Azərbaycan Milli Elmlər Akademiyasının beynəlxalq əlaqələrinə son 3 ildə bir neçə yeni ünvan da əlavə olunub. Azərbaycan elminin baş qərargahı Beynəlxalq Elmi Şuranın, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının tamhüquqlu üzvü seçilib.
Beynəlxalq elmi təşkilatlarla belə əməkdaşlıq AMEA alimlərinə dünya elminin nailiyyətlərini, aparıcı istiqamətlərini, problemlərini daha yaxından öyrənmək, onların tədbirlərində fəal iştirak etmək, elmi inteqrasiyaya ahəngdar qoşulmaq imkanı yaradır. Bu yöndə daha bir uğura imza atan milli akademiyamız Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasının (IAP) tam üzvlüyünü də qazanıb.
Qurum rəhbərliyinin bugünlərdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə göndərdiyi məktubda üzvlüyə qəbulla bağlı səmimi təbrik, bu ilin dekabrında Qahirədə keçiriləcək IAP Konfransına və onun Baş Assambleyasında iştiraka dəvət ifadə olunub. AMEA rəhbəri mərkəzi Yunanıstanın paytaxtı Afinada yerləşən Beynəlxalq Platon Akademiyasından da üzvlüyə razılıqla bağlı məktub alıb.
Qabil YUSİFOĞLU
XQ