Azərbaycan maliyyə sabitliyi məkanıdır

post-img

Yoxsulluq arxada qalıb, xarici borc ən aşağı həddədir

Maliyyə Nazirliyinin ölkəmizin xarici borcu ilə bağlı operativ məlumatına əsasən, cari ilin birinci yarısında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili borc üzrə 328,7 milyon manat (faiz borcu üzrə), xarici borc üzrə 698,8 milyon manat olmaqla (əsas borc üzrə 498,5 milyon manat, faiz borcu üzrə 200,3 milyon manat), ümumilikdə, 1 milyard 27,5 milyon manatın ödənilməsi gerçəkləşdirilib.

Xarici borclanma hesabına icrası reallaşdırılan layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilən operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 iyul tarixinə xarici dövlət borcunun səviyyəsi 5 milyard 10,7 milyon dollar təşkil edib. Operativ məlumatlara əsasən, daxili dövlət borcunun səviyyəsi 2025-ci il 1 iyul tarixinə 17 milyard 177,4 milyon manata (cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,1 faizi) çatıb.

Dövlətimizin başçısı həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində regional gücə çevrilən ölkəmizin artıq dünyada maliyyə sabitliyi, aşağı borcluluq səviyyəsi və dayanıqlı inkişaf templəri ilə diqqət çəkdiyini dəfələrlə bildirib. III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş zamanı da Prezident İlham Əliyev respublikamızın borc göstəricilərindəki uğurlarını beynəlxalq miqyasda müqayisəli təhlil fonunda diqqətə çatdıraraq Azərbaycanın xarici borcunun ÜDM-in cəmi 6,9 faizi səviyyəsində olduğunu və bunun inkişaf etmiş bir sıra ölkələrlə müqayisədə xeyli aşağı göstərici sayıldığını xüsusi vurğulayıb.

Prezident İlham Əliyev sözügedən forumda açıq və qətiyyətli mövqe sərgiləyərək qeyd edib: “Əlbəttə ki, kim bizi tənqid edir, onların məhz xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır. Biz yoxsulluğu 5 faizə salmışıq və Fransaya gəldikdə, bu, xeyli çoxdur”. Bu çıxış həm ölkəmizin uğurlu iqtisadi modelinin əsas göstəricilərini, həm də bəzi dövlətlərin Azərbaycanı tənqid edərkən öz daxili vəziyyətlərinə baxmamasını bir daha üzə çıxarır.

Maliyyə Nazirliyinin yaydığı yuxarıda xatırlatdığımız son rəsmi açıqlama da ölkəmizin borc siyasətinin necə şəffaf və məsuliyyətli şəkildə idarə olunduğunu bir daha göstərir. Bununla bağlı xatırladılan rəqəmlər isə Azərbaycanın borc yükünə məsuliyyətli yanaşdığını, borc öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirdiyini sübut edir. Yeri gəlmişkən, dövlət büdcəsində bu xərclər əvvəlcədən planlaşdırılır və icra prosesi ciddi nəzarət altında aparılır. Bununla yanaşı, bu göstəricilər onu da deməyə əsas verir ki, ölkəmiz borc məsələsində riskləri minimallaşdırmaqla yanaşı, eyni zamanda, borclanmanı yalnız zəruri və səmərəli layihələr üçün tətbiq edir.

Azərbaycanın xarici dövlət borcunun həcminin hazırda 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etməsi isə həm nominal, həm də ÜDM-ə nisbət baxımından beynəlxalq standartlara görə qənaətbəxş səviyyədir. Müqayisə üçün qeyd edək ki, bu göstərici dünyanın bir çox inkişaf etmiş dövlətlərində 80 – 120 faiz aralığında dəyişir və borc böhranı risklərini artırır. Digər tərəfdən, yuxarıda vurğuladığımız daxili dövlət borcu da tamamilə nəzarət olunan səviyyədədir. Belə ki, 2025-ci il 1 iyul tarixinə daxili dövlət borcu 17 milyard 177,4 milyon manat olmaqla, cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil edir. Bu rəqəmlər maliyyə bazarlarında etimadı gücləndirir, investorların Azərbaycan iqtisadiyyatına marağını artırır və ölkəmizin kredit reytinqinə müsbət təsir göstərir.

Aşağı səviyyəli borcluluq Azərbaycanın maliyyə müstəqilliyini və suverenliyini təmin edən mühüm amil olaraq çıxış edir. Xarici borca həddindən artıq bağlı olmayan ölkə həm daxili siyasətdə, həm də beynəlxalq münasibətlərdə daha müstəqil qərarlar qəbul edə bilir. Bu, xüsusilə geopolitik çağırışların artdığı bir dövrdə strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin iqtisadi siyasəti nəticəsində dövlət borclanması yalnız məhsuldar və iqtisadi faydalılığı yüksək olan layihələr üçün cəlb olunur. Bu, eyni zamanda borcun geri qaytarılmasını reallaşdıran maliyyə axınlarını da nəzərə almağa imkan verir. Beləliklə, Azərbaycan həm borclanmanın miqyasını, həm də məqsədlərini optimal şəkildə tənzimləyir.

