Mayın 6-da Konstitusiya Məhkəməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “İnsan hüquq və azadlıqlarının qorunması üçün milli mexanizmlərin effektivliyi: Konstitusiya hüquq sisteminin əsası kimi” mövzusunda dəyirmi masa keçirilib. Mərasimdə insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət ulu öndər Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib. Ümummilli liderin müstəqilliyin bərpasından sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasının dövlətçiliyimizi ciddi təhlükələrdən xilas etdiyini, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını, həyata keçirdiyi strateji siyasətin bu gün də respublikamızın inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını bildirib.
Dahi şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən bəhs edən Fərhad Abdullayev qeyd edib ki, 1995-ci ildə ulu öndərin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafına, demokratik, hüquqi dövlətin, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşdırılmasına geniş imkanlar açıb.
Vurğulanıb ki, bu gün ulu öndərin xalqımızın azadlığının, müstəqilliyinin qorunmasına yönələn müqəddəs ideyaları onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir.
Sədr diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin uğurlu fəaliyyəti respublikamızı bugünkü qüdrətinə çatdırıb, Azərbaycan tarixi Zəfər nəticəsində suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, strateji və diplomatik addımları, yenilməz Azərbaycan Ordusunun gücü və xalqın birliyi sayəsində əldə olunan Qələbə regionda yeni reallıqlar yaradıb, Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa olunub, bununla da həmin ərazilərdə vətəndaşların konstitusiya hüquqlarının bərpası təmin edilib.
Mərasimdə insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin, eləcə də Hüquq və İnsan Haqları İnstitutunun nümayəndələri, Konstitusiya Məhkəməsi və Ombudsman Aparatının məsul şəxsləri müxtəlif hüquqi mövzular üzrə məruzələrlə çıxış ediblər, geniş fikir mübadiləsi aparılıb.
Dəyirmi masaya yekun vuran Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, bu gün xalqını mürəkkəb tarixi sınaqlardan uğurla çıxaran ulu öndər Heydər Əliyevin əziz xatirəsi hər birimiz tərəfindən dərin hörmət və ehtiramla anılır.
XQ

