Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər strateji xarakter daşıyır. Bakı ilə Brüssel təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə xüsusi önəm verirlər.
Dünya tarixin ən ciddi enerji böhranlarından biri ilə üzləşdiyi bir vaxtda Azərbaycan Aİ-nin diqqət mərkəzində daha geniş yer tutur. Son bir ay ərzində Latviya, Litva, Çexiya və İtaliya kimi üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıya səfərləri bu marağın artdığını göstərir. Görüşlər zamanı səsləndirilən bəyanatlarda Azərbaycanın Avropa üçün əhəmiyyəti xüsusi vurğulanıb.
Səfərlər yalnız üzv ölkələrin liderləri ilə məhdudlaşmayıb. Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Tərəflər Azərbaycanın Aİ üçün mühüm tərəfdaş olduğunu vurğulayıblar.
Prezident İlham Əliyev görüşdə qeyd edib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Bu kontekstdə bildirilib ki, son dövrlərdə Azərbaycan qazı Aİ-nin daha iki üzv ölkəsinə – Almaniya və Avstriyaya çatdırılıb.
Azərbaycanın Aİ-nin əsas ticarət tərəfdaşlarından biri olmasını rəqəmlərdə sübut edir. 2025-ci ildə isə Azərbaycan və Avropa İttifaqına üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 19,770 milyard ABŞ dolları olub. Bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 177,4 milyon ABŞ dolları və yaxud 0,9 faiz çoxdur. Hesabat ilində Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 0,8 faiz artaraq 16,9 milyard ABŞ dolları, idxalının dəyəri isə 1,6 faiz artaraq 2,826 milyard ABŞ dolları olub. Ötən il ərzində quruma üzv ölkələrin Azərbaycanın ümumi ixracında payı 67,66 faiz, idxalında payı isə 11,59 faiz olub.
Bu ilin I rübündə, yəni yanvar-mart aylarında Azərbaycan və Aİ-yə üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 4,104 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 3,540 milyard ABŞ dolları, idxalının dəyəri isə 564,023 milyon ABŞ dolları qeydə alınıb. Yanvar-mart aylarında Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 65,53 faiz, idxalında payı isə 14,09 faiz olub.
Azərbaycanın Aİ ilə ticarət əlaqələrində enerji məhsulları həlledici yer tutur. Ölkənin Aİ-yə ixracının əsas hissəsini xam neft, təbii qaz və digər neft məhsulları təşkil edir. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha ön plana çıxarır. Eyni zamanda, Aİ ölkələrindən Azərbaycana idxal olunan məhsulların strukturu daha çox sənaye və texnoloji xarakter daşıyır. Belə ki, idxalda maşın və avadanlıqlar, nəqliyyat vasitələri, kimya və farmasevtika məhsulları üstünlük təşkil edir.
Qeyd olunduğu kimi, energetika sahəsində əməkdaşlıq münasibətlərin əsasını təşkil edir. 2022-ci ildə Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsində oynadığı mühüm rolu bir daha təsdiqləyir. Xəzər dənizindən Avropaya uzanan Cənub Qaz Dəhlizi hazırda “qoca qitə” üçün strateji əhəmiyyət daşıyan əsas enerji marşrutlarından biri kimi çıxış edir.
Bununla yanaşı, “yaşıl enerji” sahəsində əməkdaşlıq da tərəflərin gündəliyində prioritet istiqamətlərdən biridir. Külək və günəş enerjisi də daxil olmaqla, bərpaolunan enerji mənbələri üzrə əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensial mövcuddur. Eyni zamanda, Qara dəniz sualtı kabeli layihəsi kimi elektrik enerjisi bağlantı təşəbbüsləri də strateji əhəmiyyət kəsb edir.
Bundan əlavə, Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayan əlverişli coğrafi mövqeyi ölkəni Aİ üçün xüsusilə cəlbedici edir. Son illərdə həyata keçirilən genişmiqyaslı nəqliyyat və infrastruktur layihələri bu üstünlüyü daha da möhkəmləndirib, ölkənin tranzit potensialını əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə Orta Dəhliz Avropanın Asiya bazarlarına çıxışında mühüm alternativ yol kimi ön plana çıxır. Bu gün Avrasiyanın aparıcı nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan, eyni zamanda, Aİ-nin “Qlobal Qapılar” (Global Gateway) təşəbbüsündə də mühüm yer tutur.
