Berlin Vaşinqtonla anlaşmağa çalışır

post-img

Almaniya Kanslerinin şəraitə uyğunlaşma manevri

Ötən yazımızda Almaniya Kansleri Fridrix Merts və ABŞ lideri Donald Tramp arasında əsən soyuq küləklərdən kifayət qədər bəhs etmişdik. Merts Trampın siyasətini kəskin şəkildə tənqid edərək, Yaxın Şərqdə davam edən vəziyyət fonunda onu “uğursuz” adlandırmışdı. Amma Trampın Almaniyanın avtomobil sənayesinə yönəlmiş yeni rüsum qərarı və paralel şəkildə ABŞ qoşunlarının Avropadan çıxarıla biləcəyi ilə bağlı hədələri qlobal siyasətin köhnə, amma heç vaxt aktuallığını itirməyən həqiqətini yenidən xatırlatdı.

Söhbət təhlükəsizlik və iqtisadiyyatın bir-birini şərtləndirən iki aparıcı sütun olmasından gedir. Məhz bu səbəbdən Almaniya Kansleri siyasi ritorikasına dəyişiklik etməyə məcbur qaldı, yumşaq və hətta müəyyən mənada “Tramp haqlıdır” kimi fikirlər irəli sürdü. Amma Mertsin davranışını nə emosional impulsun nəticəsi, nə də prinsipial xəttin qəfil dəyişməsi kimi qiymətləndirmək düzgün olmaz. Proses daha çox geosiyasi reallıqların diktə etdiyi uyğunlaşma nümunəsi kimi dəyərləndirilməlidir.

Bəli, kanslerin Ağ Evin ünvanına kəskin tənqidlərindən sonra yumşaq ritorikaya keçməsi onun mövqeyinin çoxqatlı olduğunu göstərir. Siyasətdə sərt bəyanatlar bəzən strateji mövqenin təcəssümü kimi görünsə də, əslində, onlar çox zaman daxili auditoriyaya hesablanmış mesajlar olur. Mertsin Tramp administrasiyasının siyasətini tənqid etməsi də bu kontekstdə başa düşülməlidir. Çünki Almaniyanın ictimai rəyi, xüsusilə də müharibə risklərinə qarşı həssas seçici bazası belə çıxışları tələb edirdi.

Oxuculara xatırladaq ki, Almaniya iqtisadiyyatının onurğa sütunu olan avtomobil sənayesi qlobal ticarət sisteminə dərindən inteqrasiya olunub. ABŞ bazarı isə sözügedən sektorun strateji dayaq nöqtəsidir. Yəni Vaşinqtonun tətbiq etdiyi rüsumlar Almaniyanın sənaye modelinə zərbə vurmaq potensialına malikdir. Belə olan halda Mertsin qarşıdurma xəttini davam etdirməsi ağılsızlıq olardı. O, “Tramp haqlıdır” deyərkən konkret olaraq ABŞ-ın öz sənayesini qoruma instinktinə işarə edir. Bundan başqa, ABŞ qoşunlarının geri çəkilməsi ilə bağlı hədələr Almaniya üçün daha dərin təhlükəsizlik dilemması yaradır. “Soyuq müharibə”dən sonra formalaşmış təhlükəsizlik arxitekturasında ABŞ Avropanın əsas təminatçısı olaraq qalır. Almaniyanın hərbi potensialı son illərdə artırılsa da, hələ tam müstəqil müdafiə modelinə keçid edə biləcək səviyyədə deyil. Bu səbəbdən Vaşinqtonla münasibətlərin gərginləşməsi nəinki iqtisadi, həmçinin strateji risklər yarada bilər. Mertsin ehtiyatlı davranışı məhz riskin qarşısını almağa hesablanıb.

Digər mühüm məqam Almaniyanın Avropa daxilində oynadığı roldur. Berlin öz milli maraqları ilə yanaşı, Avropa İttifaqının bütövlükdə sabitliyini nəzərə almaq məcburiyyətindədir. Çünki ABŞ-la açıq qarşıdurma Aİ daxilində parçalanma riskini artıra bilər. Xüsusilə Şərqi Avropa ölkələri üçün ABŞ təhlükəsizlik çətiri hələ də həyati əhəmiyyətini saxlayır. Həmin ölkələr Vaşinqtonla münasibətlərin pisləşməsinə Şübhə ilə yanaşır və Berlinin sərt xəttini dəstəkləməyə meyilli deyillər. Merts bunu nəzərə alaraq daha balanslı ritorika seçir.

Mertsin davranışını izah edən başqa bir amil onun siyasi kimliyidir. Nəzərə alınmalıdır ki, o, iqtisadi rasionalizmə yaxın fiqur kimi tanınır və siyasi üslubu kompromis və balans üzərində qurulub. Bu baxımdan Tramp kimi tez-tez təzyiq alətlərindən istifadə edən liderlə münasibətlərdə açıq qarşıdurmadan yayınmaq Merts üçün daha məntiqli strategiyadır. O, problemin daha çox idarə olunmasını hədəfləyir. Bununla yanaşı, Mertsin açıqlamasında gizli bir mesaj da var ki, o, Trampın arqumentlərini qismən qəbul etməklə ABŞ-ın təzyiqini yumşaltmağa çalışır. Diplomatiyada tez-tez istifadə olunan gərginliyi azaltma texnikası burada işə keçir. Qarşı tərəfin mövqeyini tam rədd etmək əvəzinə, onun müəyyən elementlərini legitim saymaq dialoq üçün qapını açıq saxlayır. Eyni zamanda, bu situasiya transatlantik münasibətlərin transformasiya mərhələsində olduğunu göstərir. ABŞ artıq əvvəlki kimi qeyd-şərtsiz müttəfiq rolunda çıxış etmir, daha çox öz milli maraqlarını ön plana çəkən praqmatik güc kimi davranır. Avropa isə hələ bu yeni reallığa tam uyğunlaşa bilməyib. Mertsin ehtiyatlı mövqeyi də həmin keçid dövrünün tipik əlamətidir. Görünür, köhnə ittifaq modelindən tam imtina edilməyib, amma onun dəyişdiyi qəbullanıb.

Hadisə bir daha göstərir ki, müasir siyasətdə prinsipiallıq dəyişən şərtlər daxilində strateji elastiklik nümayiş etdirmək bacarığında üzə çıxır. Siyasətdə maraqların toqquşması ilə yanaşı, onların kəsişmə nöqtələrini tapmaq eyni dərəcədə əhəmiyyətlidir. Ən çətin qərarlar məhz bu mərhələdə verilir. Mertsin seçdiyi xətt, bu mənada, yeni dövrün siyasi davranış modelinə uyğundur. O, açıq qarşıdurmanın gətirə biləcəyi domino effektini – iqtisadi zərbələri, təhlükəsizlik boşluqlarını və siyasi parçalanmanı əvvəlcədən hesablayaraq, gərginliyi idarəolunan çərçivədə saxlamağa çalışır. Belə vəziyyətdə tərəflər bir-birinə təzyiq göstərmək imkanını saxlayır, eyni zamanda, körpüləri tam yandırmamaqla gələcək əməkdaşlıq üçün kanalları açıq qoyurlar.

Nəzrin ELDARQIZI
XQ

Siyasət