Dünən Bakıda “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Asiya İnkişaf Bankının (AİB) birgə təşkilatçılığı ilə 5-ci Aqrobiznesin İnkişafı Forumu keçirilib.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təşviqi istiqamətində milli aqroərzaq sistemlərinin gücləndirilməsinə dair strateji yanaşmaların müzakirəsi məqsədilə nazirlər və yüksəksəviyyəli rəsmilər üçün mühüm platforma təqdim edən toplantı çərçivəsində rəqabətqabiliyyətliliyin artırılması, ixrac imkanlarının genişləndirilməsi, habelə iqlim dəyişiklikləri və qlobal bazarlardakı dəyişkənlik fonunda dayanıqlılığın gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Forumda Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək toplantının ilk dəfə olaraq 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, regionun ən nüfuzlu aqrar sərgilərindən biri olan “Caspian Agro Expo” kimi tanınan bu genişmiqyaslı platforma artıq təkcə texnologiyaların nümayişi deyil, həm də strateji dialoq və tərəfdaşlıq üçün mühüm beynəlxalq mərkəzə çevrilib.
M.Məmmədov bildirib ki, aqrobiznesin inkişafı ölkənin aqrar siyasətinin əsas sütunlarından biri olmaqla davamlı iqtisadi artımın və kənd yerlərinin dayanıqlı inkişafının təmin edilməsində strateji rol oynayır. “Bu istiqamətdə həyata keçirilən islahatlar və dəstək mexanizmləri artıq konkret nəticələr verməkdədir. Təkcə 2025-ci ildə fermerlərə 280 milyon manatdan çox əkin subsidiyası ödənilib, on minlərlə istehsalçı dövlət dəstəyi ilə əhatə olunub. Eyni zamanda, güzəştli kredit və lizinq mexanizmləri vasitəsilə aqrar sahəyə 100 milyon manatdan artıq maliyyə resursu yönəldilib, minlərlə fermerlərin, aqrar sahibkarların fəaliyyəti dəstəklənib”.
Ölkəmizin kənd təsərrüfatında rəqəmsallaşmanın və innovasiyaların prioritet istiqamət kimi inkişaf etdirildiyini vurğulayan nazir elektron xidmətlərin genişləndirilməsi, məlumatlara əsaslanan qərarvermə sistemlərinin tətbiqi, eləcə də süni intellekt əsaslı həllərin inkişafı istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev qeyd edib ki, hazırda kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət sahəsi deyil, ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün strateji əhəmiyyət daşıyan əsas sahələrdən biridir. Son illər dünyada iqlim və hava hadisələrinin xarakterinin dəyişdiyini diqqətə çatdıran M.Babayevin sözlərinə görə, əvvəllər bu hadisələr, əsasən, lokal və mövsümi xarakter daşıyırdısa, bu gün isə vəziyyət dəyişib və iqlim hadisələri daha tez-tez baş verir, daha güclü olur və daha geniş əraziləri əhatə edir.
Qeyd olunub ki, son 50 ildə qlobal miqyasda hava və iqlimlə bağlı fəlakətlərin sayı, təxminən, 5 dəfə artıb, sel hadisələri ən çox geniş yayılmış və ən çox təsir göstərən təbii fəlakətlərdən birinə çevrilib. Son onilliklərdə, ümumilikdə, 168 ölkədə baş vermiş 4 min 700-dən çox sel hadisəsinin 3,2 milyarddan çox insanı əhatə etdiyi, ümumi iqtisadi zərərin isə 1,3 trilyon dollara çatdığı diqqətə çatdırılıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat hazırda dünyanın rəqəmsal inqilab dövründə olduğunu, texnoloji həllərin kənd təsərrüfatının üzləşdiyi çətinliklərin həllində mühüm amilə çevrildiyini diqqətə çatdırıb. FAO rəsmisi daha az resursla daha çox məhsul istehsal etməyin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Asiya İnkişaf Bankının kənd təsərrüfatı, qida, təbiət və kənd yerlərinin inkişafı sektoru ofisinin direktoru Jiangfeng Zhang isə aqro-ərzaq sisteminin iqtisadi baxımdan şaxələndirilməsi, rəqabətə davamlı və inklüziv kənd təsərrüfatının inkişafını müasir dövrün əsas tələblərindən biri olduğunu vurğulayıb. O, aqrar sahənin müasir innovasiya yönümlü sahə və bu sektorda davamlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyinə diqqət çəkib.
Forumda Milli Məclisin deputatı və Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azər Bayramov, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Azərbaycan Respublikası Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev və başqaları çıxış ediblər.
Rəsmi çıxışlardan sonra forum öz işini panel və dəyirmi masa müzakirələri ilə davam etdirib.
Forum çərçivəsində, həmçinin aqrar sektorda ən uğurlu bank və lizinq təşkilatları mükafatlandırılıb.
Mirbağır YAQUBZADƏ
XQ

