Hörmüz boğazı “coğrafi silah”a çevrilib

post-img

Fevralın 28-dən başlayaraq, İsrail və ABŞ tərəfindən İrana qarşı həyata keçirilən hərbi eskalasiyaya cavab olaraq, rəsmi Tehran İsrailə raket və dron hücumları təşkil edib. İran, eyni zamanda, həm də Körfəz ərəb ölkələrinə oxşar əməliyyatlara başlayıb. Münaqişənin alovlandığı gündən etibarən İranın cavabları yalnız bundan ibarət olmayıb. İslam Respublikası əlindəki ən böyük rıçaqlarından birini işə salıb.

SEPAH komandanlarının əmri ilə Hörmüz boğazı üzərindən gəmilərin keçidi faktiki olaraq dayandırılıb. Bu addım dünya enerji bazarlarında dərhal qiymət artımı yaradıb və neft treyderləri, ixracatçılar üçün qeyri-müəyyənliyi artırıb.

“Brent” markalı xam neftin bir bareli ilin əvvəlindən bəri təxminən 70 dollar bahalaşaraq 100 dollara çatıb. Martın 18-nə olan məlumata görə, “Light” neftinin bir bareli isə 92 dollar olub və son iki ilin ən yüksək səviyyəsinə çatıb. İlin əvvəlində bu qiymətlər müvafiq olaraq 55 və 60 dollar civarında idi. Yuxarıda qeyd olunduğu kimi, bu artımın əsas səbəbi ABŞ və İsrailin əməliyyatları və Hörmüz boğazında gəmilərin hərəkətinin məhdudlaşdırılmasıdır.

Qeyd edək ki, İran yalnız məhdud sayda gəminin keçidinə icazə verir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraq kimi ölkələr İranın təhdidləri ucbatından enerji ixracını tam olaraq həyata keçirə bilmirlər. Məhz bu səbəbdən OPEC-ə üzv ölkələrin neft istehsalı hazırda gündəlik 1,4 milyon barelə düşüb, bu da boğazın bağlanmasından əvvəlki göstəricinin təxminən üçdəbirinə bərabərdir.

Enerji bazarındakı qeyri-müəyyənlik fonunda neft məhsullarının qiymətləri də yüksəlir. ABŞ-də dizel yanacağı 1 qallon üçün 5 dollardan yuxarı qalxıb, Avropada benzin fyuçersləri artıb, Asiya bazarlarında isə yanacaq qiymətləri münaqişə başlanandan bəri iki dəfədən çox bahalaşıb.

Yeri gəlmişkən, Hörmüz ətrafında gərginlik davam etdikcə, ABŞ boğazın açılması üçün koalisiya yaratmağa çalışır, lakin bir çox müttəfiqləri bu çağırışı qəbul etmir. NATO üzvləri soyuq yanaşaraq koalisiya əməliyyatına qoşulmaq istəmədiklərini açıqlayıb. Fransa, Almaniya və digər Avropa ölkələri hərbi iştirakdan imtina edərək diplomatik həlli üstün tuturlar. Yaponiya, Avstraliya və Cənubi Koreya da koalisiyaya qatılmaq niyyətində olmadıqlarını bildiriblər.

***

Bütün bunlar fonunda beynəlxalq media qurumları, iqtisadi təhlilçilər və tarixçilər Hörmüz boğazı ətrafında baş verən hadisələri diqqətlə izləyir. “Bloomberg”in məlumatına görə, İran boğazda gəmiçilik üzərində faktiki nəzarət qurub və gəmilərin keçidi üçün icazə sistemi planlaşdırıb. “JPMorgan Chase” analitikləri qeyd edirlər ki, gəmilərin Larak və Keşm adaları arasındakı marşrutdan keçməsi üçün siyasi razılaşmalara əsaslanan icazə prosesi başlayıb. Bu sistem neft treyderlərinə müəyyən ümid versə də, sığortaçılar və banklar üçün riskləri artırır.

Cornell Universitetində professor kimi fəaliyyət göstərən, beynəlxalq sanksiyalar, müasir müharibələr və iqtisadi siyasət mövzularında tədqiqatlar aparan Nikolas Mulder yazdığı məqalədə bildirir ki, iqtisadi müharibələrdə ABŞ-ın dominantlıq dövrü sona çatmaq üzrədir. Onun sözlərinə görə, İranın Fars körfəzində gəmiçiliyə qarşı təhdidləri ABŞ və İsrailə qarşı assimetrik cavab kimi qiymətləndirilir, lakin əslində Tehran ABŞ-ın uzun illər tətbiq etdiyi sanksiya siyasətini təkrarlayır. Strateji boğaz rəqibləri deeskalasiyaya məcbur etmək üçün iqtisadi silaha çevrilib.

Mulder qeyd edir ki, Donald Tramp administrasiyasının rəqiblərin iqtisadi alətlərlə cavab verməsi nəticəsində üzləşdiyi ilk hal bu deyil. D.Tramp hakimiyyətə qayıtdıqdan sonra həm müttəfiqlərə, həm də rəqiblərə yüksək tariflər tətbiq edib. Bəzi müttəfiqlər Vaşinqtonla münasibətləri qorumaq üçün razılaşmalar imzalayıb, amma Çin mövqeyini qoruyub və əks-hücum başladıb. 2025-ci ilin sonlarında ABŞ yeni ixrac məhdudiyyətləri tətbiq etdikdə, Pekin nadir torpaq elementlərinin ixracına nəzarəti sərtləşdirib.

“Soyuq müharibə”dən sonra ABŞ iqtisadi sanksiyalar sahəsində faktiki monopoliya sahibi olub, lakin bu vəziyyət artıq dəyişib. İran və Çin göstərir ki, ABŞ-ın dominantlıq dövrü sona çatır. Çinin kritik minerallar üzərindən tətbiq etdiyi təzyiq ABŞ-ın müdafiə, aerokosmik və avtomobil sənayesində istehsal gecikmələrinə səbəb olub.

Professor vurğulayır ki, ABŞ-ın Yaxın Şərqdə yeni müharibəyə başlaması əlavə risklər yaradır: “Maksimum təzyiq” sanksiyalarından açıq müharibəyə keçid Tehranın iqtisadi silahını işə salmasına gətirib çıxarıb. Hörmüz boğazı üzərindən dünya neft və qaz axınlarının 20 faizi, qlobal gübrə ticarətinin üçdəbiri keçir, boğazın bağlanması qlobal enerji bazarlarında qiymət artımına və qeyri-müəyyənliyə səbəb olub”.

Dünyaca məşhur ABŞ-lı investor və iqtisadçı Ray Dalio mövzu ilə bağlı yazdığı məqalədə bir cümlə xüsusilə diqqət çəkib. O vurğulayıb ki, Hörmüz boğazı üzərində nəzarətin itirilməsi ABŞ üçün 1956-cı ildə Süveyş kanalının Böyük Britaniya üçün ifadə etdiyi mənaya bənzəyir.

Xatırladaq ki, Böyük Britaniya XIX və XX əsrin əvvəllərində uzun müddət dünya səhnəsində dominant güc olaraq tanınırdı. Sterlinq qlobal ticarətdə geniş istifadə olunurdu, Krallıq okeanlarda üstünlük quraraq ticarət yollarını qoruyurdu. Onun strateji güc mərkəzlərindən biri Süveyş kanalı idi. Kanalın nəzarəti dünya ticarətinin böyük hissəsinə təsir göstərirdi.

Lakin 1956-cı ildə Misir Prezidenti Camal Əbdül Nəsir Süveyş kanalını milliləşdirdi və Böyük Britaniya uzun illər qoruduğu strateji üstünlüyünü itirdi. ABŞ və Sovet İttifaqının təzyiqi nəticəsində İngiltərə və Fransa hərbi müdaxilədən geri çəkilməli oldular. Bu hadisə göstərdi ki, Böyük Britaniya artıq təkbaşına qlobal liderlik edə bilməz və onun dünya səhnəsindəki hegemon mövqeyi ciddi şəkildə zəiflədi.

Dalio qeyd edir ki, bu hadisə beynəlxalq sistemdə dönüş nöqtəsi oldu. Britaniyanın gücü artıq əvvəlki səviyyədə qiymətləndirilmədi. Sterlinqə etimad azaldı, müttəfiqlər uzaqlaşdı, müstəmləkələr müstəqillik qazandı və kapital ölkədən çıxmağa başladı.

Hörmüz boğazının strateji əhəmiyyəti bu gün analoji təsir göstərir. Marşrut uzun müddətlik bağlansa, neft qiymətləri kəskin artar, qlobal iqtisadiyyat zərbə alar, Avropada enerji böhranı dərinləşər, Asiyada istehsal zəncirləri pozular. Dalionun fikirləri onu deməyə əsas verir ki, böyük güclərin yüksəlişi və tənəzzülü oxşar sxem üzrə baş verir: nəzarət bərpa olunmasa etimad azalır, kapital axını yönünü dəyişir, müttəfiqlər mövqelərini yenidən qiymətləndirir və maliyyə böhranı baş verir.

Buna görə də Hörmüz boğazı və strateji enerji marşrutlarının taleyi ABŞ-ın qlobal mövqeyinə bir imtahan rolunu oynayır. Tarixin yenidən təkrarlanması mümkündür, amma hər dövr öz iqtisadi və geosiyasi kontekstindən asılı olaraq fərqlənir.

Musa BAĞIRLI
XQ

İqtisadiyyat