Mingəçevir Sənaye Parkında istehsal yüksəlib

post-img

2026-cı ilin birinci rübündə Mingəçevir Sənaye Parkında 19,3 milyon manatlıq məhsul istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77 faizdən çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentliyin idarəçiliyində olan sənaye parkında ötən ilin birinci rübündə 7,4 milyon manatlıq məhsul ixracı həyata keçirilmişdisə, cari ilin eyni dövründə bu göstərici 78 faizdən çox artaraq 13,2 milyon manata çatıb.

Qeyd edək ki, Mingəçevir Sənaye Parkı ölkə Prezidenti İlham Əliyevin 2015-ci il 26 fevral tarixli fərmanı ilə yaradılıb. Parkın yaradılmasında məqsəd ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili, eləcə də əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasından ibarət olub.

Toxuculuq sənayesi üzrə ixtisaslaşmış parkda, əsasən, pambıq emalı, iplik və parça istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr cəmləşib. Ötən müddətdə burada görülən işlərə, ümumilikdə, 159 milyon manat investisiya yatırılıb. Bunun da hesabına 550 nəfər daimi işlə təmin edilib.

XQ

İqtisadiyyat