Mayın 6-da Nəsimi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsinin konseptual əsasları: ənənə ilə müasirliyin vəhdəti” mövzusunda konfrans keçirilib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir və fəaliyyəti həm SSRİ dövrünü, həm də müstəqillik illərini əhatə edib. O, bütün mərhələlərdə Azərbaycanın inkişafına, milli həmrəyliyə və dövlətçilik ənənələrinin qorunmasına töhfə verib. Müstəqillik illərində ölkədə sabitlik və inkişaf təmin edilib, müasir dövlət quruculuğuna nail olunub. Azərbaycanın beynəlxalq mövqeyi möhkəmləndirilib, strateji hədəflər gerçəkləşdirilib. O qeyd edib ki, Ulu öndər mədəni irsin qorunmasını prioritet hesab edib, incəsənət və mədəniyyətin inkişafına xüsusi önəm verib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu isə mühüm layihələrlə milli-mədəni irsin qorunmasına və tanıdılmasına töhfə verir.
Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, rektor vəzifəsini icra edən Nailə Məmməd-zadə bildirib ki, ümummilli lider Heydər Əliyev incəsənətə daim önəm verib, xoreoqrafiya isə xüsusi diqqətində olub. Akademiyanın binası da onun təşəbbüsü ilə tikilib.
Milli Məclisin deputatı Ziyad Səmədzadə, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski ulu öndərin Azərbaycanın inkişafında misilsiz rolundan danışıblar.
Məclis konsert proqramı ilə davam edib.
XQ


