Mərkəzi Gömrük Hospitalında Sakrokoksigeal teratoma diaqnozu qoyulmuş yenidoğulmuş körpə uğurla əməliyyat olunub. Uşaq cərrahiyyəsi şöbəsinin rəisi, uşaq cərrahı Vüsal Cəfərov tərəfindən icra edilən mürəkkəb cərrahi müdaxilə nəticəsində körpənin həyatı xilas edilib.
Körpəyə bu diaqnoz hələ ana bətnində olarkən qoyulmuş və müayinələr zamanı Sakrokoksigeal teratoma Tip 3 olduğu təsdiqlənmişdir. Qeysəriyyə əməliyyatından sonra yenidoğulmuşun vəziyyəti stabil olub və dərhal müvafiq tibbi nəzarətə götürülüb. Əməliyyatdan öncə Radiologiya şöbəsinin rəisi, radioloq Eldəniz Hüseynov tərəfindən MRT müayinəsi aparılmış, həmçinin qanda alfa-fetoprotein (AFP) səviyyəsinin yüksək olduğu müəyyən edilmişdir.
Təxminən 3 saat davam edən əməliyyat zamanı körpənin büzdüm nahiyəsindən bağırsaqlara və sidik kisəsinə doğru uzanan, təqribən 10 sm ölçüdə olan kistik törəmə uğurla xaric edilib. Əməliyyat uğurla başa çatıb, körpənin əməliyyatdan sonrakı vəziyyəti stabil olub, tənəffüs aparatından ayrılması və oyanma prosesi də problemsiz keçib.
Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev bu kimi yüksək riskli əməliyyatların uğurla icrasında multidissiplinar komanda yanaşmasının həlledici rol oynadığını vurğulayaraq əməliyyat prosesində iştirak edən Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərovun, Əməliyyatxana, Reanimasiya və Anesteziologiya şöbəsinin anestezioloq-reanimatoloqu Xəyal Məmmədovun və Radiologiya şöbəsinin rəisi Eldəniz Hüseynovun peşəkarlığını yüksək qiymətləndirib. Dr. Bəxtiyar Musayev qeyd edib ki, vaxtında və dəqiq aparılan diaqnostika, eləcə də komanda şəklində göstərilən yüksək səviyyəli tibbi xidmət belə mürəkkəb hallarda uğurlu nəticənin əldə olunmasında əsas amillərdəndir.
Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərov qeyd edib ki, bu diaqnozla doğulan körpələrdə vaxtında cərrahi müdaxilə aparılmadıqda, şişlərin qısa müddət ərzində bədxassəli formaya keçmə riski yüksək olur. Bu səbəbdən erkən əməliyyat həyati əhəmiyyət daşıyır və təqdim olunan klinik halda körpənin cəmi 1 günlük olmasına baxmayaraq, vaxtında həyata keçirilən cərrahi müdaxilə onun sağlam gələcəyi üçün həlledici olub.
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında həm hamiləlik dövründə aparılan dəqiq diaqnostika, həm də doğuşdan dərhal sonra həyata keçirilən kompleks tibbi yanaşma sayəsində körpə uğurla əməliyyat edilərək sağlamlığına qovuşub.
Dilarə Zamanova
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi


