İşıqlar sönür, mənzillər alova bürünür...

post-img

Elektrik şəbəkələrində yüklənmə tez-tez kütləvi yanğın törədir

Son illər paytaxtın yaşayış binalarında baş verən yanğınların sayının nəzərəçarpacaq dərəcədə artması ciddi narahatlıq doğurur. Bu, müxtəlif səbəblərlə, əsasən də köhnə tikililərdə mövcud elektrik təsərrüfatlarının istismar müddətinin başa çatması ilə izah edilir. Bu günlərdə Xətai rayonunda yeni hündürmərtəbəli binada təhlükə yaradan yanğın hadisəsi haqqında danışan sakinlər isə bildirirlər ki, bunun səbəbi bəzi şəxslərin avtomobillərini mənzillərindən çəkdikləri elektrik naqili ilə şarj etmələri və nəticədə, xətlərin hədsiz dərəcədə yüklənməsi ilə bağlıdır.

Ekspert Vidadi Hüseynov qeyd edir ki, bu yanğın hadisəsi ilə əlaqədar səsləndirilən iddianın, yəni avtomobillərin binanın enerji şəbəkəsindən şarj olunmasının müəyyən əsasları var. Lakin digər yanğın hadisələrini də bununla əlaqələndirmək düzgün sayılmır. Məsələyə texniki baxımdan diqqət yetirilsə, müasir elektromobillərin şarjı yüksək güclə (adətən, 3,5 kVt – 7 kVt və daha çox) hesablanır. Köhnə və ya məişət istifadəsi üçün hesablanan elektrik xətləri belə davamlı yüklənmə üçün nəzərdə tutulmur. Əgər şarj prosesi qeyri-standart uzadıcılarla, torpaqlama olmadan qoruyucu avtomatlar və diferensial relelərsiz həyata keçirilirsə, bu zaman naqillərin qızması, izolyasiyanın əriməsi və qısaqapanma ehtimalı ciddi şəkildə artır. Xüsusilə həyətlərdə, zirzəmilərdə və ya qaraj tipli yerlərdə “improvizə olunmuş” şarj xətləri çəkilirsə, bu, artıq yanğın üçün real risk amili hesab edilir.

Ekspertin sözlərinə görə, avtomobillərin binanın elektrik şəbəkəsindən nəzarətsiz və texniki normalara uyğun olmayan şəkildə şarj edilməsi yanğına səbəb ola bilər. Amma bu, bütün bu kimi hadisələrin baş verməsinin əsas səbəbi deyil, sadəcə, son illərdə yaranan yeni təhlükə ehtimallarından biridir.

Köhnə naqillər də qapanma mənbəyidir

Paytaxtımızda baş verən yanğınların artması təsadüfi deyil. Bu, təkcə ayrı-ayrı texniki nasazlıqların yox, bütövlükdə, köhnəlmiş infrastrukturun məntiqi nəticəsidir. Sovet dövründə tikilmiş beşmərtəbəli “xruşşovka” tipli binalarda bu cür yanğınlar artıq adi xəbər kimi diqqət çəkir. Xilasetmə xidmətlərinin mütəmadi müdaxiləsi, insanların əmlak və həyat itkisi fonunda əsas sual dəyişmir: problem yalnız naqillərdədir, yoxsa daha dərin səbəblər mövcuddur?

Bu sualla bağlı ekspertlər bildirirlər ki, 1950-1970-ci illərdə tikilən binalarda elektrik sistemi minimum yüklə işləmək üçün layihələndirilib. O dövrdə bir mənzildə bir soyuducu, bir televizor, bir neçə işıq mənbəyi olurdu. Bu gün isə eyni mənzil demək olar ki, kondisioner, paltaryuyan və qabyuyan maşınlar, elektrik sobası, qızdırıcılar, kompüter və digər elektronikanın istifadə edildiyi kiçik bir “enerji mərkəzi”nə çevrilib.

