Bakı SportAccord təntənəsinə hazırdır

post-img

Bakıda keçiriləcək SportAccord Konvensiyasının yeni tarixi açıqlanıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, tarixlərdə edilmiş dəyişikliklərə uyğun olaraq, SportAccord və Azərbaycandakı tərəfdaşlar tədbirin bütün iştirakçılar üçün ən yüksək səviyyədə təşkil olunması məqsədilə yeni tarixlərin müəyyənləşdirilməsi istiqamətində sıx əməkdaşlıq ediblər.

Beləliklə, tədbir 2027-ci il 9-13 may aralığında təşkil olunacaq.

SportAccordun prezidenti Uğur Erdener Bakının onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib: – Əminəm ki, bu şəhər konvensiyamızın növbəti tədbirini ən yüksək səviyyədə təşkil edəcək. Bu proses ərzində azərbaycanlı tərəfdaşlarımızın nümayiş etdirdiyi əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Biz konvensiyanın qlobal idman hərəkatı üçün rolunu və əhəmiyyətini daha da inkişaf etdirməyə davam edirik. Bu baxımdan tədbir SportAccord üçün də mühüm mərhələ olacaq.

Gənclər və idman naziri Fərid Qayıbov “Dünya İdman Paytaxtı” olan Bakının bu mötəbər tədbirə hazır olduğunu vurğulayıb: Azərbaycan beynəlxalq idman ictimaiyyətini qarşılamağı və SportAccord ilə davamlı tərəfdaşlığını əks etdirən bu tədbirə ev sahibliyi etməyi səbirsizliklə gözləyir. Əminik ki, 9–13 may 2027-ci il tarixləri beynəlxalq idmanın gələcəyi üçün mühüm mərhələ kimi yadda qalacaq.

Xatırladaq ki, daha əvvəl tədbirin bu il mayın 24-28-i aralığında keçiriləcəyi gözlənilirdi.

XQ

İdman