Şuşa, biz səni mədəniyyət paytaxtımıza çevirmişik

post-img

Bu şəhərin yaşatdığı dəyərlər Türk-islam dünyası üçün də üstün önəm daşıyır

Azərbaycanın şanlı zəfəri, ərazi bütövlüyünün tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq və qürurverici hadisələrindən biri kimi yaddaşlara həkk olundu. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, qətiyyətli liderliyi və rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı ilə qazanılan bu tarixi qələbə milli ləyaqətimizin, dövlət suverenliyimizin və ədalətin təntənəsidir. Azərbaycan haqq savaşında qalib çıxaraq illərin həsrətinə son verdi. Yurd yerlərimizə həyat, nur və şəfəq qayıtdı.

O yurdlar ki, illərlə erməni vandalizminə məruz qalmış, şəhərləri dağıdılmış, kəndləri viran edilmişdi. Bu gün həmin torpaqlarda yenidən həyat canlanır, şəhər və kəndlərdə yeni infrastrukturlar qurulur, Böyük Qayıdışla canlanan torpaqlar doğma sakinlərinə qucaq açır. Tarixi zəfərimizin ən unudulmaz anı isə Şuşanın işğaldan azad olunması və 2021-ci il mayın 7-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsidir.

Təbiəti, coğrafi mövqeyi, yerüstü maddi-mənənəvi dəyərləri ilə bütöv bir abidəyə, nadir memarlıq qoruğuna, ümummilli sərvətə çevrilmiş bu şəhərin işğal günündən 29 il, azad edilməsindən isə 5 ay keçmiş imzalanmış bu tarixi sənədlə tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Qarabağ feodal dövlətinin paytaxtı olmuş Şuşa müstəqil Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.

Bu qərar Şuşaya verilən tarixi, mənəvi və mədəni dəyərin bariz nümunəsidir. Əsrlər boyu Azərbaycanın musiqi, ədəbiyyat, incəsənət və xalçaçılıq beşiyi adlandırılan Şuşa “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Şərqin konservatoriyası” kimi adından söz etdirmiş və Bülbül, Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan, Xan Şuşinski kimi korifeylər yetişdirmişdir. Şuşa milli ruhun və sənət yaddaşının məbədi, incəsənət tariximizin salnaməsidir.

Əsası Pənahəli xan Sarıcalı-Cavanşir tərəfindən qoyulan Şuşa şəhəri Azərbaycanın qədim və strateji əhəmiyyətli bölgələrindəndir. Şəhərin ilk adı xanın şərəfinə “Pənahabad” qoyulsa da, bəzi mənbələrə əsasən, qayalıqların dik və iti olması səbəbindən “Şişə”, daha sonra “Şuşa” adlandırılıb. Digər versiyaya görə isə şəhərin adı “şüşə” sözündən yaranıb. Belə ki, Şuşa bulaqlarının suyu o qədər şəffaf və təmiz olub ki, sakinlər onu şüşə ilə müqayisə ediblər.

1795-ci ildə Şuşa Ağa Məhəmməd şah Qacarın hücumuna məruz qalıb, o, şəhəri mühasirəyə alaraq İbrahimxəlil xanın təslim olmasını tələb edib. Şəhərin adının “şüşə” anlamı burada da bədiilik qazanıb. Belə ki, Qacara saray şairi tərəfindən yazılan məktubda belə bir beyt var idi: “Fələyin mancanağından bəla daşları yağır, sən isə əbləhcəsinə şüşə içərisində oturmusan?” Misraların qarşılığında yazılan məktub isə Şuşanın müqavimət ruhunun əksi idi. Qarabağ xanının vəziri Molla Pənah Vaqif cavab məktubunda yazırdı: “Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlayar”. Vaqifin beyti Ağa Məhəmməd şahı qəzəbləndirir və o, top atəşlərini davam etdirmək əmrini verir. Lakin yenə heç nə alınmır. Şuşanın 33 günlük mühasirəsi qalanın müdafiəçilərini sarsıtmır və şah məcbur olub mühasirəni dayandıraraq, Gürcüstana yola düşür.

Molla Pənah Vaqifin misralarında Şuşa sərt qaya içində parlayan inci, ləl-cəvahirat kimi də təqdim olunur:

“Məkan tutdisə Vaqif, yox əcəb,
bu Şişə dağında,
Məqami ləli-gülrəngin
miyani-səngi-xaradır”

Zamanın sərt sınaqlarından, siyasətin təlatümündən və mühasirələrdən salamat çıxan şəhərdə XVIII-XIX əsrlərdə 300 tarixi, o cümlədən respublika və beynəlxalq miqyaslı 23 abidə, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa edilmiş qala divarı mövcud idi. Şuşanın cənubundakı Cıdır düzü isə həm təbiət möcüzəsi, həm də ictimai-mədəni hadisələrin mərkəzi kimi tanınırdı.

Qafqazın ən böyük xalçaçılıq mərkəzi burada yerləşirdi və sənət sahəsində əldə edilən nailiyyətlər şəhərin ticarət və sənaye potensialını artırırdı. Şəhər zəngin təbii ehtiyatlarla – üzlük daş yataqları, Keçəldağ gil ehtiyatları, şirin su mənbələri, eləcə də Şirlan və Turşsu kimi müalicəvi mineral sularla da seçilirdi. 450 hektar ərazini əhatə edən Daşaltı Dövlət Təbiət Yasaqlığı 1988-ci ildə yaradılmış və bu ərazi Şuşa ilə Əsgəran bölgələrindəki nadir təbiət komplekslərini qorumaq məqsədi daşıyırdı.

Şuşa təmiz havası, müalicəvi iqlimi və unikal florası ilə kurort şəhərləri sırasında özünəməxsus yerə malik idi. Yalnız burada bitən Xarıbülbül çiçəyi formasına görə bağrı yarılmış bülbül siluetini xatırladırdı. Turşsu, Səkili, İsa və Şamil bulaqları, eləcə də Cıdır düzü həm yerli əhalinin, həm də gələn qonaqların ən çox üz tutduğu istirahət məkanları idi. Şuşanın 40 kilometrliyində, Laçın yolu üzərində yerləşən və sanatoriya zonasını təşkil edən Turşsu profilaktik və müalicəvi vannaları ilə şöhrət qazanmışdı. Cıdır düzünün qərb hissəsində isə, sanki, torpağa sancılmış mıxları xatırladan üç təpədən ibarət Üçmıx dağı ucalırdı. Şuşaya gələn turistlər bu yerlərə seyrə çıxar, təbiətin bu bölgəyə bəxş etdiyi gözəlliklərə valeh olardılar. Hər il may ayında Cıdır düzündə keçirilən Xarıbülbül festivalı isə bu füsunkar mənzərəni mədəniyyətin ahəngdar sədaları ilə tamamlayırdı.

Dahi Azərbaycan şairi Səməd Vurğun və görkəmli rus şairi Sergey Yeseninin Şuşa haqqında oxşar fikirləri var. Səməd Vurğun yazırdı ki, Azərbaycanın tanınmış müğənni və musiqiçilərinin çoxu Şuşadan çıxıb. Yesenin yazırdı: “Əgər oxumursansa, deməli, şuşalı deyilsən”. Bəlkə də buna görə deyiblər ki, Şuşada körpələr bələkdə belə muğam üstündə ağlayır .

Şuşada çoxsaylı ədəbi və musiqi məclisləri fəaliyyət göstərmişdir. Şair, rəssam və musiqişünas Mir Möhsün Nəvvab (1833–1918) Şuşada anadan olmuş, ömrünü bu şəhərdə keçirmiş və burada da dünyasını dəyişmişdir. O, Azərbaycan ədəbiyyatı, elmi və incəsənətinə dəyərli töhfələr vermiş, Gövhərağa məscidinin divar naxışlarının işlənməsində böyük zəhmət sərf etmişdir.

