Elektrik enerjisi ixracı 4,3 dəfə artıb

post-img

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 7 ayında ölkəmizdən 43 milyon ABŞ dolları dəyərində 737 milyon 466 min kVt/saat elektrik enerjisi ixrac edilib. İyulda isə ölkədən 3 milyon 53 min dollarlıq 57 milyon 623 min kVt/saat (keçən ilin eyni ayına nisbətən müvafiq olaraq 4,3 dəfə çox) elektrik enerjisi ixrac olunub. Qeyri-neft məhsullarının ixracında elektrik enerjisinin payı 2,23 faiz çoxalıb.

Qeyd edək ki, Azərbaycanın son illər ən çox elektrik enerjisi ixrac etdiyi ölkə Türkiyədir. Enerji Gürcüstan üzərindən ötürülür. Əvvəlki illərdə qardaş ölkə üzərindən Avropaya az miqdarda elektrik enerjisi ixrac olunub. Yaxın illərdə Azərbaycandan Türkiyəyə elektrik enerjisi Naxçıvan üzərindən ötürüləcək.

Bu ilin 7 ayında respublikamız xarici ölkələrlə 28 milyard 842 milyon dollar (ötən ilin eyni dövrünə nisbətən 7,25 faiz çox) dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon dolları ixracın, 13 milyard 615 milyon dolları isə idxalın payına düşüb.

 

İqtisadiyyat