Heydər Əliyev fenomeni: siyasi portretin miqyası və şəxsiyyətin missiyası

post-img

Azərbaycan mənim həyatımın mənasıdır.

Heydər ƏLİYEV,
Azərbaycan xalqının ümummilli lideri

Azərbaycan xalqının Ümummilli lideri, dünya siyasətinin əsas simalarından biri olmuş görkəmli dövlət xadimi Heydər Əliyev böyük siyasətin müstəqil dövlətçilik tariximizin, elm, ədəbiyyat və incəsənətin əbədi mövzusudur. Bu dahi şəxsiyyətin həyatı, mübarizəsi və idealları həm mənsub olduğu xalqın, ölkənin tarixində və taleyində, həm də geniş mənada dünyanın siyasi-tarixi gedişatında mühüm yer tutmuşdur.

XX əsrin ikinci yarısından sonrakı Azərbaycanın və SSRİ adlanan ölkənin siyasi-tarixi proseslərini Heydər Əliyev faktorundan bəhs etmədən obyektiv, tam halda izah və əhatə etmək mümkün deyildir. Həm Azərbaycan Respublikasının həm də Sovet İttifaqının dünyanın aparıcı dövlətləri, siyasi müttəfiqləri, qonşu dövlətlər, dost xalqlarla əlaqələrində görkəmli dövlət xadimi Heydər Əliyevin iştirakı, münasibəti, mövqeyi, əməli addımları, baxışları xüsusi yer tutmuşdur.

Beləliklə, ölkəsində milli iftixar mənbəyi və əsl xilaskar səviyyəsində ümumxalq ehtiramı qazanmış, Ulu öndər Heydər Əliyev SSRİ miqyasında görkəmli dövlət xadimi kimi etiraf olunan və beynəlxalq miqyasda böyük siyasətin qroyssmeystrlərindən biri olaraq qəbul edilən nəhəng simalardandır. SSRİ dağıldıqdan sonra sovet rəhbərlərinin, Siyasi Büro üzvlərinin əksəriyyətinin müstəqillik qazanmış Rusiya Federasiyasının və ya mənsub olduqları keçmiş müttəfiq respublikaların, yaxud beynəlxalq təşkilatların siyasətində, yaxud idarəetməsində nəzərəçarpacaq səviyyədə təmsil oluna bilməmələri çox keçməmiş onların təqaüdçü kimi unudulub getmələrinə səbəb olmuşdur.

Heydər Əliyev isə böyük çətinliklərdən, maneələrdən keçərək xalqın tələbi ilə yenidən böyük siyasətə qayıtmış, müstəqillik epoxasının da dünya miqyasında əsas simalarından biri olmuş, Azərbaycan xalqının Ümummilli lideri səviyyəsinə yüksəlmişdir. Haqlı olaraq Heydər Əliyev obrazlı şəkildə “Zəmanəmizin qəhrəmanı” adlandırılmışdır. Bununla da Heydər Əliyev ümumdünya tarixində, mənsub olduğu xalqın tarixində və yaddaşında qüdrətli dövlət xadimi kimi əbədi yaşamaq haqqı qazanmışdır. Bütün bunlara görə görkəmli dövlət xadimi və böyük siyasətçi Heydər Əliyevin müdrik siyasəti, zəngin təcrübəsi, dönməz iradəsi, böyük idealları və mübarizəsi dövlətçilik tarixinin sınaqlardan çıxmış dərslər kimi daim öyrəniləcək, tədqiq olunacaq, dövlətlərin, xalqların irəliyə doğru inkişafına işıq salacaqdır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin tərcümeyi-halı ilk növbədə mənsub olduğu xalqın tərcümeyi-halı, həm də XX əsrin ikinci yarısından XXI əsrin əvvəllərinə qədərki ümumdünya proseslərinin salnaməsidir. Heydər Əliyevin mənalı və keşməkeşli ömür yolu və müstəqil dövlətçilik idealları, mübarizəsi Azərbaycan xalqı üçün əsl milli dövlətçilik məktəbi, azərbaycançılıq dərsləridir.

Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Atası Əlirza Kərbəlayi Cəfər oğlu Əliyev Bakıda və Naxçıvan şəhərində dəmiryol nəqliyyatında çalışmışdır. Anası İzzət xanım Əliyeva evdar qadın olmuş və böyük ailənin qayğısını çəkmişdir. Bu ailə Azərbaycan dövlətçiliyinə, elm, maarif və mədəniyyətimizə görkəmli simalar bəxş etmişdir. Əliyevlər ailəsini təmsil edən görkəmli elm xadimi, akademik Həsən Əliyev (1907-1993), Xalq rəssamı Hüseyn Əliyev (1911-1991), Əməkdar müəllim Şəfiqə Əliyeva (1930-2008), AMEA-nın müxbir üzvü Aqil Əliyev (1926-2006), akademik Cəlal Əliyev (1928-2016) və akademik Rəfiqə Əliyeva (1932-2017) Azərbaycanın ölkədə və onun hüdudlarından kənarda tanınan görkəmli şəxsiyyətlərindəndirlər.

Gələcəyin görkəmli dövlət xadimi Heydər Əliyevin orta məktəb dövrü haqqında az məlumat vardır. Lakin artıq məlumdur ki, Heydər Əliyev Naxçıvan şəhərindəki 1 saylı Beynəlmiləl orta məktəbdə oxumuş və burada yeddinci sinfi bitirənədək təhsil almışdır. Ulu öndərin orta məktəb illəri haqqında dediyi aşağıdakı fikirlər onun Naxçıvan şəhər 1 saylı Beynəlmiləl məktəbində aldığı təhsil və ona dərs demiş müəllimlər haqqında real təsəvvür yaradır: “Tez-tez məndən soruşurlar ki, gənc vaxtlarından ən çox hörmət etdiyiniz adamlar kimlərdir? Həmişə cavab vermişəm ki, orta məktəbdə mənə dərs deyən müəllimlər. Mənim müəllimlərim daha çox olubdur. Mənə çox müəllimlər, alimlər dərs deyiblər… Ancaq Naxçıvanda orta məktəbdə oxuyarkən müəllimlərimdən aldığım bilik, tərbiyə və təəssürat qəlbimdə daim yaşayır. O müəllimlərin hər birinin siması bu gün mənim gözümün qabağındadır”.

“Hər birinin siması” onun üçün əziz olan orta məktəbin müəllimləri içərisindən Heydər Əliyev Naxçıvan şəhər 1 saylı Beynəlmiləl orta məktəbində ona Azərbaycan dili və ədəbiyyat fənnindən dərs demiş görkəmli romantik şair Hüseyn Cavidin böyük qardaşı Məhəmməd Rasizadənin xidmətlərini yüksək qiymətləndirmişdir: “Çox yaxşı müəllim idi. Son dərəcə tələbkar idi, bizi çox sıxışdırırdı, amma yaxşı da öyrədirdi. Bizə Azərbaycan dili və ədəbiyyatdan dərs deyirdi. Sonra iş elə gətirdi ki, mən uzun illər əsasən rus dilini işlətdim. Dövlət Təhlükəsizlik Komitəsində işləyəndə də, Mərkəzi Komitədə olanda da rus dili aparıcı idi. Moskvada yalnız rusca danışıb, rusca yazırdım. Əgər bütün bunlardan sonra mən Azərbaycan dilində səlis, rəvan danışmaq, yazmaq vərdişlərini yadırğamamışamsa, bunun səbəblərindən biri müəllimim Şeyx Məhəmməddən aldığım dil və ədəbiyyat tərbiyəsidir”.

Heydər Əliyev 1936-1939-cu illərdə Naxçıvan Pedaqoji Məktəbində təhsil almışdır. Müəllimlik ixtisası qazanmaq üçün o, bütün fənləri dərindən öyrənmiş, müəllimlərinin və tələbə yoldaşlarının böyük rəğbətini qazanmışdır. Naxçıvan Pedaqoji Məktəbində Heydər Əliyev istedadı, mütaliəsi və bacarığı ilə tələbə yoldaşlarından fərqlənmişdir. Onunla eyni vaxtda Naxçıvan Pedaqoji Məktəbində təhsil almış Zərqələm Əliyevanın aşağıdakı sözləri Heydər Əliyevin gənclik illərindən müstəsna qabiliyyəti ilə diqqəti cəlb etdiyini göstərir: “Bizim hərbi rəhbərimiz Akim Abbasov (sonralar general-mayor oldu) … deyirdi ki, Heydər gələcəyin ən böyük hərbçisi, general, marşal olacaq. Lətif Hüseynzadə (Azərbaycan dili və ədəbiyyat müəllimi – İ.H.) isə deyirdi ki, Heydər, sən gələcəyin dahi şəxsiyyətlərindən olacaqsan, hamı səninlə fəxr edəcək. Yəni Heydər Əliyevin böyüklüyü, qeyri-adiliyi elə o vaxt da hamının diqqətini çəkirdi… Heydərdə bənzərsiz rəhbərlik, liderlik xüsusiyyəti var idi”.

Naxçıvan Pedaqoji Məktəbində Heydər Əliyev müəllimlik peşəsinə yiyələnməklə bərabər, həm də dram və rəsm dərnəyində həvəslə iştirak edərək, bu sahələrdə də yüksək qabiliyyətə malik olduğunu nümayiş etdirmişdir. Onun çəkdiyi rəsmlərdən biri hazırda Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində mühafizə olunur. Naxçıvan Pedaqoji Məktəbində keçirilən rəsm müsabiqəsində Heydər Əliyev böyük rus şairi Aleksandr Puşkinin əsərlərinə çəkdiyi illüstrasiyalara görə birinci yeri tutmuşdur. Bundan başqa, Heydər Əliyev Naxçıvan Dram Teatrının rejissoru İbrahim Həmzəyevin rəhbərlik etdiyi dram dərnəyində tamaşaya qoyulmuş Xalq şairi Səməd Vurğunun “Vaqif” dramında Qacar rolunu məharətlə ifa etmişdir. Bütün bunlara görə, Ulu öndər özü də dünyagörüşünün formalaşmasında, gələcəyə baxışlarında Naxçıvan Pedaqoji Məktəbinin və orada dərs deyən müəllimlərin mühüm rol oynadığını həmişə minnətdarlıq hissi ilə qeyd etmişdir: “O dövrdə aldığım təhsil gələcək həyatının bütün mərhələlərində mənə yardım edibdir”.

Heydər Əliyev Naxçıvan Pedaqoji Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. O, Şahbuz rayonunun Qışlaq kənd məktəbinə təyinat almış, burada cəmi 2-3 ay müəllim kimi fəaliyyət göstərmişdir. Bundan sonra Heydər Əliyev 1939-cu ildə qəbul imtahanlarından əla qiymətlər alaraq, Azərbaycan Sənaye İnstitutunun (indiki Neft və Sənaye Akademiyasının – İ.H.) Memarlıq fakültəsinə daxil olmuş və ailəsinin maddi çətinliklərinə görə birinci kursu bitirib, lakin təhsilini davam etdirməyərək, Naxçıvana qayıtmışdır. O, Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığının 15 oktyabr 1941-ci il tarixli əmri ilə Naxçıvan Mərkəzi Dövlət Arxivinə elmi işçi vəzifəsində işə qəbul edilmişdir. Təxminən 7 aya yaxın bu vəzifədə işləyən Heydər Əliyevə Naxçıvan Mərkəzi Dövlət Arxivinin Məxfi şöbəsinin müdiri vəzifəsində işləmək etibar olunmuşdur. Az keçməmiş o, 14 iyul 1943-cü il tarixdən Naxçıvan MSRP Xalq Komissarları Sovetinin Ümumi şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir.

Gənclik illərindən dövlət təhlükəsizlik orqanlarında işə başlayan Heydər Əliyev 1944-cü ilin may ayından etibarən rəsmi olaraq leytenant rütbəsi almaqla Naxçıvan MSSR Təhlükəsizlik Nazirliyində işə başlamışdır. Əməliyyat işçisi kimi o, muxtar respublikanın İranla sərhəd ərazilərinə nəzarət etmiş, həmin illərdə Cənubi Azərbaycanda gedən prosesləri izləmiş, bu sahə üzrə xüsusi tapşırıqları bacarıqla yerinə yetirmişdir. Göstərdiyi bacarıqlara görə Heydər Əliyev Naxçıvan MSSR Təhlükəsizlik Nazirliyinin şöbə rəisi vəzifəsinə təyinat almış, baş leytenant rütbəsi qazanmışdır. Peşə bacarığı və ictimai fəallığı nəzərə alınaraq, Heydər Əliyev 1945-ci ildə Kommunist Partiyası sıralarına daxil edilmişdir. O, SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin Leninqrad şəhərindəki Ali Əməliyyat İşçilərinin Hazırlıq Məktəbində ixtisas təhsili almış, 1950-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Təhsili başa çatdıran kimi Heydər Əliyev Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Nazirliyinin 5-ci şöbəsinin rəisi olaraq fəaliyyətini davam etdirmişdir.

Xüsusi qabiliyyətləri ilə diqqəti cəlb edən Heydər Əliyev 1950-ci ilin avqust ayından etibarən mərkəzi təşkilata keçirilərək, Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyində fəaliyyət göstərməyə başlamışdır. O, Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin 2-ci şöbəsinin 6-cı bölməsinin rəisi kimi məsuliyyətli bir vəzifədə özünü əsl çekist kimi göstərmişdir. Heydər Əliyev eyni zamanda 1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetində qiyabi yolla tarix ixtisası üzrə ali təhsil almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Dövlət Universitetində onunla eyni qrupda oxumuş Dövlət Məmmədovun xatirələrindən öyrənirik ki, Heydər Əliyev bu ali təhsil ocağında da “qrupun liderinə çevrilmiş, …bütün universitetdə nüfuz qazanmışdır”.

Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin məsul əməkdaşı kimi həm ölkə daxilində, həm də xarici ölkələrdə bir sıra dövlət əhəmiyyətli tapşırıqları yüksək peşəkarlıq səviyyəsində yerinə yetirmişdir. Ona görə də qısa müddətdən sonra irəli çəkilərək, 1958-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Əks-kəşfiyyat şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyat işi sahəsində mühüm dəyişiklərin edilməsinə nail olmuş, bir çox dövlət əhəmiyyətli tapşırıqları böyük bacarıqla həyata keçirərək, əsl peşəkar kadr kimi tanınmışdır. Bu məsuliyyətli sahədəki mühüm xidmətləri nəzərə alınmaqla o, 1959-cu ildə II dərəcəli “Nümunəvi xidmətə görə” medalı, 1960-cı ildə isə “DTX-nın Fəxri əməkdaşı” medalı ilə təltif olunmuşdur.

Bundan başqa, 26 may 1962-ci ildə “SSRİ-nin Dövlət təhlükəsizliyinin təmin edilməsində xidmətlərinə görə” dövrün mühüm təltiflərindən olan “Qırmızı Ulduz” ordeninə layiq görülməsi ilə onun artıq Dövlət Təhlükəsizlik Xidməti üzrə Sovetlər İttifaqı səviyyəsində yüksək professional qabiliyyətlərə malik kadr kimi qəbul olunduğunu nümayiş etdirirdi. Bunun ardınca cavan kəşfiyyatçının 1964-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülməsi də Heydər Əliyevin çətin və məsuliyyətli iş sahəsindəki mühüm xidmətlərinə verilən yüksək qiymətin ifadəsi olmaqla bərabər, həm də ona göstərilən etimadın ifadəsi idi.

Heydər Əlirza oğlu Əliyev 2 mart 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin olunmuşdur. Bununla Heydər Əliyev azərbaycanlıların da dövlət təhlükəsizliyi xidməti sahəsində yüksək vəzifə tutmasına yol açmışdır. O, 1964-1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışaraq, bu mühüm strukturda azərbaycanlıların şəbəkəsini genişləndirmiş və onların rolunu artırmışdır. Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsi anti-Azərbaycan qüvvələrdən təmizlənmiş və əsl peşəkar kadrlarla möhkəmləndirilmişdir. Bu mənada, göstərdiyi xüsusi xidmətlərə görə 1964-cü ildə “Nümunəvi xidmətə görə” medalı, 1965-ci ildə isə “1941-1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 20 illiyi” yubiley medalı ilə təltif olunması və polkovnik hərbi rütbəsi alması Heydər Əliyevin pillə-pillə yüksəlişində mühüm addımlara çevrilmişdir. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Moskvadakı F.Dzerjinski adına Ali Məktəbində 1966-cı ilin fevral-may aylarında rəhbər kadrların təkmilləşdirilməsi kursunda iştirak etməsi də onun daha yüksək nomenklatura üçün nəzərdə tutulduğunu büruzə verən əhəmiyyətli faktdır.

Bütün bunlardan sonra Heydər Əlirza oğlu Əliyevin 1967-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edilməsi həm Sovet İttifaqı miqyasında və həm də respublikada onun böyük nüfuza malik olduğunu aşkar şəkildə nümayiş etdirmişdir. Xüsusən, nəzərə alsaq ki, sovet hakimiyyətinin qurulduğu dövr ərzində Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində sədr vəzifəsinə təyinat alan ilk azərbaycanlı idi, onda bu təcrübəli və bacarıqlı şəxsiyyətin nəyə nail olduğunu daha aydın şəkildə təsəvvür etmək olar. Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə yüksəlməsi ilə sovet hakimiyyəti illərində xalqımıza bəslənilən ehtiyatlı münasibəti aradan qaldırmağa, təhlükəsizlik xidmətinin SSRİ ilə yanaşı, respublikamızın və xalqımızın da mənafelərinə xidmət etməsinə nail olmuşdur.

Bununla Heydər Əliyevin həyatının yeni yüksəliş dövrü başlamışdır. Heydər Əliyev 1967-ci ilin mart ayında Naxçıvan MR Culfa rayonundan VII çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, 30 oktyabrda isə ona general-mayor rütbəsi verilmişdir. Ümumiyyətlə, 1967-ci il ərzində Heydər Əliyev “Sovet milisinin 50 illiyi” yubiley medalı, “SSRİ silahlı qüvvələrinin 50 illiyi” yubiley medalı və “DTK-nın 50 illiyi” nişanı ilə təltif olunmuşdur. Artıq Heydər Əliyev Sovet İttifaqı miqyasında xüsusi bacarıqlara malik olan siyasi-ideoloji cəhətdən möhkəm əqidəli rəhbər kadr olaraq tanınmış və yüksək dairələrdə qəbul edilmişdir.

Bütün bunlara görə, Heydər Əliyevin Azərbaycan Sovet Respublikasının rəhbərliyinə gətirilməsi həm Sovet İttifaqı miqyasında, həm də respublikada təbii şəkildə qarşılanmışdır. Məlum olduğu kimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 iyun 1969-cu il tarixdə keçirilmiş plenumunda Heydər Əlirza oğlu Əliyev Mərkəzi Komitənin birinci katibi seçilmişdir. Bununla həm Azərbaycan Sovet Sosialist Respublikasının inkişafında, həm də görkəmli dövlət xadimi olaraq Heydər Əliyevin həyatı və fəaliyyətində yeni bir mərhələ başlanmışdır. Bu, həqiqətən də “Azərbaycanın tarixində möhtəşəm bir səhifənin açılışı idi”.

Azərbaycan Sovet Respublikasının rəhbəri olaraq Heydər Əliyev 5 avqust 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda respublikada yaranmış problemlərə özünün sərt münasibətini bildirmiş, aydın və konkret proqramını elan etmişdir. Bu qətiyyətli mövqe nəinki SSRİ-də, geniş mənada Sovet İttifaqından kənarlarda da əks-səda doğurmuşdur.

Sovet Azərbaycanının rəhbəri Heydər Əliyev 1969-1982-ci illər ərzində respublikada siyasi-ideoloji, iqtisadi-mədəni, elmi-ədəbi sahələrdə genişmiqyaslı islahatlar həyata keçirmişdir. Nəticədə, Azərbaycanı Sovet İttifaqındakı 15 respublika arasında tutduğu axırıncı yerlərdən ən qabaqcıl respublikalardan biri səviyyəsinə çatdırmışdır. Azərbaycan geridə qalmış respublikadan beşilliklərin yekunlarına görə bir neçə dəfə Keçici Qırımızı Bayraqla təltif edilən müttəfiq respublika səviyyəsinə yüksəlmişdir. Bundan başqa, Azərbaycanda bir sıra sahələr üzrə, xüsusən kənd təsərrüfatı və sənaye sahələri istiqamətində böyük nailiyyətlər əldə olunmuşdur. Rəsmi statistikaya əsaslanan məlumatlarda da bu dövr Azərbaycanın iqtisadi cəhətdən yüksəliş və hərtərəfli inkişaf mərhələsi kimi səciyyələndirilir.