XIX əsrin ikinci yarısından etibarən Şuşada musiqi məclislərinin təşkili geniş vüsət almışdır. Xurşidbanu Natəvanın rəhbərlik etdiyi “Məclisi-üns” (“Dostluq məclisi”) və Mir Möhsün Nəvvabın təşkil etdiyi “Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”) xüsusi şöhrət qazanmışdır. Klassik Şərq musiqisinin görkəmli nümayəndəsi Xarrat Qulu Məhəmməd oğlunun Şuşada yaratdığı musiqi məclisi haqda maraqlı məlumatlar günümüzədək gəlib çatmışdır. Şəhərdə Şuşa Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyi, Şuşa Tarix Muzeyi, həmçinin Üzeyir Hacıbəylinin, Bülbülün və Mir Möhsün Nəvvabın ev-muzeyləri, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı, Dövlət Rəssamlıq Qalereyası, musiqi məktəbləri və kitabxanalar fəaliyyət göstərmişdir.

XVIII əsrin ikinci yarısından Şuşa musiqi mərkəzinə çevrilmişdir. Məlahətli səsi və böyük sənəti ilə Yaxın Şərqdə məşhur olan xanəndələrdən Hacı Hüsü, Məşədi İsi, Keştazlı Həşim, Əbdülbaği Zülalov (Bülbülcan), Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Segah İslam, Zabul Qasım, Malıbəyli Həmid, Musa Şuşinski, Məcid Behbudov, Mütəllim Mütəllimov və başqaları Şuşanın yetirdiyi məşhur sənətkarlardır. Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli (1885-1948) Şuşanın dünya şöhrətli yetirmələrindəndir. O, Azərbaycan opera musiqisinin banisi kimi tanınmaqla yanaşı, görkəmli dramaturq, pedaqoq, musiqişünas kimi də ad qazanıb.

Şuşada gözəl tar, kamança və qarmon çalanlar da yetişib. Tanınmış tarzən Sadıqcan, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Qurban Pirimov və başqaları əvəzsiz sənətkarlar kimi tanınıb. Mədəniyyət beşiyi olan bu şəhərin ab-havası məşhur yazıçı Aleksandr Dümanın “Qafqaz səfəri” əsərində də öz əksini tapıb. Kitabda bu yerlərin gözəlliyindən, xalqımızın qonaqpərvərliyindən, Qarabağ xanlığından, o dövrün tanınmış şairəsi Natəvandan bəhs edilir. Şuşanın abidələr şəhəri olduğunu söyləyən ulu öndər Heydər Əliyev bu ecazkar məkanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”.

28 il ərzində Şuşa dağlarının başı dumanlı, doğma sakinlərin qəlbi yaralı idi. Sarı bülbülün səsi kəsilmiş, xarıbülbülün boynu bükülmüşdü. Cıdır düzü düşmən tapdağı altında inləyirdi. Bülbülün, Üzeyirin, Natəvanın güllələnmiş heykəlləri öz xilaskarını gözləyirdi. Nəhayət, o müqəddəs gün gəldi. 2020-ci ilin rəşadətli zəfəri ilə bütün ərazilərimiz kimi Şuşa da əsarətdən qurtuldu. Azərbaycan əsgərinin mərdliyi, xalqın iradəsi və Ali Baş Komandanın qətiyyəti sayəsində noyabrın 8-də Şuşa işğaldan azad edildi.

Bu gün Şuşa məscidlərində azan səsləri ucalır, Cıdır düzündə Qarabağ atlarının nəriltisi eşidilir. Sarı bülbül azadlığın nəğməsini, qayıdışın sevincini oxuyur. Xarıbülbül isə çiçək açır.

Fidan ƏLİYEVA
XQ

Mədəniyyət