Xarəzmdə "Dünya mədəni inkişafında rəqs sənəti: ənənələr və dəyərlər" mövzusunda III Beynəlxalq elmi-praktik konfrans keçirilib

post-img

Özbəkistanın Xarəzm vilayətinin qədim Xivə şəhərində III Beynəlxalq "Ləzgi" Rəqs Festivalı çərçivəsində "Dünya mədəni inkişafında rəqs sənəti: ənənələr və dəyərlər" mövzusunda III Beynəlxalq elmi-praktik konfrans keçirilib.

Özbəkistan Mədəniyyət Nazirliyi, Xarəzm vilayət hakimiyyəti, UNESCO, TÜRKSOY, Beynəlxalq Festivallar İdarəsi, Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyası, Kulturoloji Tədqiqatlar və Qeyri-Maddi Mədəni İrs İnstitutunun təşkilatçılığı ilə baş tutan konfransda dünyanın 30-dan çox ölkəsindən gələn alimlər, incəsənət tarixçiləri, musiqişünaslar, xoreoqrafiya mütəxəssisləri, musiqi nəzəriyyəçiləri, həmçinin TÜRKSOY-un baş katibi Sultan Rayev, Özbəkistan mədəniyyət nazirinin müavini Muradjon Majidov, ölkənin mədəniyyət və incəsənət xadimləri iştirak edib. 

Ölkəmizdən bu konfransda Azərbaycan Mədəniyyət Nazirliyinin Tədbirlərin və incəsənət layihələrinin idarə edilməsi şöbəsinin baş mütəxəssisi Nəsibə Əsgərova, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Nailə Məmmədzadə, həmin Akademiyanın prorektoru, Azərbaycanın Xalq artisti Təranə Muradova, “Səma” rəqs ansamblının bədii rəhbəri Səma Sadıqova, rəqs üzrə mütəxəssis Aslana Əliyeva iştirak ediblər. 

 Muradjon Majidov iştirakçıları salamlayıb, artıq üçüncü dəfə keçirilən festivalın işinə uğurlar arzulayıb. O deyib ki, bu beynəlxalq elmi-praktik konfransın məqsədi Avesta ilə əlaqəli olan Xarəzmin Ləzgi rəqsinin üç min illik tarixini, onun estetik və etnoqrafik xüsusiyyətlərini öyrənmək, mədəniyyətin aspektlərini aşkar etmək üçün yeni yanaşmalar hazırlamaqdır. 

Sultan Rayev deyib ki, belə musiqi bayramlarının keçirilməsində bir məqsəd də Ləzgi rəqsi kimi nadir mədəni irsin qədim ənənələrini qorumaq və inkişaf etdirmək üçün innovativ metodlar hazırlamaq, bu sahədə elmi tədqiqatlar aparmaq, rəqs sənəti vasitəsilə xalqlar arasında dostluq və qardaşlığı möhkəmləndirmək, beynəlxalq səviyyədə yaradıcı əməkdaşlıq və mədəni əlaqələri daha da inkişaf etdirməkdir.

Nailə Məmmədzadə belə böyük bir tədbirdə iştirakdan məmnunluq ifadə edib, Azərbaycanda xoreoqrafiya sahəsində görülən işlər haqqında söhbət açıb, belə tədbirlərin bu sahənin qorunması və inkişaf etdirilməsi, həmçinin təcrübə mübadiləsi aparmaq üçün nadir imkan olduğunu bildirib. 

Konfransın bölmələr üzrə keçirilən iclaslarında Aslana Əliyeva “Roza Cəlilova və Azərbaycanın rəqs sənəti” mövzusunda məruzə edib. 

Ümumiyyətlə konfransda mövzu ilə bağlı 100-dən çox məruzə dinlənilib. 

 

Qulu Kəngərli 

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Xivə









Mədəniyyət