Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının 4-cü günündə “Həyat boyu mənzil təminatı – bütün yaşlı insanlar üçün adekvat mənzil” mövzusunda yaşlı şəxslərin hüquqlarının qorunmasına dair dəyirmi masa keçirildi.
Toplantıda yaşlı nəslin nümayəndələrinin layiqli və əlçatan mənzil şəraiti ilə təmin olunması, müasir şəhərsalma prosesində onların ehtiyaclarının və hüquqlarının nəzərə alınması məsələləri geniş müzakirə edildi. İştirakçılar inklüziv və əlçatan şəhər mühitinin formalaşdırılması istiqamətində beynəlxalq təcrübəni bölüşdülər, gələcək fəaliyyət planlarına dair rəsmi təkliflər irəli sürdülər.
Anaklaudia Rossbax, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru:
– Biz gələcəyin şəhərlərini yaşlı əhaliyə də uyğun şəkildə hazırlamalıyıq.
Yaponiyada, eləcə də Avropanın bir çox şəhərlərində – İspaniya, İtaliya və digər ölkələrdə bəzi kiçik şəhərlər boşalır, gənclər orada yaşamaq istəmirlər. Nəticədə, yaşlı insanlar təcrid olunur, boş evlər və istifadə olunmayan yaşayış sahələri yaranır. Bir yanda mənzil çatışmazlığı, digər tərəfdə isə boş evlər mövcuddur.
İnsanlar şəhərdə yaşamaq, açıq ictimai məkanlardan istifadə ümumi ünsiyyətdə olmaq, mağazalara və səhiyyə xidmətlərinə asan çıxış əldə etmək istəyirlər. Bunlar düzgün planlaşdırma tələb edir. Bu sahə hələ tam inkişaf etməyib, amma getdikcə formalaşır. Bir çox ölkələr və şəhərlər artıq bu dəyişikliklərə hazırlaşır, lakin eyni zamanda bir sıra yerlərdə çətinliklər də var.
Çitralexa Mari Massela, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Yaşlı insanların hüquqları bölməsinin rəhbəri:
– Dövlətlər bu istiqamətdə 3 əsas prinsipə ardıcıl şəkildə əməl etməlidir: insan hüquqlarına hörmət, bu hüquqların etibarlı müdafiəsi və tam şəkildə təmin olunması. Bu fundamental prinsiplər yaşlı şəxslərin cəmiyyət həyatında fəal iştirakını qorumaqla yanaşı, onların şəhər mühitində layiqli ömür sürmələrinə də zəmin yaradır. Məhz bu yanaşma, şəhərsalma siyasətinin hüquqi müstəvidə daha dayanıqlı və ədalətli qurulmasını şərtləndirən başlıca amillərdir.
Dünyada 65 yaşdan yuxarı hər 6 nəfərdən biri zorakılıq, istismar və laqeydliklə üzləşir. Düzgün planlaşdırılmış şəhərlər olmadan təhlükəsiz və layiqli mənzil hüququnun təmin edilməsi mümkün deyil.
Nigar Məmmədova, Milli Məclisin deputatı:
– Azərbaycan Respublikasının Konstitusiyası, Mənzil Məcəlləsi, sosial müdafiə qanunvericiliyi və dövlətin sosial xidmətləri yaşlı insanların hüquqlarının qorunmasının əsas hüquqi bazasını təşkil edir. Ölkədə pensiya sistemi, sosial xidmət mexanizmləri və evdə xidmətlər vasitəsilə yaşlı insanlara dəstək göstərilir. Əlilliyi olan yaşlı şəxslər üçün uyğunlaşdırılmış yaşayış mühiti yaradılır. Azərbaycanda yaşlı insanlar üçün isə sosial xidmət müəssisələri fəaliyyət göstərir. Rayonlarda fəaliyyət göstərən ağsaqqallar şuraları onların ictimai həyata və yerli qərarvermə proseslərinə cəlb olunmasında mühüm rol oynayır.
Rahat mənzil və yaşlı insanların hüquqları sosial ədalət və insan hüquqlarının ayrılmaz hissəsidir. Mövcud çağırışlar fonunda şəhərsalma prinsiplərinin daha geniş tətbiqi, mənzil fondunun uyğunlaşdırılması, yaşlıların fəal həyata təşviqi və onların rəqəmsal bacarıqlarının artırılması xüsusi əhəmiyyət daşıyır.
Yaşlı insanlar yalnız siyasətlərin benefisiarı deyil, eyni zamanda, sosial ədalət və insan hüquqlarının ayrılmaz hissəsidir. Onların mənzil təminatı bütün cəmiyyətin birgə məsuliyyətidir.
F.CEYHUNQIZI,
C.QAÇAYEV (foto)
XQ

