AMEA Naxçıvan Bölməsində AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə birgə “Azərbaycan memarlığının görkəmli siması: Əcəmi Naxçıvani” mövzusunda respublika elmi konfransı keçirilib. Bu haqda “Xalq” qəzetinə Bölmənin mətbuat xidmətindən məlumat verilib.
Konfransın plenar iclasında AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən Möminə xatun türbəsinin bərpası və konservasiyası, həmçinin Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd olunması ilə bağlı imzalanmış sərəncamların əhəmiyyətindən danışıb. Qeyd olunub ki, bu sənədlər Azərbaycan memarlıq irsinə və milli-mədəni dəyərlərə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Daha sonra akademik İsmayıl Hacıyev “Əcəmi Naxçıvani: həyatı, mühiti və sənəti” mövzusunda məruzə edib. Məruzədə Əcəmi Naxçıvaninin həyat və yaradıcılığı, memarlıq irsi, abidələrdə istifadə olunan ornament və kompozisiya xüsusiyyətləri haqqında məlumat verilib. Bildirilib ki, Əcəminin yaratdığı memarlıq nümunələri Azərbaycan memarlıq tarixində mühüm yer tutur.
Naxçıvan Dövlət Universitetinin professoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli “Görkəmli memar Əcəmi Naxçıvani şəxsiyyəti və irsinə dövlət qayğısı” mövzusunda məruzə edib. Məruzədə Əcəmi Naxçıvaninin Naxçıvan memarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olduğu vurğulanıb, Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanılan diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev “Əcəmi yaradıcılığındakı bəzi naxış motivlərinin tarixi kökləri” mövzusunda məruzə edib. Məruzədə Əcəmi memarlığı üçün xarakterik olan ornamentlər, astral naxışlar və meandr təsvirlərinin xüsusiyyətləri təhlil olunub.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli “Xaraba Gilan şəhər yerində Əcəmi yadigarı” mövzusunda məruzə edib. Tədqiqatçı Xaraba Gilan I Memorial Kompleksində yerləşən səkkizüzlü türbənin memarlıq xüsusiyyətlərini təhlil edərək Əcəmi irsi ilə bağlı elmi fikirlərini diqqətə çatdırıb.
Konfrans daha sonra bölmə iclasları ilə davam etdirilib. Bölmə iclaslarında AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva “Möminə xatun abidəsi arxeoloji və mədəni dəyərlər müstəvisində”, elmi katib, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Əcəminin ilk məlum abidəsi – Yusif Küseyir oğlu türbəsi”, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Möminə xatun məqbərəsi ilə bağlı aparılan araşdırmalar haqqında”, elmi işçi Aysel İsmayılova “Memar Əcəmi yaradıcılığında şirli keramika elementləri və onların bədii-estetik xüsusiyyətləri”, elmi işçi Elmar Baxşəliyev “Möminə xatun türbəsinin naxışlarında arxaik dini düşüncə və simvolik struktur”, şöbə müdiri, tarix elmləri doktoru, dosent Toğrul Xəlilov “Memar Əcəmi Naxçıvani yaradıcılığının Azərbaycan və ümumtürk memarlıq kontekstində əhəmiyyəti”, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Memar Əcəmi yaradıcılığının tədqiqi məsələləri”, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyeva “Əcəmi Naxçıvani memarlıq məktəbinin Memar Sinan yaradıcılığına təsiri” və elmi işçi Kübra Əliyeva “Naxçıvan memarlıq məktəbinin günümüzə çatmayan abidələri” mövzularında məruzə ediblər. AMEA Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sevinc Hüseynova “Səlcuqlu dövrü memarlıq ornamentlərinin təsnifatı haqqında”, elmi işçi Vüsalə Beydullazadə “Memar Əcəmi abidələrində inşaat keramikası və hörgü texnikası”, böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Vəliyev “Əcəmi yaradıcılığında qədim inancların elementləri”, elmi işçi Zümrüd İmanova “Naxçıvan orta əsr ictimai tikililərinin memarlıq xüsusiyyətləri və turizm potensialı” və kiçik elmi işçi Günel Əliyeva “Qəbirüstü abidələrin sosial statusun müəyyən edilməsində rolu” mövzularında məruzə ediblər. Həmçinin AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi Brilyant Cəfərli “Əcəmi Naxçıvani yaradıcılığında kosmoqonik rəmzlərin mənası”, şöbə müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımov “Memarın məhəbbəti” poemasında Əcəmi Naxçıvani: şəxsiyyəti, sənəti və mühiti” və şöbə müdiri Şəmsiyyə Zalova “Naxçıvan rəssamlıq məktəbi nümayəndələrinin yaradıcılığında Memar Əcəmi irsi” mövzularında məruzə ediblər.
Səbuhi HƏSƏNOV


.jpeg)