Bu kəskin enerji artımı isə köhnə alüminium naqillərin imkanlarını, necə deyərlər, aşır. Belə ki, köhnəlmiş naqillərin yaratdığı təhlükə, ilk növbədə, illər keçdikcə izolyasiyanın kövrəkləşməsi, birləşmə nöqtələrinin boşalması və naqillərdə müqavimətin yüksəlməsi ilə bağlı olur. Bu isə qızma və qısaqapanma ilə nəticələnir. Statistik hesabatlara görə, yaşayış binalarındakı yanğınların ən geniş yayılmış səbəbi də məhz bununla bağlıdır. Belə bir məsələdə daha təhlükəli məqam isə odur ki, sakinlər çox vaxt yalnız mənzil daxilində təmir aparır, amma giriş xətləri, şaxta kabelləri, zirzəmi paylayıcı qutuları illərlə dəyişdirilmir.

Elektroenergetika üzrə ekspert Namiq Ramazanovun fikrincə, yaşayış binasında baş verən yanğınların əksəriyyəti elektrik şəbəkəsinin yüklənməsi ilə bağlı olur. İnsanların böyük bir hissəsi yaşayış evlərində elektrik xətlərinin çəkilişi zamanı elektrotexniki norma və qaydaların tələblərini pozur. Bir çox hallarda evlərdə düzgün elektrik açarları (avtomat) qoyulmur və belə işlər peşəkar elektriklərə həvalə olunmur. Mənzilin elektrik enerjisi şəbəkəsi qurulan zaman elektrik xətlərinin yanmağa meyilli konstruksiyalar üzərindən çəkilməsi, qoruyucu və elektrik açarlarının düzgün olmayan yerlərə bərkidilməsi xətlərdə qəzaya gətirib çıxarır ki, bu da yanğınla nəticələnir.

N.Ramazanov bildirir ki, mənzillərin elektrik sistemi qurularkən yanmayan kabeldən istifadə edilməlidir. Amma çox vaxt insanlar buna əhəmiyyət vermir. Ya sayğaclarda, ya da evin paylayıcı avtomatlarında naqillər müəyyən vaxtdan sonra yüklənərək qızır. Nəticədə, naqillər birləşən hissələrdə boşluqlar yaranır. Bu zaman gərginlik artır və alışma baş verir. Mənzillərdə kabellərin çəkilişi zamanı suvaqaltı xüsusi yanmayan borulardan istifadə edilməsi məsləhətdir. Bu zaman kabel o borunun içində olur, elektrik şəbəkəsi qızdıqda isə orada soyuma yaranır və problemin qarşısı alınır.

Hazırda müasir texnologiyalar diferensial elektrik açarlarından istifadəyə imkan yaradır. Yüksək həssaslığa malik bu avtomatlardan isə daha çox körpə və uşaqların olduğu evlərdə istifadəyə üstünlük verilir. Bu tip elektrik açarlarının həssaslığı o dərəcədə yüksəkdir ki, hətta insan hansısa səbəbdən gərginlik olduğu yerə toxunduqda ümumi şəbəkədən ayrılma baş verir.

Hədsiz enerji sərfi və “gizli yüklər”

Mütəxəssislərin fikrincə, daha çox qış aylarında elektrik qızdırıcılarından kütləvi istifadə şəbəkəni pik həddə çatdırır. Üstəlik, qeyri-qanuni qoşulmalar, əlavə kabel çəkilişi, texniki normativlərə əməl olunmaması mövcud təhlükə ehtimalını daha da artırır. Belə hallarda bir neçə mənzildə eyni vaxtda yüksək güc tələb edən cihazların işləməsi ümumi xəttin qızmasına və nəticədə yanğına gətirib çıxarır.

