10 yaşlı nəşriyyatın yaradıcılıq hesabatı

post-img

“İnci Şirkətlər Qrupu”nun pedaqoji yönümlü kitablar və məktəbli vəsaitləri buraxan “İZƏ” nəşriyyatı 10 yaşını Bakı və Sumqayıt şəhərlərində bu qurumla sıx əlaqə saxlayan, onun buraxdığı çap məhsullarından yararlanan müəllimlərlə birgə qeyd edib.

Paytaxtın “Coffeerabb” restoranında keçirilən mərasimdə şirkətin idarə heyətinin sədri Mikayıl Yusifov rəhbərlik etdiyi qurumun 31 illik fəaliyyətində məktəbli və dəftərxana ləvazimatları, dərs vəsaitlərinin hazırlanması, idxalı və satışının önəmli yer tutduğunu söyləyib: “Məqsədimiz sağlamlığa və zehni inkişafa, ekoloji tarazlığa və sağlam həyat tərzinə fayda verə bilən məhsullarla insanların gündəlik ehtiyaclarını ödəməkdir. İstehsal və xidmət öhdəliyimiz istifadəçilərin daim yeniləşən ehtiyaclarını öyrənmək, onlar üçün əlçatan etməkdir”.

Bildirilib ki, çoxsaylı nəşrləri ilə ölkə məktəblərində populyarlıq qazanan, şagirdlərin sevimlisinə çevrilən “İZƏ” nəşriyyatının 10 illik yubileyi ilə bağlı təşkil edilən silsilə görüşlərin məqsədi müəllimlərlə canlı ünsiyyət yaratmaq və onları yeni nəşr olunan dərs vəsaitləri barədə məlumatlandırmadır. Tədris prosesində “İZƏ” nəşrlərindən əlavə vəsait və pedaqoji təşviq materialları kimi istifadəyə üstünlük verən müəllimlərin rəy, təklif və təşəbbüslərini öyrənmək gələcək inkişaf üçün mənəvi dəstəkdir.

Görüşdə “İZƏ” nəşriyyatının 10 illik fəaliyyəti barədə videçarx nümayiş etdirilib, burada buraxılan yeni nəşrlər təqdim olunub. Çıxış edən müəllimlər qurumun çap məhsullarının tədrisdə əyanilik və təsirlilik baxımından üstünlüyünü vurğulayıblar. Onlar kollektivin ünvanına xoş sözlər, səmimi təbriklər səsləndirib, nəşriyyata yeni uğurlar diləyiblər.

“İZƏ” nəşriyyatının hazırladığı “Yay tapşırıqları-1” barədə məlumat verən şirkət təmsilçisi Ramizə Yusifova qeyd edib ki, 6 bölmə və 12 həftəlik proqram əsasında tərtib olunmuş vəsait Azərbaycan dili, riyaziyyat, məntiq, oxuyub-anlama, həyat bilgisi və ingilis dilini əhatə edir. Əyləncəli və interaktiv tapşırıqlar uşaqlarda diqqət, məntiqi düşüncə və vizual qavrama bacarıqlarını inkişaf etdirir. Fərqli çalışmalar, rəngləmə səhifələri uşaqları yaradıcılığa həvəsləndirir, öyrənmə prosesini daha maraqlı edir.

Mərasimin davamında milli təhsilin inkişafı, şagirdlərin çağdaş mənəvi və ekoloji tərbiyəsi, onlara sağlam həyat tərzi vərdişlərinin aşılanması kimi məsələlər müzakirə olunub. Geniş fikir mübadiləsində söylənən mülahizələr növbəti fəaliyyət üçün əsas kimi qeydə alınıb.

Görüşlərin fəxri iştirakçısı, Ana Təbiət Natural Gigiyena Mərkəzinin rəhbəri, sağlam həyat tərzi ilə ölkəmizdə uzunömürlülük örnəyi yaradan 92 yaşlı yazıçı-jurnalist Ərşad Əzimzadə “İZƏ” nəşriyyatı ilə sıx əməkdaşlığının bu yaxınlarda onun şirkətdə daimi işə qəbul edilməsi ilə nəticələndiyini söylədi. O, sağlam həyat tərzini təşviq edən kitablarında əksini tapmış şəfa qaydalarının və gümrahlıq üsullarının “İZƏ” nəşriyyatında uşaqlar üçün uyğunlaşdırılmış nəşrlərinin çap edilməsinə görə təşəkkürünü bildirib.

Görüşlərin sonunda yazıçı-jurnalist müəllimlər üçün kitablarını imzalayıb. Yeni vəsaitlər iştirakçılara hədiyyə edilib.

Tahir AYDINOĞLU
XQ



Sosial həyat