Nyu-Yorkda Orta Dəhliz müzakirələri

post-img

VI Xəzər Biznes Forumu yeni strateji xəritə təqdim edir

Nyu-Yorkda keçirilən “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda VI Xəzər Biznes Forumu Cənubi Qafqazın və Xəzər hövzəsinin iqtisadi gələcəyinə dair yeni strateji xəritə təqdim edir. Müzakirələrin ana xətti Orta Dəhliz və Zəngəzur Dəhlizinin (TRİPP) perspektivləridir. Burada infrastruktur və logistika ilə yanaşı, həm də siyasi iradə, investisiya mexanizmləri və enerji təhlükəsizliyi məsələləri ön plana çəkilib.

Azərbaycanın bu prosesdəki mövqeyi xüsusi vurğulanmalıdır. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev forumdakı çıxışında Orta Dəhliz üzrə 50 milyon tondan çox yük artımı gözlənildiyini bildirib. Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan əlavə investisiyalar yatırır: “Bakı Limanı ildə 25 milyon ton yükötürmə qabiliyyətinə malikdir və bu imkanların genişləndirilməsi istiqamətində də işlər aparılır”.

Tədbirdə Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub. Ölkə başçısının Forum iştirakçılarına müraciətində Orta Dəhlizə önəm xüsusi vurğulanır. Azərbaycan bu marşrut üzərində yerləşən nəqliyyat infrastrukturuna – dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu və digər logistik obyektlərə böyük investisiyalar yatırıb.

Dövlət başçısının sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Xəzər yük donanması Orta Dəhlizin funksionallığını təmin edən əsas sütunlardır. Azərbaycanın payına düşən seqmentdə infrastrukturun təkmilləşdirilməsi, rəqəmsallaşdırılması, modernləşdirilməsi və ötürücülük qabiliyyətinin artırılması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artıb, yüklərin keçid müddəti isə əhəmiyyətli dərəcədə azalıb. Hesablamalara görə, 2030-cu ilədək Orta Dəhlizin yükdaşıma potensialı 2021-ci illə müqayisədə üç dəfə artacaq, tranzit müddəti isə iki dəfə qısalacaq.

Beləliklə, Azərbaycan Prezidenti ölkənin Orta Dəhlizin real lokomotivinə çevrildiyini və bu sahədə həyata keçirilən siyasətin regional əməkdaşlığın dərinləşməsinə xidmət etdiyini aydın şəkildə ortaya qoydu.

Azərbaycan, həmçinin dəmir yolları vasitəsilə yeni nəqliyyat arteriyalarını reallaşdırır. 2020-ci ildən Bakıdan Zəngilan və Ermənistan sərhədinə qədər uzanan dəmir yolu layihəsinin icrasına start verilib və 2026-cı ilin ortalarında yekunlaşması nəzərdə tutulur. Prezident xüsusilə vurğulayıb ki, Ermənistan ərazisində yerləşən 42 kilometrlik Zəngəzur hissəsində də işlər aparılır və burada ABŞ-dan olan tərəfdaşlar iştirak edir. Üçüncü seqment isə Naxçıvanı əhatə edir və bu istiqamətdə də əlavə sərmayələr yatırılır. Azərbaycan Avropa ölkələri də daxil olmaqla, beynəlxalq tərəfdaşları əməkdaşlığa dəvət edir. Əsas məqsəd isə Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdir.

Bu açıqlamalar Azərbaycanın mövqeyini açıq şəkildə göstərir. Rəsmi Bakı həm də regionu yeni inteqrasiya məkanına çevirmək üçün iradə ortaya qoyur. Bu isə həm iqtisadi güc, həm də siyasi məsuliyyət tələb edir.

N.ABDALOV
XQ



İqtisadiyyat