2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 3,4 faiz (2,9 milyard) artaraq 87,9 milyard ABŞ dollarına çatıb. Hesabat dövründə Azərbaycan Mərkəzi Bankının ehtiyatları isə 12,7 milyard dollar təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov dünən faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib. Ölkənin strateji valyuta ehtiyatlarının 38 aylıq mal və xidmətlərin idxalına imkan verdiyini diqqətə çatdıran bank sədrinin sözlərinə görə, ehtiyatlar geniş manat kütləsini 3,7 dəfə üstələyir.
Qeyd olunub ki, bu il Azərbaycanın cari əməliyyatlar balansının profisitinin 5,5 milyard dollara çatacağı gözlənilir. 2027-ci ildə isə AMB cari əməliyyatlar balansının profisitinin 4,4 milyard dollar olacağını proqnozlaşdırıb. “Bunun əsas səbəbi AMB-nin neft və qaz qiymətləri üzrə yeni proqnozudur. Belə ki, Mərkəzi Bank neftin orta qiymətini 2026-cı il üzrə 84,5 dollar, 2027-ci il üzrə 74,5 dollar müəyyən edib. Qazın min kubmetrinin qiyməti 2026-cı il üzrə 324 dollar, 2027-ci il üzrə isə 290 dollar proqnozlaşdırılıb”, – deyə o bildirib.
T.Kazımov Azərbaycan Mərkəzi Bankının ölkəmizin növbəti 2 il üzrə iqtisadi artım proqnozu ilə bağlı da məlumat verib. Bildirilib ki, 2026-cı ildə ölkədə iqtisadi artımın 1,1 faiz olacağı gözlənilsə də, 2027-ci ildə bu rəqəmin 3,2 faiz təşkil edəcəyi proqnozlaşdırılıb. Bununla yanaşı, bank bu il ölkənin qeyri-neft sektorunda 3,2 faiz, gələn il isə 4,7 faiz artımın baş verəcəyi qənaətindədir.
Son iki ayda Mərkəzi Bankda valyuta hərracının keçirilmədiyini diqqətə çatdıran Taleh Kazımovun sözlərinə görə, hazırda bazarda valyuta təklifi tələbi kəskin üstələyib: “Buna görə də Azərbaycan Mərkəzi Bankı aprel ayında valyuta bazarına müdaxilə etdi və ehtiyatlar 12,7 milyard dollara çatdı. Bu prosesləri nağd bazarında da görürük. Burada da təklif tələbi üstələyir. Qarşıdakı 2-3 ayda valyuta bazarında cari vəziyyət davam edəcək. Ehtimal olunur ki, bank ilin sonunda yenidən valyuta bazarına müdaxilə etsin”.
Aprel ayının yekununda Azərbaycanda izafi likvidliyin 3,8 milyard manat təşkil etdiyini vurğulayan bank sədri ötən il isə bu rəqəmin 2,9 milyard manat olduğunu xatırladıb. Bank sədri deyib ki, Mərkəzi Bank monetar siyasətinin əməliyyat çərçivəsində olan alətlərdən istifadə edərək istinad faiz indeksini uçot dərəcəsinə yaxın bir tonda idarə etməyə nail olub. Onun sözlərinə görə, sterilizasiya əməliyyatlarının 89 faizi məhz bir həftəlik depozit hərracları vasitəsilə həyata keçirilib.
Sonda media təmsilçilərinin çoxsaylı sualları cavablandırılıb.
M.YAQUBZADƏ
XQ

