Ulu öndər və milli elmin tərəqqisi

post-img

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə AMEA-nın Gəncə Bölməsində “Azərbaycan elminin beynəlxalq müstəvidə tanıdılması: Yeni çağırışlar və strateji istiqamətlər” mövzusunda elmi-praktik seminar keçirilib.

Elmi məclisdə açılış nitqi ilə çıxış edən bölmə sədri, akademik Fuad Əliyev mövzunun əhəmiyyətini vurğulayaraq bildirib ki, belə müzakirələr ölkədə elmin inkişafına və beynəlxalq elmi mühitə inteqrasiyanın gücləndirilməsinə xidmət edir. O bildirib ki, elm adamlarının indiki əlamətdar tarixdə – ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində keçirilir. Ulu öndərin Azərbaycanın davamlı inkişafı üçün müəyyənləşdirdiyi strategiyanın tərkib hissəsi kimi, bugünkü seminar elmimizin tərəqqisinə yeni töhfə vermək məqsədi daşıyır.

Seminarda müxtəlif məruzələr dinlənilib. Xəyalə Məmmədova elmi nəşrlərin beynəlxalq standartlara uyğunlaşdırılması və indeksləşmə strategiyaları barədə geniş məlumat verib. O, “Redaktorluq məktəbi” layihəsinin elmi jurnalların keyfiyyətinin artırılmasında mühüm rol oynadığını qeyd edib. Müzakirəyə onlayn qoşulan türkiyəli ekspert Gökmen Kılıçoğlu isə elmi jurnalların idarə olunması və nəşr menecmenti sahəsində beynəlxalq təcrübədən bəhs edib.

Seminar çərçivəsində AMEA nəşrlərinin beynəlxalq elmmetrik bazalara inteqrasiyası istiqamətində görülən işlər barədə də məlumat verilib. Qeyd olunub ki, elmi məqalələrə DOI identifikatorlarının verilməsi, eləcə də beynəlxalq platformalarla əməkdaşlıq bu sahədə mühüm irəliləyişlərə səbəb olub.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri



Sosial həyat