Zəngilanda yeni elektrik şəbəkəsi yaradılır

post-img

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ölkənin bütün regionlarında olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurda da yenidənqurma, əsaslı təmir-bərpa işlərini davam etdirir. Görülən işlər nəticəsində Zəngilanın bir sıra kəndlərində, eləcə də şəhər mərkəzində elektrik təsərrüfatı yenilənir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Zəngilanda yeni qurulan şəbəkədə “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin infrastrukturu üçün bütün imkanlar yaradılır.

Qurumdan verilən məlumata görə, Ağalı kəndində yeni tikilmiş 55 fərdi yaşayış evi və 2 mərtəbəli, 48 mənzilli binanın dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması üçün bütün işlər görülüb. Həmin yaşayış obyektlərinin işıqlandırılması məqsədilə ikidövrəli 35 kilovoltluq yeraltı kabel xətləri çəkilib, SMS tipli sayğaclar quraşdırılıb. Ağalı kəndində abonentlərə xidmət göstərən 10 müasir tipli tansformator məntəqəsi quraşdırılıb. Bununla yanaşı, şəhər ərazisində tikilən 104 mənzilli yaşayış kompleksi 1600 kVA gücündə 35,04 kilovoltluq 2 müasir tansformator məntəqəsi ilə təchiz olunub. Zəngilan Elektrik Şəbəkəsinin rəqəmsal idarəetmə mərkəzindən ikidövrəli 35 kilovoltuq yeraltı kabel xətti çəkilib, binalarda SMS tipli sayğaclar quraşdırılıb.

Gələcəkdə Cahangirbəyli kəndinə köç edəcək sakinlərin elektrik enerjisinə olan tələbatını ödəmək üçün 110/35/10 kilovoltluq “Zəngilan” yarımstansiyasından 11 kilometr özünüdaşıyan izolyasiyalı naqillərlə ikidövrəli 35 kilovoltluq kabel hava xətti çəkilib.

Rayonun Məmmədbəyli də yaxın gələcəkdə öz doğma sakinlərinə qovuşacaq. Bu məqsədlə yaşayış məntəqəsində yenidənqurma işləri davam edir. Görülən işlərin nəticəsində Ağalı kəndinin paylayıcı qurğusundan Məmmədbəyliyədək 3,5 kilometr ikidövrəli 35 kilovoltluq yeraltı kabel xətti çəkilib, 67 SMS tipli sayğac quraşdırılıb. Kənddə 1000 kVA gücündə müasir tipli 4 transformator məntəqəsi abonentlərə xidmət göstərəcək.

 

İqtisadiyyat