Geridə qalmış Azərbaycan məhz Heydər Əliyevin rəhbərliyinin birinci dövründə kənd təsərrüfatı sahəsindəki geriliyin aradan qaldırılması ilə bərabər, həm də əsl sənaye ölkəsinə çevrilmişdir. Tarixçilərin məlumatlarına və təhlillərinə əsasən, Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərliyi dövründə 250-dən çox zavod, fabrik, istehsal sexləri istifadəyə verilmiş, 690 mindən çox yeni iş yerləri yaradılmışdır. Mütərəqqi texnologiyalara əsaslanan sənaye sahələri inkişaf etməyə başlamışdır. Sənayenin maşınqayırma, kimya, neft-kimya, tikinti materialları, yeyinti sənayesi və başqa sahələrinin inkişaf imkanları çox olduğundan sərmayə qoyuluşunun 45 faizindən çoxu bu sahələrin inkişafı üçün istifadə edilmişdir.

Eyni zamanda, respublikada elm, təhsil və mədəniyyət də sürətlə inkişaf etdirilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin iradəsi ilə 1978-ci ildə Azərbaycan dili Azərbaycan Sovet Respublikasının Konstitusiyasında ilk dəfə olaraq dövlət dili kimi qeyd edilmişdir. Bu, Sovet Azərbaycanının rəhbəri seçiləndən cəmi 3 ay sonra Heydər Əliyevin S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr edilmiş təntənəli yığıncaqda doğma ana dilində nitq söylənməsi ilə başlanan azərbaycançılıq prosesinin uğurlu davamı idi.

Heydər Əliyev, eyni zamanda, Kreml və onun ətrafındakı siyasi qüvvələrin təzyiqlərini dəf edərək, 1982-ci ildə Nəriman Nərimanovun yalnız böyük yazıçı kimi deyil, həm də dövlət xadimi olaraq anadan olmasının 100 illik yubileyini keçirmiş, Bakıda ona əzəmətli heykəlin ucaldılmasına nail olmuşdur. Eyni zamanda, 1973-cü ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 600 illiyinin ölkəmizdə geniş qeyd olunması və böyük sənətkarın 1980-ci ildə Bakı şəhərində heykəlinin ucaldılması ilə bu qüdrətli sənətkarın xalqımıza, xüsusən, yeni nəsillərə daha yaxından tanıdılması ilə bərabər, həm də uzaqdan-yaxından ona sahib çıxmaq istəyənlər birdəfəlik susdurulmuşdur.

Sovet Azərbaycanının rəhbəri Heydər Əliyev 1982-ci ildə sovet rejiminin çətin şəraitində Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas yaradıcılarından biri olan, görkəmli romantik şair və dramaturq, qanlı repressiya dövründə millətçi damğası ilə Sibirə sürgün edilmiş və orada vəfat etmiş Hüseyn Cavidin nəşini Vətənə gətirməyi bacarmışdır. Bu, bütün SSRİ miqyasında Sibirin siyasi sürgünlərə aid qəbiristanlıqlarından çıxarılan ilk və son cənazə idi. Heydər Əliyev Hüseyn Cavidin vaxtilə yaşadığı Bakı şəhərindəki Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun binasında görkəmli sənətkarla ölkə ictimaiyyətinin, yazıçı və şairlərin, elm adamlarının vida mərasimini keçirmiş, həmin mərasimdə özü şəxsən iştirak etmişdir.

Bundan sonra Hüseyn Cavid doğulduğu Naxçıvan şəhərində torpağa tapşırılmışdır. Bu, Sovet İttifaqında baş vermiş möcüzə kimi qarşılanan hadisə idi. Həmin möcüzəni Heydər Əliyev kimi qətiyyətli, nüfuzlu, vətənpərvər və mütəfəkkir dövlət xadimi həyata keçirə bilərdi. Azərbaycan Dövlət Akademik Dram Teatrının 100 illiyinin (1973), “Azərbaycan qadını” jurnalının 50 illiyinin (1974), dahi bəstəkar Üzeyir Hacıbəyovun 90 illik yubileylərinin (1975), böyük Azərbaycan alimi və mütəfəkkiri Nəsrəddin Tusinin 780 illiyinin (1981) təntənəli şəkildə qeyd olunmaları, həmin tədbirlərdə Heydər Əliyevin hər dəfə parlaq nitq söyləməsi, ölkəmizdə azərbaycançılıq dünyagörüşünün formalaşmasına xidmət etmişdir.

(ardı var )

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti,
akademik

Siyasət