Dövlət başçısının diqqətə çatdırdığı digər mühüm məqam isə yoxsulluğun əhəmiyyətli dərəcədə azalması ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyev qeyd edib: “Biz yoxsulluğu 5 faizə salmışıq”. Bu, təkcə makroiqtisadi göstəricilər baxımından deyil, həm də insan kapitalının inkişafı, sosial ədalət və inklüziv iqtisadiyyatın təşviqi baxımından olduqca əhəmiyyətlidir. Azərbaycanın sosial-iqtisadi inkişaf modelləri sübut edir ki, ölkədəki iqtisadi artım təkcə statistik rəqəmlərdə deyil, həm də əhalinin gündəlik rifahında öz əksini tapır. Bu isə dövlətin vətəndaş yönümlü siyasət apardığını göstərir.

Beləliklə, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumundakı çıxışında Azərbaycanın iqtisadi modelinin əsas dayaq sütunlarını qlobal auditoriyaya təqdim etdi. Aşağı borcluluq səviyyəsi, maliyyə sabitliyi, sosial rifahın yüksəldilməsi və maliyyə intizamının təmin olunması bu modelin əsas komponentləridir. Bütün bunlar isə Azərbaycanı regionda fərqləndirir, ölkəmizin beynəlxalq mövqeyini gücləndirir və gələcək üçün dayanıqlı inkişafın əsaslarını möhkəmləndirir. Azərbaycanın bu uğurlu iqtisadi siyasəti həm ölkə daxilində sabitlik yaradır, həm də xarici investorlar üçün etibarlı mühit formalaşdırır. Dövlətimizin başçısının apardığı siyasət nəticəsində Azərbaycan bu gün nəinki Cənubi Qafqazın lideri, eyni zamanda, beynəlxalq iqtisadi və siyasi arenada etibarlı tərəfdaş kimi qəbul edilir.

Xatırladaq ki, Azərbaycanın borc göstəricilərinin aşağı səviyyədə olması beynəlxalq maliyyə institutları tərəfindən də yüksək qiymətləndirilir. Ölkəmizin mötəbər beynəlxalq reytinq agentlikləri tərəfindən “sabit” və ya “müsbət” kredit proqnozları ilə qiymətləndirilməsi, məhz borc sabitliyinin və dövlət maliyyə siyasətinin nəticəsidir. Bu amil, eyni zamanda, xarici investorlar üçün Azərbaycanın iqtisadi mühitini daha cəlbedici edir.

Borc siyasətinin uğurlu istiqamətlərindən biri də onun məqsədyönlü istifadə prinsipi ilə bağlıdır. Azərbaycan dövləti aldığı borcları yalnız strateji infrastruktur layihələrinin maliyyələşdirilməsinə, sosial-iqtisadi inkişafa və uzunmüddətli iqtisadi səmərəliliyi təmin edəcək sahələrə yönəldir. Bu yanaşma borcların gələcəkdə özünü iqtisadi artım və sosial rifah şəklində doğrultmasına xidmət edir.

Azərbaycanın borc strategiyası həm də uzunmüddətli maliyyə sabitliyi ilə bağlı milli maraqlara söykənir. Hazırda qəbul edilmiş “Orta və uzun müddətli dövlət borcunun idarə edilməsi strategiyası”na uyğun olaraq, dövlət borcunun ÜDM-ə nisbəti məhdudlaşdırılır, valyuta riskləri minimallaşdırılır, öhdəliklərin müddət strukturu optimallaşdırılır və faiz yükü idarə olunacaq səviyyədə saxlanılır. Bu sənədin tətbiqi nəticəsində Azərbaycanın dövlət borcu tədricən azaldılır və büdcə sabitliyi gücləndirilir.

Digər bir vacib məqam isə ondan ibarətdir ki, borc göstəricilərinin bu səviyyədə saxlanılması makroiqtisadi sabitlik üçün mühüm təminatdır. Çünki aşağı borc yükü inflyasiya risklərinin azalmasına, valyuta ehtiyatlarının qorunmasına və maliyyə intizamının güclənməsinə səbəb olur. Bu isə bütövlükdə ölkə iqtisadiyyatına olan etimadı artırır. Maliyyə siyasətində şəffaflıq və məsuliyyət prinsipləri Azərbaycan hökumətinin borc idarəçiliyində rəhbər tutduğu əsas dəyərlərdir. Dövlət borcu ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə açıqlanır, hesabatlılıq təmin olunur və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq daha da genişləndirilir. Məhz bu amillər nəticəsində Azərbaycanın beynəlxalq maliyyə bazarlarında imici möhkəmlənir, yeni investisiya imkanlarının formalaşması üçün münbit zəmin yaranır.

Nəticə etibarilə, Azərbaycanın dövlət borcunun həm nominal, həm də ÜDM-ə nisbətdə aşağı səviyyədə olması, daxili və xarici borcun tam nəzarət altında idarə olunması, ölkəmizin iqtisadi dayanıqlığını və maliyyə etibarlılığını bir daha təsdiqləyir. Bu uğurlar müasir dövrün çağırışları fonunda Azərbaycanın öz milli maliyyə təhlükəsizliyini təmin etməkdə nə qədər iradəli və prinsipial siyasət yeritdiyini göstərir. Bu siyasətin davamlılığı, şübhəsiz ki, gələcək illərdə də ölkə iqtisadiyyatının möhkəmlənməsinə və dayanıqlı inkişafına xidmət edəcək.

 



İqtisadiyyat