Asiya nəhənginin siyasi planlaşdırması və strateji tərəfdaşlıq

post-img

“İki sessiya”nın Azərbaycan–Çin münasibətlərinin dinamikasına təsiri

Martın 13-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli Səfiri xanım Lu Mey Çində “iki sessiya”nın yekunlarına, eləcə də Azərbaycan–Çin münasibətlərinin inkişafının son tendensiyalarına həsr olunmuş brifinq keçirmişdir.

Martın 4-dən 12-dək keçirilmiş Ümumçin Xalq Nümayəndələri Məclisi və Çin Xalq Siyasi Məşvərət Konfransı Ümumçin Komitəsinin sessiyaları çərçivəsində hökumətin işçi məruzəsi və 15-ci beşilliyin əsas istiqamətləri təsdiqlənmişdir ki, bu da həm ÇXR-in iqtisadi kursuna, həm də qlobal qeyri-sabitlik şəraitində ölkənin xarici siyasətdəki mövqelərinə əlavə institusional müəyyənlik gətirmişdir.

Prezident İlham Əliyev ikitərəfli əlaqələrin keyfiyyətcə dərinləşməsini qısa zaman ərzində münasibətlərin strateji tərəfdaşlıq mərhələsindən hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ilə birbaşa əlaqələndirmişdir. 2024-cü ilin iyulunda və 2025-ci ilin aprelində imzalanmış mühüm dövlətlərarası sənədlər qarşılıqlı fəaliyyət üçün yeni siyasi çərçivə formalaşdırmışdır. Buna görə də dövlət başçısının “ikitərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verib” fikri münasibətlərin yeni mərhələsinin dəqiq səciyyələndirilməsi kimi qəbul edilməlidir. Bu baxımdan Prezident İlham Əliyevin daha iki ideyası xüsusi önəm daşıyır: “yaşıl enerji” və nəqliyyat sahələrində tərəfdaş kimi Çin şirkətlərinin seçilməsi Azərbaycanın “strateji qərarı” adlandırılmış, ölkəmiz isə gələcəkdə artan Avrasiya yük axınlarının “fasilitatoru” və paylayıcı qovşağı kimi müəyyən edilmişdir.

Xanım Lu Mey Çini strateji proqnozlaşdırılması mümkün olan dövlət kimi təqdim edir. Məhz bu məqamda onun “iki sessiya”nı və 15-ci beşilliyi qeyd etməsi mühüm siyasi məna kəsb edir. Çin özünü yalnız böyük iqtisadiyyat kimi deyil, həm də inkişafı konkret məqsədlər, mexanizmlər və layihələr dilinə çevirməyə qadir uzunmüddətli planlaşdırma sistemi kimi göstərir. 12 martda ÜXNM sessiyası başa çatdıqdan sonra həm hökumətin iş məruzəsi, həm də 15-ci beşilliyin əsas sənədləri təsdiqlənmiş, 2026-cı il üçün istiqamətlər ölçüləbilən parametrlərlə müəyyən edilmişdir: 4,5–5 faiz artım, 12 milyondan çox yeni iş yeri, CPI, təxminən, 2 faiz. Bu, Pekinin qlobal qeyri-müəyyənlik dövründə makroiqtisadi sabitliyin və uzunmüddətli baxışın azsaylı mərkəzlərindən biri olaraq qalmaq niyyətinə dair vacib siqnaldır.

Digər məqam isə ondan ibarətdir ki, səfir dayanıqlılığı inertliklə deyil, innovativ yenilənmə ilə əlaqələndirir. Onun “islahat”, “innovasiya”, “AI plus” və “intellektual iqtisadiyyat”ın formalaşdırılması xətti göstərir ki, Çin dünyaya süni intellektin, kvant texnologiyalarının, biotibbin və robototexnikanın dövlətin inkişaf strategiyasının tərkib hissəsinə çevrildiyi yeni texnoloji gündəm təklif edir. Çin elmi-texniki sıçrayışı institusional çərçivəyə salmağa və eyni zamanda, onun ətrafında beynəlxalq kooperasiyanı genişləndirməyə çalışır.

Xanım Lu Meyin üçüncü tezisi Azərbaycan üçün daha əhəmiyyətlidir: Çin diplomatiyası açıqlıq, əlaqəlilik və birgə inkişaf diplomatiyası kimi təqdim olunur. Azərbaycan kontekstində bu, xüsusilə önəmlidir. Çünki münasibətlər 2025-ci ilin aprelində hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldildikdən sonra ikitərəfli gündəlik artıq rəqəmsal iqtisadiyyatı, “yaşıl inkişafı”, elmi və texnologiyanı əhatə edir.

Səfir dəqiq şəkildə göstərir ki, müasir Çinin cəlbediciliyi təkcə böyük sivilizasiya simvolları deyil, həm də gündəlik mədəniyyət, həyat tərzi və Çin reallığı ilə şəxsi təmaslar üzərində qurulur. Bir çox insanın “çinli olmaq” fenomeninə yaxınlaşmaq istəyi kənardan müşahidə mövqeyindən birbaşa iştirakçı mövqeyinə keçidi ifadə edir. Bu baxımdan 16 iyul 2025-ci il tarixindən etibarən adi pasport sahibləri üçün qüvvəyə minmiş qarşılıqlı vizasız rejimi və bu ilin yanvarında Biləsuvarda Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutunun yeni filialının açılmasını qeyd etmək lazımdır.