Bu zaman qaz və məişət təhlükəsi də ciddi narahatlıq doğurur. Belə ki, yanğınların bir hissəsi qaz təsərrüfatı ilə bağlıdır. Yəni qaz sızmaları, standartlara uyğun olmayan avadanlıqların istifadəsi, ventilyasiyanın işləməməsi kimi hallar partlayış və alovlanma ehtimalını yüksəldir.

Bəs yeni tikililərdə niyə yanğın olur? Paradoksal görünsə də, yeni binalar da sözügedən təhlükədən sığortalanmayıb. Səbəblər isə fərqlidir. Bu, ilk növbədə, layihədə nəzərdə tutulmayan əlavə yüklənmə (məsələn, yazının əvvəlində xatırlatdığımız elektromobil şarjı), binanın inşası zamanı keyfiyyətsiz tikinti materiallarından istifadə olunması, məsələn, tikintidə yanğına davamlı olmayan üzləmə panellərinin işlədilməsi və texniki nəzarətin zəifliyində özünü qabarıq göstərir. Bəzi hallarda isə tikintidə nəzərdə tutulmayan fasad üzlüklərin istifadəsi də alovun sürətlə mərtəbələr üzrə yayılmasına gətirib çıxarır.

Problemin sistemli xarakteri almasından danışan ekspertlər rəsmi məlumatlara əsaslanaraq bildirirlər ki, ölkədə baş verən yanğınların böyük hissəsi yaşayış sektorunun payına düşür. Bu isə məsələnin fərdi səhlənkarlıqdan daha çox köhnə infrastruktur, zəif texniki nəzarət, koordinasiyasız idarəetmə kimi sistemli çətinliklərlə bağlı olduğunu göstərir. Köhnə binaların sökülməsi və yenilənməsi isə illər tələb edir. Pilot layihələr həyata keçirilsə də, minlərlə bina hələ də istifadə olunur. Bu səbəbdən əsas çıxış yolu mövcud şəbəkələrin modernləşdirilməsi, qoruyucu sistemlərin quraşdırılması, risklərin operativ aradan qaldırılmasıdır.

Kimdir müqəssir?

Bu sahədə mövcud çətinliklərin aradan qaldırılması barədə danışan mütəxəssislərin fikrincə, mənzil daxilindəki naqillərin yenilənməsi ilə bağlı vətəndaş məsuliyyət daşıyır, ümumi xətlərin təzələnməsi isə idarəedici qurumların öhdəliyi hesab edilir. Amma praktikada bu sərhəd çox vaxt “boşluq zonası”na çevrilir və problemlər illərlə həll olunmur. Bununla belə, təhlükəni artıran əlavə amillərin aradan qaldırılması da unudulur. Məsələn, zirzəmilərdə yığılan tullantıların vaxtlı-vaxtında daşınması, işləməyən yanğınsöndürmə vasitələrinin yenilənməsi, bloklanmış çıxış yollarının açılması kimi hallara laqeyd yanaşılması da yanğın zamanı daha ağır nəticələrlə müşahidə edilir.

Bütün bunları nəzərə alan mütəxəssislərin tövsiyələri kifayət qədər aydındır. Belə ki, köhnə naqillərin yenilənməsi, güclü enerji tələb edən cihazların eyni vaxtda istifadəsinin məhdudlaşdırılması, keyfiyyətsiz uzadıcıların istifadəsindən imtina olunması, qaz avadanlıqlarının mütəmadi yoxlanması və nəhayət, şübhəli qızma və qoxu zamanı dərhal müdaxilə edilməsi ilə yanğın təhlükəsinin qarşısının alınması mümkündür.

Beləliklə, yaşayış binalarında baş verən yanğınlar təkcə texniki nasazlıq deyil, bu, həm də illərlə üst-üstə qalaqlanan problemlərin məntiqi nəticəsidir. Köhnə naqillər, artan enerji tələbatı, yeni risklər (o cümlədən elektromobil şarjı), zəif nəzarət və gecikən yenidənqurma prosesi bütövlükdə ciddi təhlükə yaradır. Bu gün əsas məsələ yanğınların niyə baş verdiyini anlamaqdan daha çox, onların qarşısını almaq üçün konkret və sistemli addımların atılmasıdır.

