildirdi ki, hazırda “Şahdəniz” layihəsi çərçivəsində payın və gəlirlərin idarə edilməsi ABŞ və Avropa İttifaqı tərəfindən bəlli ölkələrə tətbiq olunan sanksiyalara ciddi riayət olunmaqla həyata keçirilir ki, bu da fəaliyyətin heç bir pozuntulara yol vermədən davam etdirilməsinə imkan verir. Onun sözlərinə görə, bu yanaşma ARDNŞ, Azərbaycan hökuməti, eləcə də Avropa İttifaqı və ABŞ ilə razılaşdırıldığından “Şahdəniz” yatağında fəaliyyət tamamilə mövcud beynəlxalq qaydalar çərçivəsində davam edir.

Covanni Kristofoli daha sonra qeyd etdi ki, bp şirkəti hazırda Azərbaycanda müxtəlif istiqamətlərdə yeni qaz mənbələrinin müəyyən edilməsi üzərində işləyir. Bu məqsədlə Xəzərin Azərbaycan sektorunda uğurlu seysmik tədqiqatlar aparılır ki, həmin işlər də dənizin hansı hissələrində yeni potensial qaz ehtiyatlarının olduğunu tapmağa imkan verəcək. Xəzər dənizində aparılan geoloji kəşfiyyat işləri çərçivəsində isə “Şəfəq-Asiman” bloku üzrə həyata keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırıldı. Eyni zamanda, Azərbaycan və ARDNŞ ilə yeni layihələrə qoşulmaq üçün işlər davam edir.

Regional prezident bp və tərəfdaşlarının Azərbaycanda yenicə qoşulduğu “Qarabağ” və “Əşrəfi–Dan ulduzu–Aypara” layihəsi, eləcə də ölkəmizdə həyata keçirilən sosial sərmayə proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən də geniş bəhs etdi.

Sonda media nümayəndələrinin çoxsaylı sualları cavablandırıldı.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat