Energetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeli qurumlarının nümayəndələrinin iştirakı ilə növbəti kollegiya iclası keçirilib.
Kollegiya sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq enerji sahəsində qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə icra edildiyini bildirib. Qeyd olunub ki, ölkəmiz hazırda reallaşdırdığı regional əməkdaşlıq layihələrinin hər birində lider mövqeyindədir və dövlət başçısının tərəfindən həyata keçirilən enerji siyasəti həm milli maraqlara, həm də beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir.
İclasın gündəliyə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji üzrə ölçü-müşahidə qurğularının quraşdırılması, günəş, külək və su elektrik stansiyalarının tikintisi, enerji səmərəliliyi, hidroenerji, geotermal enerji və bioenerji mənbələrindən istifadənin qiymətləndirilməsi, hidrogen texnologiyası, hidroakkumulyasiya texnologiyasının tətbiqi imkanlarının araşdırılması üzrə görülən işlər nəzərdən keçirilib.
Toplantıda “yaşıl texnologiyalar”ın tətbiqi üzrə pilot layihələrin icrası, “Yaşıl enerji zonası” nümayiş pavilyonunun yaradılması, küçə və yolların işıqlandırılmasında enerji səmərəli “yaşıl texnologiyalar”a dair tələblərin müəyyən edilməsi üzrə atılan addımlar da müzakirə olunub. Eyni zamanda, Naxçıvanda “yaşıl enerji zonası”nın inkişafına dair Konsepsiya və Tədbirlər Planının hazırlanması, eləcə də ixrac yönümlü infrastruktur layihəsinin texniki-iqtisadi əsaslandırılması ilə bağlı görülən işlərə dair müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.
XQ