Elmar NURƏLİYEV,
təhlükəsizlik üzrə ekspert

Yanğının baş verməsi üçün üç element – istilik, yanan material və oksigen əsas şərtdir. Evdə olan hər bir əşyanın, avadanlığın yanma təhlükəsi var. İstilik də olduqda mütləq yanğın təhlükəsi baş verir. İstər fərdi evlərdə, istərsə də çoxmənzilli yaşayış binalarında yanğınların böyük əksəriyyəti elektrik təsərrüfatında yaranan qızma, qısaqapanma və alışma səbəbləri ilə əlaqədardır. Buna görə də mənzillərdə elektrik təsərrüfatının daim saz vəziyyətdə olmasına diqqət etmək lazımdır. Ticarət müəssisələrindən alınan elektrik cihazlarının və avadanlıqların sertifikatlığına diqqət yetirilməli, onların keyfiyyətliyinə mühüm önəm verilməlidir.

Həmin elektrik cihazlarının və avadanlıqların istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl etmək zəruridir. Evi tərk etdikdə elektrik cihazlarını xətdən ayırmaq vacibdir. Elektrik şəbəkəsi tam normativ standartlara uyğun olaraq istismar edilməlidir. Elektrik şəbəkəsində baş verə biləcək yanğınların qarşısını almaq üçün keyfiyyətli məhsuldan istifadə də əsas şərtlərdən biridir. Yanğınların statistikasında ən böyük pay elektrik təsərrüfatında baş verən hadisələrlə aiddir. Elektrik təsərrüfatı saz vəziyyətdə olmazsa, normadan artıq yüklənmə baş verərsə, eləcə də eyni anda bir neçə elektrik cihazı fəaliyyət göstərərsə və mənzilin elektrik tutumu da buna uyğun olmazsa, yaxud hər hansı bir izolyasiya pozulması nəzərə çarparsa, bu, qızma, qısaqapanma, alışma və yanğına gətirib çıxara bilər.

Binalarda yanğın təhlükəsizliyi sisteminin istismarı diqqətdə saxlanılmalı və qaydalara əməl olunmalıdır. Yaranan təhlükənin qarşısının vaxtında alınması və insanların oradan təhlükəsiz təxliyə olunması, təhlükəsiz toplanış yerinin, ehtiyat su çəninin, yanğın xəbərdaredici siqnalizasiya vasitələrinin olması, həmçinin yanğın dolablarının, hidrantların mövcudluğu vacibdir. Bunlara əməl edildikdə insanların təhlükəsiz çıxarılması da mümkün olur. Ancaq təxliyə yolları, toplanış yerləri, ehtiyat su çəni təyinatı üzrə istifadə olunmursa, yaxud nasaz vəziyyətdədirsə, bu da yanğının qısa zamanda genişlənməsinə gətirib çıxarır. Bu sistemlər hadisə baş verdikdə daha tez qarşısının alınması və yayılmaması üçündür.

Bu məsələdə ən vacib məqam insanların məlumatlandırılması və xəbərdar edilməsidir. Yanğın təhlükəsizliyi məsələsinə binanı idarə edən MTK ciddi yanaşmalıdır. Sakinlər özləri də bunu tələb etməlidirlər. Elektrik şəbəkələrində ildə bir dəfə ixtisaslaşmış müəssisə ilə MTK tərəfindən yoxlamalar həyata keçirilməlidir. Sakinlərə çoxmənzilli binalarda yanğın baş verdikdə necə davranmaq lazım gəldiyi, hansı təxliyə yolları ilə təhlükəsiz əraziyə keçid edilməli olduğu haqqında məlumatlar verilməlidir.

Vaqif BAYRAMOV
XQ



Sosial həyat