Bu çərçivədə ölkənin regional bağlantılarının gücləndirilməsi və alternativ nəqliyyat marşrutlarının inkişafındakı rolu getdikcə daha da artır. “Qlobal Qapılar” Aİ-nin 2021-ci ildə irəli sürdüyü genişmiqyaslı investisiya və əməkdaşlıq təşəbbüsüdür. Məqsəd Avropa ilə dünya regionları arasında dayanıqlı, təhlükəsiz və müasir infrastruktur əlaqələri qurmaqdır.
Qeyd edək ki, “Qlobal Qapılar” təşəbbüsü çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın və sərmayələrin genişləndirilməsi məqsədilə İqtisadi Əməkdaşlıq üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılması tərəflərin bu sahədə uzunmüddətli və strateji əməkdaşlığa sadiqliyini təsdiqləyir. Bu mexanizm investisiya mühitinin daha da yaxşılaşdırılmasına, eləcə də birgə əməkdaşlıq gündəliyinin sistemli və koordinasiyalı şəkildə idarə olunmasına xidmət edir.
Eyni zamanda, Azərbaycanın Naxçıvan bölgəsində dəmir yolu şəbəkəsinin modernləşdirilməsi istiqamətində göstərilən dəstək və Tramp marşrutu üzrə təşəbbüslərin icrası ilə bağlı əməkdaşlığa verilən önəm də məhz bu strateji yanaşmanın tərkib hissəsidir. Enerji sahəsində əməkdaşlıq “Global Gateway” çərçivəsində prioritet istiqamətlərdən biri kimi çıxış edir. İndiki mərhələdə Azərbaycanın rolu rəqəmsal bağlantıların gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Fiber-optik infrastrukturun inkişafı, rəqəmsal şəbəkələrin genişləndirilməsi və regionlararası məlumat mübadiləsinin təşviqi Avropa ilə Asiya arasında dayanıqlı rəqəmsal körpünün formalaşmasına şərait yaradır.
Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı
Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin artması da göstərir ki, tərəflər münasibətlərin daha da dərinləşməsində maraqlıdır. Nəzərə alsaq ki, Azərbaycanın təbii qaz ixrac etdiyi 16 ölkədən 10-u Avropa İttifaqına üzv dövlətlərdir, bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını təsdiqləyir. Çexiyanın da Azərbaycan qazının idxalına maraq göstərməsi bu istiqamətdə əməkdaşlığın coğrafiyasının genişləndiyini göstərir.
Hazırda bu sahədə aparılan danışıqlar onu deməyə əsas verir ki, yaxın dövrdə Avropa İttifaqına üzv olub Azərbaycan qazını almaqda maraqlı olan ölkələrin sayında artım müşahidə edilə bilər. Bu isə Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi və enerji tərəfdaşlığını daha da gücləndirən amillərdən biridir. Eyni zamanda, Azərbaycan hazırda Avropa İttifaqının mühüm enerji tərəfdaşlarından biri kimi çıxış edir.
Bu reallıq ölkənin Avropanın enerji təchizat zəncirində strateji mövqeyini daha da möhkəmləndirir. Hazırda Avropa Parlamentində fəaliyyət göstərən bəzi siyasi qrupların Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərə mənfi təsir göstərməyə çalışdığı da müşahidə olunur. Son dövrlərdə qəbul edilən qərəzli və reallığı əks etdirməyən qətnamələr də bunu göstərir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər inkişaf dinamikasını qoruyur.
Ermənistanda keçirilən “Avropa Siyasi” Birliyi Zirvəsindən sonra Kaya Kallasın Azərbaycana səfəri də münasibətlərin davamlı inkişafına verilən önəmin göstəricisidir. Son həftələrdə Avropa İttifaqına üzv bir neçə ölkənin yüksək vəzifəli rəsmilərinin Azərbaycana səfərləri də bu əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə inkişaf etdiyini göstərir. Bu, xüsusilə strateji tərəfdaşlıq çərçivəsində münasibətlərin möhkəmlənməsi baxımından diqqət çəkir.
Musa BAĞIRLI
XQ


