“Klassik Azərbaycan ədəbiyyatının tanınmış siması: Xaqani Şirvani” mövzusunda elmi konfrans keçirilib

post-img

AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə elmi konfransda Bölmə sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd olunması haqqında imzalanmış Sərəncam milli-mənəvi dəyərlərə, klassik ədəbi irsə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. 

Qeyd olunub ki, Xaqani Şirvani yalnız Azərbaycan ədəbiyyatının deyil, ümumilikdə Şərq bədii fikrinin ən parlaq nümayəndələrindən biri kimi əsrlər boyu öz aktuallığını qoruyub saxlayıb. Onun zəngin poetik irsi, dərin fəlsəfi düşüncələri, insanın mənəvi kamilliyi ilə bağlı irəli sürdüyü ideyalar bu gün də müasir cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. 

İsmayıl Hacıyev diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə klassik irsin öyrənilməsi, nəşri və təbliği istiqamətində genişmiqyaslı işlər həyata keçirilir, bu isə milli kimliyin və ədəbi yaddaşın qorunmasına xidmət edir. 

Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev “Xaqani Şirvani poeziyasında türklər, türk dili və Oğuz türk mədəniyyəti” mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, Xaqani yaradıcılığında türklük anlayışı yalnız etnik mənsubiyyət deyil, eyni zamanda idarəetmə mədəniyyəti və ədalət fəlsəfəsi kimi təqdim olunur. Oğuz türklərinin zəngin mədəni irsi şairin poeziyasında geniş və dolğun şəkildə əksini tapıb. Əbülfəz Quliyev çıxışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamın klassik ədəbi irsin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımov “Xaqani Şirvaninin Azərbaycan ədəbiyyatında yeri və rolu” mövzusunda məruzə edərək şairin “Mədain xərabələri”, “Töhfətül-İraqeyn” və “Qəsidəyi-şiniyyə” kimi əsərlərini təhlil edib. Qeyd olunub ki, Xaqani yaradıcılığında kamil insan ideyası mühüm yer tutur. Həmçinin bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin redaktorluğu ilə nəşr edilən 10 cildlik “Azərbaycan ədəbiyyatı” kitabının II cildində Xaqani Şirvani də yer alıb.

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı, pedaqogika elmləri doktoru, professor Kamal Camalov “Xaqani Şirvani poeziyasında elm və təhsil məsələləri” mövzusunda məruzə edərək bildirib ki, şair insan ruhunun ən dərin qatlarını yüksək poetik ustalıqla ifadə etmiş, elm və təhsilin cəmiyyət həyatındakı roluna xüsusi önəm verib.

Konfransda həmçinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Şair Asim Yadigarın ‘Xaqani’ poeması” mövzusunda məruzə edib. Məruzədə poemanın bədii xüsusiyyətləri təhlil olunaraq onun axıcı üsluba və ritmik məsnəvi qafiyə sisteminə malik olduğu qeyd edilib. 

Səbuhi HƏSƏNOV
XQ









Elm