QAİ “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” adlı layihə-müsabiqəyə start verib

post-img

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” adlı layihə-müsabiqəyə start verilib.

Bu barədə İcmanın mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar 13 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında mətbuat konfransı keçirilib. 

Konfransda çıxış edən Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Qərbi Azərbaycanda Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi və maddi abidələri qalıb və bu irs illərdir erməni vandalizminə məruz qalır. O qeyd edib ki, bu, təkcə Azərbaycan xalqının mədəni irsinə qarşı deyil, bütövlükdə dünya mədəni irsinə qarşı törədilmiş cinayətdir.

Məlahət İbrahimqızı vurğulayıb ki, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması və beynəlxalq şəhərsalma forumlarının keçirilməsi fonunda Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası da bu istiqamətdə öz töhfəsini verməyi qarşısına məqsəd qoyub.

Onun sözlərinə görə, “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihəsi çərçivəsində məktəblilər tərəfindən Qərbi Azərbaycana aid tarixi abidələrin müxtəlif maketləri hazırlanacaq və bu işlər müsabiqə formatında təqdim olunacaq.

Deputat xatırladıb ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı çıxışında gənc nəslin tarixi torpaqlarımız və milli-mədəni irsimiz barədə maarifləndirilməsinin vacibliyini xüsusi vurğulayıb. O qeyd edib ki, layihənin əsas məqsədlərindən biri də məhz gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi və onların milli irsə bağlı ruhda yetişdirilməsidir.

Məlahət İbrahimqızı layihəyə dəstək göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə təşəkkürünü bildirib və istedadlı məktəblilərin müsabiqədə fəal iştirak edəcəyinə inandığını deyib.

Qeyd olunub ki, layihənin yekununda Qərbi Azərbaycanın xəritəsi üzərində bölgələr üzrə həmin ərazilərə məxsus tarixi abidələri əks etdirən xüsusi maket kompozisiyası hazırlanacaq. Xəritədə Qərbi Azərbaycanın hər bölgəsinə aid özünəməxsus memarlıq və mədəni irs nümunələri nümayiş etdiriləcək.

 

Tacir SADIQOV

XQ









Sosial həyat