Xanım Lu Meyin çıxışında mədəni-humanitar aspekt üzvi surətdə strateji müstəviyə keçir. 23 aprel 2025-ci il tarixində hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında Birgə Bəyanatın imzalanmasından və bu il 28 yanvar tarixində xarici işlər nazirləri Van İ və Ceyhun Bayramov arasında aparılmış danışıqlardan sonra Azərbaycan–Çin əlaqələri uzunmüddətli qarşılıqlı fəaliyyətin dayanıqlı xətti kimi səciyyələndirilir: inkişafın uzlaşdırılmasından və humanitar mübadilələrdən çoxtərəfli platformalarda koordinasiyaya qədər.

Xanım səfirin gətirdiyi, Astara vasitəsilə 600-dən çox Çin Xalq Respublikası vətəndaşının təxliyəsinə Azərbaycanın yardım göstərməsi nümunəsi xüsusilə səciyyəvidir. Bakının getdikcə Avrasiya diplomatiyasının daha nəzərəçarpan platformasına çevrildiyi də reallıqdır. Bunu cari ildə ölkəmizdə ESCAP-ın 82-ci sessiyasının, WUF13-ün və payızda AİGK sammitinin keçirilməsi də təsdiq edəcək.

Azərbaycan–Çin əməkdaşlığı artıq sadə əmtəə dövriyyəsi artımı çərçivəsindən çıxmış və tədricən strateji-iqtisadi əlaqəlilik keyfiyyəti qazanmağa başlamışdır. 2025-ci ildə ikitərəfli ticarətin 4,87 milyard dollara çatması və bu ilin yanvar ayında dinamikanın daha da güclənməsi özlüyündə mühüm göstəricilərdir. Lakin bundan da vacibi odur ki, qarşılıqlı fəaliyyət “yaşıl enerji”, sənaye yığımı, İKT və infrastruktur sahələrində dərinləşir.

Qeyd edək ki, “Xızı–Abşeron” layihəsi xüsusi əhəmiyyət daşıyır. Bu layihədə Çinin iştirakının Azərbaycan iqtisadiyyatında yalnız ticarət və ya tranzitlə deyil, həm də “yaşıl keçid” prioritetləri ilə necə əlaqələndiyini əyani şəkildə göstərən nümunəyə çevrilmişdir. Layihə üzrə rəsmi məlumatlar – 240 MVt quraşdırılmış güc, təxminən 300 min ev təsərrüfatının elektrik enerjisi ilə təmin edilməsi və ildə təqribən 400 min ton karbon emissiyasının azaldılması onun regional miqyasını aydın şəkildə nümayiş etdirir. Buna görə də səfirin Prezident İlham Əliyevin Çin şirkətlərinin peşəkarlığı, keyfiyyəti və operativliyi barədə fikirlərinə istinad etməsi daha dərin məna daşıyır.

Van İnin martın 8-də İran ətrafındakı vəziyyətlə bağlı ifadə etdiyi Çin Xalq Respublikası mövqeyi, yəni atəşin dərhal dayandırılması, suverenliyə hörmət, gücdən sui-istifadədən imtina, daxili işlərə qarışmamaq və siyasi nizamlanmaya qayıdış, Çini prinsipiallığı deskalasiya ilə birləşdirməyə can atan bir qüvvə kimi göstərir.

Dünya üçün bu, Yaxın Şərq gündəliyini beynəlxalq hüququn və danışıqlar məntiqinin çərçivəsinə qaytarmaq cəhdidir, gərginlik ocağına bilavasitə yaxın yerləşən və eyni zamanda, məsuliyyətli regional aktor statusunu möhkəmləndirən Azərbaycan üçün isə belə xətt xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma ölkəmizin suverenlik, ərazi bütövlüyü və öz sərhədləri ətrafında pozuculuğa yol verilməməsi məsələlərinə həssas münasibəti ilə birbaşa səsləşir.

Bütövlükdə, səfir Lu Meyin brifinqi təsdiqlədi ki, çağdaş Çin dünyaya yalnız öz daxili inkişafının parametrlərini deyil, həm də beynəlxalq məsuliyyət, açıqlıq və tərəfdaşlıq barədə öz baxışını çatdırmağa çalışır. Azərbaycan üçün səsləndirilən qiymətləndirmələr xüsusilə önəmlidir. Məhz buna görə də Bakı ilə Pekin arasında indiki yaxınlaşma müvəqqəti diplomatik fəallaşma deyil, Avrasiya əməkdaşlığının yeni arxitekturasının formalaşmasına doğru daha geniş tendensiyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu fonda Azərbaycan–Çin strateji tərəfdaşlığı daha geniş regional və beynəlxalq proseslər üçün də böyük əhəmiyyət kəsb edir.

Nurlan ABDALOV
XQ

İqtisadiyyat