Tarixin yeni səhifəsi: “Qarabağ” Çempionlar Liqasında ilk qələbəsini qazandı

post-img

Avropa nəhəngi “Benfika” üçün adi başlayan qarşılaşma “Qarabağ” üçün tarixi zəfərlə nəticələndi. Futbolda hər şeyin mümkün olduğunu deyirlər - Azərbaycan çempionu bunu bir daha sübut etdi.

Oyunun 16-cı dəqiqəsində hesabda 2:0 irəli çıxan “Benfika” asan qələbə qazanacağını güman etməklə böyük səhvə yol vermiş oldu. “Qarabağ” isə “Sakit ol, panikaya düşmə” rejimini işə salaraq oyuna nəzarət etməyə başladı. Baş məşqçi Qurban Qurbanov ilk dəqiqələrdən futbolçulara oyundan həzz almalarını və daha cəsarətli oynamalarını tapşırdığını deyir.

Rəqibin müdafiəsində boşluqlar axtarmağa başlayan “Qarabağ” üç dəfə bunu bacardı. Təsadüfi deyil ki, “qapı çərçivəsinə zərbələr” göstəricisində də qonaqlar üstün idilər - 5:3.

UEFA Çempionlar Liqası əsas mərhələsi ərəfəsində təcrübəli hücumçu transfer etmədiyi üçün “Qarabağ”ı ciddi tənqid edən Azərbaycan mediası və fanatlar komandanın əksər oyunlarda böyük hesabla məğlub olacağını proqnozlaşdırırdı. Amma "Qarabağ" tez-tez gözləntiləri alt-üst etməyi və hər oyunçusunun qol vurmağı bacardığını sübut edə bilir. Necə ki, bunu yarımmüdafiəçi və cinah oyunçuları saylan Lendro Andrade, Kamilo Duran və Oleksiy Kaşuk Lissabonda etdilər.

Yeni transfer, “Qarabağ”da ilk qolunu məhz Çempionlar Liqasında vuran və oyunun qəhrəmanlarından biri olan Kamilo Duran deyir: “Asan olmayacağını bilirdik, amma çox çalışdıq və üç xal qazandıq. Oyuna bir az diqqətsiz başlasaq da, təslim olmadıq. Həmişə hücumda oynamağa çalışdıq və lazım olan qələbəni qazandıq”.

Bəli, Portuqaliya futbolunun liderlərindən biri “Benfika” heyəti Portuqaliya aşağı liqalarından gəlmiş Kevin Medina, Matheus Silva, Pedro Bikalyo, Leandro Andrade, Kadi Borges və Kamilo Duran kimi oyunçulardan ibarət “Qarabağ”la bacarmadı. Hazırkı Çempionlar Liqası təsnifat mərhələlərində qapılarından top buraxmayan “Benfika”lı futbolçular Azərbaycan çempionunun göstərdiyi oyundan şokda idilər. Onlar daim pressinq edən, qısa ötürmələrlə oynayan, lazım olanda bütün komanda ilə müdafiə olunan və sürətli əks hücuma keçən rəqibə qarşı necə davranacaqlarını bilmirdilər. Yəqin ki, onlar 2024-cü ilin fevralında “Qarabağ”ın Portuqaliyada “Braqa”ya 4:2 hesabı ilə qalib gəldiyi oyunu diqqətlə izləməmişdilər. O vaxt Azərbaycan çempionu iki oyunun nəticəsinə görə 6:5 hesabı ilə qalib gəlib, tarixində ən böyük uğura imza ataraq Avropa Liqası 1/8 finalına çıxmış və yalnız “Bayer Leverkuzen” böyük çətinliklə onları dayandıra bilmişdi – 2:2, 2:3.

Beləliklə, “Qarabağ” Çempionlar Liqasında ilk qələbəsini qazandı. Hazırda UEFA-nın klub reytinqində 58-ci yerdə olan komandanın 10-cu pillədəkinə qalib gəlməsinə sensasiyadan başqa nə ad vemək olar? Amma kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medinanın fikrincə, bu qələbə onlar üçün sürpriz deyil: “Bütün oyunçularımız bunu əvvəlcədən düşünmüşdük. Biz Lissabona qələbə üçün getmişdik”.

Azərbaycan Prezidenti İlham Əliyev də “Qarabağ”ın qələbəsi ilə bağlı rəsmi “X” hesabında paylaşım edərək bu qələbənin Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəri olduğunu vurğulayıb. O, “Qarabağ”ın geridönüş etməsini komandanın məğlubedilməz ruhunu, mübarizə əzmini göstərdiğini bildirərək sözlərini belə davam etdirib: “Hər bir azərbaycanlı Avropada xariqələr yaradan “Qarabağ”la qürur duyur”.

Portuqaliyadakı qələbə “Qarabağ”ın Avropadakı rəqiblərinə açıq mesajdır: bu komandanı əsla kiçik hesab etməyin. O, artıq yalnız iştirakçı deyil, iddialı rəqibdir.

Rasim Mövsümzadə

İdman icmalçısı

 

İdman