İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə Azərbaycan – Türkiyə IV Enerji Forumu keçirilib.
Açılış mərasimində çıxış edən nazir Pərviz Şahbazov bildirib ki, Azərbaycan və Türkiyə uzun illərdir təkcə enerji sahəsində tərəfdaş deyil, həm də regionun geoiqtisadi mənzərəsini formalaşdıran, sülhə, sabitliyə və davamlı inkişafa töhfə verən, beynəlxalq enerji təhlükəsizliyində birgə addımlayan strateji müttəfiqlərdir. İndiyədək Azərbaycandan Türkiyəyə 120 milyard kubmetrdən çox qaz ixrac olunub. Ötən müddətdə TANAP-la Türkiyəyə 35 milyard, Avropaya isə 50 milyard kubmetrdən artıq qaz nəql edilib. Bu ilin 8 ayında Türkiyəyə 6,6 milyard, Türkiyə üzərindən Avropa ölkələrinə isə 8,3 milyard kubmetr qaz çatdırılıb. Azərbaycan – Türkiyə strateji müttəfiqliyi sayəsində Suriyanın da enerji təhlükəsizliyinə töhfə verilir və qısa müddətdə bu ölkəyə 60 milyon kubmetr qaz göndərilib.
Nazir daha sonra qeyd edib ki, “İğdır-Naxçıvan” qaz kəmərinin istifadəyə verilməsi, TPAO şirkətinin “Şəfəq-Asiman” layihəsinə qoşulması, Suriyaya qaz tədarükünə başlanması, “yaşıl enerji interkonnektor”larının qurulması və Zəngəzur dəhlizi, yaxud “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzrə razılaşmaların əldə olunması enerji əlaqələrimizin yeni, daha güclü səhifəsini yazır. Nazir çıxışında türk şirkətlərinin Kəlbəcər və Laçında həyata keçirdiyi ümumi gücü 13 meqavat olan 4 kiçik su elektrik stansiyası, həmçinin Kəlbəcərdə 240 meqavat gücündə külək elektrik stansiyası layihələrinə də toxunub.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar isə deyib ki, Türkiyə və Azərbaycan sahib olduqları geostrateji mövqe, zəngin təbii sərvətlər və inkişaf etmiş infrastrukturla bir-birini tamamlayan rollar oynayır, eyni zamanda regional və qlobal enerji təchizatının təhlükəsizliyinə mühüm töhfələr verir. Türkiyə və Azərbaycan güclü infrastrukturu və köklü əlaqələri ilə həm regional təchizat təhlükəsizliyində, həm də qlobal bazarlarda etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcək.
Açılış mərasimində iştirak edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev iki ölkənin enerji keçidi sahəsində əməkdaşlığının və COP29 təşəbbüsləri üzrə həmrəyliyinin iqlim məsələlərinə töhfələrindən danışıb.
Forum çərçivəsində fəaliyyət göstərən karbohidrogen və neft-kimya, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, tənzimləmə, enerji səmərəliliyi və mədənçilik üzrə İşçi qruplarının məruzələri dinlənilib. Bununla yanaşı, enerji şirkətlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Enerji təhlükəsizliyinin gücləndirilməsi, qlobal və regional enerji qurumlarında əməkdaşlığın davam etdirilməsi, elektrik sahəsində ikitərəfli və çoxtərəfli layihələrin birgə icrası, eləcə də Türkiyədə, Azərbaycanda və üçüncü ölkələrdə enerji və mədənçilik investisiya layihələrinin dəstəklənməsi üzrə əməkdaşlıq etmək razılaşdırılıb.
Sonda “Türkiyə-Azərbaycan IV Enerji Forumunun Protokolu” imzalanıb.
***
Forum çərçivəsində energetika naziri Pərviz Şahbazov Türkiyə Külək Enerjisi Birliyinin sədri İbrahim Erden və “Nordex Qrupu”nun İdarə Heyətinin üzvü İbrahim Özarslanla görüşüb.
Söhbət zamanı külək enerjisi sahəsində fəaliyyət, turbinlər və onların hissələrinin istehsalı, texniki xidmət, kadr hazırlığı üzrə təcrübə müzakirə olunub. Azərbaycanın quruda və dənizdə külək enerjisi istehsalı, həmçinin ixrac layihələri barədə məlumat verilib. Külək turbinləri və avadanlıqlarının Azərbaycanda istehsalı perspektivləri və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Şirkətlər bu imkanları yaxından öyrənmək üçün Azərbaycana dəvət olunublar.
XQ